Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2164/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 17.07.2021-ci il tarixdə X5 mesaj yazaraq söyüb təhqir etmiş, həmçinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 79 ünvanının qarşısında ictimai qaydanı pozmuşdur. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru F.M.Kazımov tərəfindən 11.08.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Günay rəfiqəsidir, İmmini Günay vasitəsi ilə tanımışdır. Bir dəfə İmmi içkili vəziyyətdə olanda onu videoya çəkmişlər. Bu barədə İmminin də xəbəri olmuşdur. Hətta həmin gün videonu “instagram” sosial şəbəkəsinə yerləşdirmişlər, İmmi özü də həmin videoya şərh yazmışdır. Videoda qeyri etik heç nə olmamış, sadəcə İmmi içkili vəziyyətdə gülməli əl-qol hərəkətləri etmişdir. İmmi bütün tanışlarının yanında onun haqqında pis sözlər danışıb, təhqiredici ifadələr işlətmişdir. İmminin sevdiyi insan onun rəfiqəsi ilə danışdığı üçün İmmi onun barəsində pis sözlər yaymışdır. O, telefon vasitəsi ilə İmmiyə zəng edib nə səbəbə onun barəsində pis sözlər yaydığını soruşduqda İmmi inkar edərək telefonda onu söymüşdür. İmmi Günayın qardaşının yanına gedib onun haqqında pis sözlər deyəcəyini bildirmişdir. Onlar da İmmiyə əgər belə edərsə onun videosunu anasına göndərəcəklərini demişlər. Onlar İmmigilin olduğu yerə çatdıqda polis əməkdaşları orada olmuşlar. Nə Günay, nə o, Günaygilin evinin yanında İmmini söyməmişlər. İmmi onlara “sizin başınıza oyun açacağam, 5 illik tutduracam” demişdir. Polis avtomobilinin içərisində İmmi onları söydüyü üçün onlar da İmmini söymüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Günayla rəfiqə olmuş, Zeynəbi Günaya görə tanımışdır. Bir dəfə içkili vəziyyətdə olanda onlar onun xəbəri olmadan videosunu çəkmişlər. Sonra həmin videonu anasına göndərmişlər və onu videonu sosial şəbəkədə yayacaqları barədə şantaj etmişlər. O, onların məhəlləsinə, Günayın onu şantaj etməsi ilə bağlı qardaşı ilə söhbət etməyə getmişdir. Günayın qardaşını çağırmış, onunla söhbət etmək istəyəndə Günayın anası onun üstünə gəlmiş, ona əl qaldırmış, təhqir etmişdir. Günayın anası Günayın da oraya gəldiyini bildirmişdir. O da DİN-nin 102 xidmətinə zəng etmiş, polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra Günayla Zeynəb də oraya gəlmişlər. Onlar ictimai yerdə ona söyüş söymüşlər, o da cavab vermişdir. X2 cərimə verilməsinə razı deyildir, daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə, yəni ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2164/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2164/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver