Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2177/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27550187 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2025-ci il tarixli, EQ27550187 nömrəli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, 25 aprel 2025-ci il tarixdə saat 11 radələrində inzibati xəta ilə bağlı telefonuna “sms” gəlmiş, sistemə daxil olub bunun nə ilə bağlı olmasını öyrənərkən məlum olmuşdur ki, həmin gün saat 08 radələrində “Opel Astra” markalı, **-BM-*** d.q.n. avtomobili ilə Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü Neftçilər (“Dakar”) adlanan dairəsi istiqamətində hərəkət edib sonradan dairədən sağa Rüstəm Rüstəmov küçəsinə hərəkət etdikdə guya ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan yolda hərəkətə görə İXM-nin 327.1-1-ci maddəsi ilə “inzibati xəta” törətməyi və BDYPİ-nin 25 aprel 2025ci il tarixli, EQ 27550187 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 2 cərimə balı və 100 manat məbləğində cərimə olunması qeyd edilmişdir. Lakin, elektron qərarın çıxarılması ilə bağlı məlumatdan başqa sistemə əlavə edilmiş fotoşəkillərdən görünür ki, qarşıdakı dairədən sağa hərəkət edəcək avtomobillər üçün bütöv xəttin sol hissəsində dairəyə qədər təxminən 50 metr məsafədə ən kənar sağ zolağa daxil olmağa icazə verən qırıq xətlər çəkilmiş və avtomobili ilə həmin qırıq-xətlər üzərindən zolağı dəyişib qarşıdakı dairədən sağa Rüstəm Rüstəmov küçəsinə dönmüşdür. Lakin, bununla bağlı nədənsə yolun dairə istiqamətində ümumi görüntüsü fotosu çəkilməmişdir. Hazırkı fotoşəkillərdən isə məlum olur ki, yolun ən sağ zolağına keçmək üçün yolun həmin hissəsində qırıq xətlər vardır. Hazırkı vəziyyətdə isə avtomobili ilə qarşıdakı yol kəsişməsindən sağa dönmək üçün yolun qırıq xətt hissəsindən ən sağ kənar zolağa keçmiş və heç bir “xəta” törətməmişdir. Belə olan halda “xəta” faktiki düzgün qeydə alınmamış və İXMnin 327.1-l-ci maddəsinin tələbini pozmağı sübut edilmir. Bu səbəbdən BDYPİ-nin həmin qərarı sübutsuz, əsassız, şübhəli olduğundan, həmçinin İXM-nin tələblərinə uyğun çıxarılmadığından məhkəməyə müraciət etmək üçün elektron qərarı əldə etmişdir. Daha sonra həmin əraziyə baxış keçirdikdən sonra bir daha əmin olmuşdur ki, tərəfindən heç bir xəta törədilməmişdir. Bununla bağlı həmin yerdə tərəfindən foto-video çəkilişlər aparılmışdır. Yuxarıda qeyd etdiyi halların, yəni elektron qərarda göstərilən “xəta”nın törədilməsi ilə bağlı çatışmamazlığın, şübhələrin aradan qaldırılması və sübutun təqdim edilməsi vəzifəsi dövlət qurumunun (BDYPİ) üzərinə düşür (İXM-nin 8-ci maddəsi). Bundan başqa müəyyən olunmuşdur ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, BDYPİ tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bir sıra kobud prosessual pozuntulara da yol verilmişdir. Eyni zamanda inzibati icraat aparılıb elektron protokol və qərar çıxarılarkən BDYPİ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitənin (XTV) tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstəriməmişdir. İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (buııu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməlidir. Ona görə də, barəmdə BDYPİ tərəfindən qəbul edilmiş 25 aprel 2025-ci il tarixli, EQ 27550187 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilən İXM-nin 327.1-l-ci maddəsi ilə törədilməsi ilə bağlı “xəta” hər hansı sübuta istinad edilmədən qəbul edilmişdir. Ona görə də, çıxarılmış elektron qərarın düzgünlüyü ilə bağlı kifayət qədər şübhələr olduğundan həmin elektron qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Həmçinin məhkəmə iclasında videogörüntüyə baxış keçirildikdən sonra şikayətçi bildirdi ki, o, digər hərəkət zolağına qırıq-qırıq xətlərin başlamasına 1 metr qalmış daxil olmuş, belə ki, həmin vaxt sıxlıq olduğu üçün digər nəqliyyat vasitələrinə mane olmamaq məqsədilə, həmçinin tələsdiyi üçün digər hərəkət zolağına əvvəlcədən daxil olaraq daha sonra sağa dönmüşdür. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və müvafiq inzibati xəta üzrə işə xitam verilməsi barədə qərar verməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ27550187 nömrəli qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 07:48 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Dakar dairəsi yaxınlığı, Xalqlar dostluğu metrosu istiqamətində 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarla hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə, “Opel Astra” minik markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərar və protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş videomateriala əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş videomateriala məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta həqiqətən törədilmişdir. Belə ki, “Opel Astra” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Dakar dairəsi yaxınlığı, Xalqlar dostluğu metrosu istiqamətində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq hərəkətə davam etmiş, bununla da İXM-nin 327.1-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şikayətində və məhkəmə iclasında qərardan şikayət vermiş şəxs həmin zolağa daxil olmağa icazə verən qırıq-qırıq xətlər olan hissədən zolağa daxil olduğunu bildirsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sürücü məhz həmin xətlər olan hissədən deyil, daha öncədən, qırıq xətlər başalamadan həmin hərəkət zolağına daxil olaraq öz hərəkətini davam etdirmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ27550187 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2177/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2177/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver