Məhkəmə qərarları › İş №3(007)-2183/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2183/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2183/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 22 yanvar 2023-cü il tarixdə saat 18:00-da idarə etdiyi “Fiat Doblo minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində Ə.Vəliyev küçəsi istiqamətində hərəkət edib Ə.Vəliyev küçəsi ilə kəsişməyə çatdıqda “2.5 “Dayanmadan keçmək qadağandır”” yol nişanının tələblərinə əməl etməyib həmin küçədən, yəni sağdan gələrək M.Abbasov küçəsi istiqamətində hərəkətdə olan “Opel Astra minik” markalı **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobilin orta hissəsindən idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq toqquşmuş, nəticədə “Opel Astra minik” markalı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs (telefon əlaqəsi zamanı ziyanın ödənildiyini bildirmişdir) məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində etibarnamə ilə idarə etdiyi “Fiat Doblo” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində Ə.Vəliyev küçəsi istiqamətində hərəkətdə olmuşdur. Ə.Vəliyev küçəsi ilə kəsişməyə çatdıqda həmin küçədən, yəni sağdan gələn 2-3 avtomobili gözləyərək yol vermiş, yerindən tərpəndiyi zaman Ə.Vəliyev küçəsində M.Abbasov küçəsi istiqamətində hərəkətdə olan “Opel Astra” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili gec görmüş, bu zaman idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin orta hissəsindən toqquşmuşdur. Təcili tibbi yardım stansiyasının əməkdaşları digər avtomobildə xəsarət alan şəxsləri müayinə olunmaq üçün X2 aparmışlar. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir, hadisə ehtiyatsızlıqdan baş vermişdir. Qeyd etdiklərini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatdan görünür ki, 22 yanvar 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində nəvəsi X1 idarə etdiyi “Opel Astra” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində M.Abbasov küçəsi istiqamətində hərəkətdə olmuşlar, K.Balakişiyev küçəsi ilə kəsişməyə çatdıqda, “Fiat Doblo” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil nəvəsinin hərəkət zolağına çıxmış, bu zaman həmin avtomobil qabaq hissəsi ilə nəvəsinin idarə etdiyi avtomobilin sol tərəfindən toqquşmuşdur. Hadisə zamanı xəsarət aldıqlarından hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər, polis əməkdaşları hadisəni rəsmiləşdirmiş, təcili tibbi yardım stansiyasının əməkdaşları isə onları müalicə üçün 3 saylı X3 aparmışlar. İşdə olan canlı şəxsin ekspertizasına dair 04 fevral 2023-cü il tarixli 74 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın sol yarısının selikli qişasına uzanan əzilmiş yarası, sol baldırın ön səthinin qançır və sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 fevral 2023-cü il tarixli 8/417 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Fiat Doblo” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 14 mart 2023-cü il tarixli qərardan görünür ki, HK1-42 saylı araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİnin DPYŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə maddi köməklik göstərərək onunla razılıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar