Məhkəmə qərarları › İş №3(007)-2168/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2168/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2168/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, 19 sentyabr 1979-cu il tarixdə Salyan rayonunun Aşağı Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Madonna” şadlıq sarayında administrator işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-dən daxil olmuş 01.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi polisi Şamil Həsənov tərəfindən tərtib edilmiş 02.08.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xüsusi karantin rejim qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Mətin Qulubəyli tərəfindən qəbul edilmiş 02.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 02.08.2021-ci il tarixdə “Madonna” şadlıq sarayında xüsusi karantin rejimi tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ tərəfindən qəbul edilmiş 02.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 02 avqust 2021-ci il tarixdə toy məclisinə hazırlıq apararkən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları zala daxil olan vətəndaşların vaksin olub-olmamalarını soruşub vətəndaşları zala buraxmışlar. Daha sonra polis əməkdaşları onu götürüb 25-ci PB-nə aparıb barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. “Madonna” şadlıq sarayında administrator işləyir, həmin şadlıq evinin icarədarı deyil, buna baxmayaraq vəzifəli şəxs olmadığı halda 4000 manat cərimə edilmişdir. Məhkəmə iclasında X3 izahat verərək göstərmişdir ki, “Madonna” şadlıq sarayında administrator işləyir. 02 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı, müğənninin kovid pasportu olmadığına görə vəzifəli şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq 4000 manat məbləğində cərimə edilmişdir. Halbu ki, şadlıq sarayına müğənni dəvət etmək onun səlahiyyətində deyil və rəhbərliyin səlahiyyətinə daxil olan məsələdir. Şadlıq sarayının icarədarı olmadığına görə vəzifəli şəxs kimi izibati məsuliyyətə cəlb olunaraq tənbeh olunması əsassız olduğu üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana bildiriş göndərilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati işə inzibati orqanın iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə daxil olmuş inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli yoxlayıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi öz hüdudları daxilində fiziki şəxslər və vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, qanunvericilikdə vəzifəli şəxs hesab edilən fiziki şəxslərin anlayışı dəqiq göstərilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə rəisi polisi Şamil Həsənov tərəfindən tərtib edilmiş 02.08.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola münasibətdə “Madonna” şadlıq sarayında administrator işləyən X2 istər fiziki şəxs, istərsə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, X2 vəzifəli şəxs olması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə qənaətə gəlmək mümkün deyil və belə olan hada törətmədiyi və subyekt olmadığı əmələ görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 təqsirliliyinin sübuta yetirilməməsi ilə barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Mətin Qulubəyli tərəfindən qəbul edilmiş 02.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 təqsirliliyinin sübuta yetirilməməsi ilə barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən Mətin Qulubəyli tərəfindən qəbul edilmiş 02.08.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar