Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2183/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X14 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1999-cu ildə Kürdəmir rayonu, Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:
1. Şəxs barəsində Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 30 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.
Protokolun əsaslandırıldığı hallar:
2. Qeyd edilən inzibati xəta haqqında protokola əsasən, Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 23:50-də Nizami rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qarşı çıxaraq onları təhqir etmiş və onlara tabesizlik göstərmişdir.
Proses iştirakçılarının çıxışları:
3. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru X7 protokolun məzmununa uyğun izahat verdi və bildirdi ki, Şəxs küçə ticarəti ilə məşğul idi və o, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə əsasən protokol tərtib etmişdir və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, keçən dəfə 25-ci Polis Şöbəsinin əməkdaşları ona cərimə yazmışdılar. Polislər ona zor tətbiq edib avtomobilə mindirdilər. şöbəyə aparıb orda da onu sinəsindən vurublar. Telefon əllərində ona yaxınlaşıb dedilər ki, sizə demişik burada satış ermək olmaz. Biri saçından, o biri qolundan tutdu maşına minmək istəmirdi zorla mindirdilər. Ətrafda müştərilər dolu idi. Onu təhqir etdilər, alçaldıcı sözlər dedilər. O, söyüş söyüb, amma avtomobildə üzr istəyib. O, normal səs tonu ilə danışırdı, lakin dedilər ki, səs-küy salmayın. xx.xx.2025-ci ildə polis məlumat vermişdi. Həmin vaxt söyüşlə yaxınlaşıb dedilər ki, burda nə işin var? Dava-dalaş olmayıb onu əl-qolundan tutub avtomobilə mindiriblər. Onu orada taksi sifariş edib gedəndə görüblər, satış edəndə yox. Onu avtomobilə atanda kameranı qoşublar. Onlara əl qaldırmayıb. Onlar 3 nəfər olub o, isə tək. Avtomobildən düşəndə saçından tutub atıblar. Qeyd etdiklərinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmamasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami RPİ-nin PPX bölüyünün polis nəfəri X12 izahatında göstərmişdir ki, xanıma dəfələrlə xəbərdarlıq ediblər, cərimə yazıblar. Söyüb, təhqir edib onları. Xanım neçə vaxtdır ki, obyektlərdə qanunsuz ticarət edir. Obyetklərə daxil olub orada dava-dalaş salır. Onları hədələyir. Bir dəfə cərimə yazblar. Dünən də gəlib səs-küy saldı, əl-qol atdı. Polisin qanuni tələbinə tabe olmadı. Xanım bildirir ki, onun saçından tutub zorla avtomobilə mindiriblər. Elə bir şey olmayıb maşına əyləşmək istəmirdi qolundan tutub oturtduq.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami RPİ-nin PPX bölüyünün polis nəfəri X9 izahatında göstərmişdir ki, xidmətdə olan zaman dəfələrlə demişlər ki, qanunsuz satış eləmək olmaz. Şöbəyə gətirib cərimə də yazıblar. Onlara qarşı söyüş söyüb, əl-qol atıb. O, yaxınlaşıb özünü təqdim etdi, bölməyə dəvət elədi. X3 nalayiq ifadələr işlədirdi. 2-3 ay olar ki, onu tanıyır. Avtomobilə oturmaqdan yayındığı üçün qolundan tutub mindiriblər.
7. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X10 bildirdi ki, hüquqlarını müdafiə elədiyi X2 tabesizliyinin nədə olduğu müəyyən olunmadı. Odur ki, işin icraatına xitam verilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, X3 həmin maddələrlə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.
10. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
11. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X2 əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində və 33.1.7-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir.
12. Məhkəmə, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən X2 şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir.
13. Belə ki, iş materiallarına əlavə olunmuş CD diskdən görünür ki, inzibati xəta törədən X1 səs-küy salır, yəni ictimai qaydanı pozur. Bundan başqa polislərin qanuni tələblərini yerinə yetirmir. Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsində saxlanılan zaman polis əməkdaşlarına qarşı nalayiq ifadələr, söyüşlər işlədir.
14. İş materialları ilə müəyyən olunur ki, X3 hazırki iş üzrə 30 aprel 2025-ci il tarixdən saat 23:50-də inzibati qaydada tutulmuşdur, məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablanmalıdır.
Nəticə:
15. Qeyd edilənlərə əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir.
16. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 66 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 30 aprel 2025-ci il tarixdə saat 23:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X8 müvafiq hesablaşma hesabı üzərindən 66 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova