Məhkəmə qərarları › İş №3(007)-2191/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2191/2021

18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2191/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs Talıbova (Tağıyeva) Sevda Xudadat qızının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1961-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Talıbova (Tağıyeva) Sevda Xudadat qızı, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami rayonu ərazisində Xalqlar Dostluğu yarmarkasının yaxınlığında yerləşən “Ayxan Bebe” adlı uşaq mağazasından 500 manat məbləğində pul vəsatinin oğurlanmasını bildirmişdir. Qeyd olunan faktla bağlı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırılma aparılmış və 17 avqust 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və hadisəni törətmiş Şəxs barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bu hərəkətinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, bildirmişdir ki, o, “Ayxan Bebe” adlı uşaq mağazasından oğurluq etməmişdir, belə ki, Talıbova (Tağıyeva) Sevda Xudadat qızı onu birbaşqa şəxslə səhf salır. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Talıbova (Tağıyeva) Sevda Xudadat qızı məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Nizami rayonu ərazisində Xalqlar Dostluğu yarmarkasının yaxınlığında yerləşən “Ayxan Bebe” adlı mağazada uşaqlar üçün arabalar və çarpayılar satmışdır. 10 avqust 2021-ci il tarixdə, saat 15 radələrində bir nəfər şəxs 60-65 yaşlarında müştəri qismində mağazaya daxil olmuş və nəvəsi üçün uşaq arabalarına baxdığını və həmin arabaların birini bəyənib ondan qablaşdırmağını istəmiş, ürəyinin sıxıldığı üçün Şəxs mağazadan çölə çıxmışdır. O isə arabanı qablaşdırdıqdan sonra çölə çıxmış və həmin şəxsin orada olmadığını görmüşdür. Daha sonra isə çarpayının içərisində özünə məxsus 500 manat pulun oğurlandığını aşkar etmiş və dərhal DİN 102 xidmətinə məlumat vermişdir.Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə inspektoru X2 məhkəmə iclasında bildirdi ki, Talıbova (Tağıyeva) Sevda Xudadat qızı, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami rayonu ərazisində Xalqlar Dostluğu yarmarkasının yaxınlığında yerləşən “Ayxan Bebe” adlı uşaq mağazasından 500 manat məbləğində pul vəsatinin oğurlanmasını bildirmişdir. Buna görə o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 16 avqust 2021-ci il, saat 17:50dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16 avqust 2021-ci il, saat 17:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar