Məhkəmə qərarları › İş №3(007)-2191/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2191/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2191/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə 29 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Təqdim olunan materialdan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının icraatında vətəndaş X1 ərizəsi əsasında toplanmış HK/1-907 sayla qeydiyyata alınmış material olmuşdur. Belə ki, 23 mart 2024-cü il tarixdə saat 00:29-da ünvan 1 ünvanında yaşayan X5 DİN-nin 102 xidmətinə və ərizə ilə Nizami RPİ-in 24-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, 22 mart 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı binanın blokunda aralarında yaranmış mübahisə zamanı keçmiş nişanlısı Şəxs onu döymüş, eyni zamanda “İphone 14” markalı mobil telefonunu sındıraraq yararsız hala salmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisəni törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir, lakin Şəxs X2 vuraraq ona fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən xəsarət almasına səbəb olduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməlidir. Bundan başqa, Şəxs tərəfindən X3 məxsus “iPhone 14” markalı mobil telefon sındırılmış və 3000 manat miqdarında maddi ziyan vurulmuşdur. Lakin qüvvədə olan Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətinin yaranması üçün 5000 manatdan yuxarı məbləğ lazım olduğundan qeyd olunan hadisə CM-nin 186-cı maddəsinin tərkib əlamətlərini yaratmır, onun əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri vardır. 13 aprel 2024-cü il tarixli qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, əməldə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, X2 vuraraq ona fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən xəsarət almasına səbəb olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi məqsədi ilə qərarın surəti PŞ-nin aidiyyəti əməkdaşına həvalə olunmuş, Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi aidiyyəti əməkdaşa həvalə edilmişdir. Zərərçəkmiş şəxs X3 məxsus “iPhone 14” markalı mobil telefonun sındırılması nəticəsində ona 3000 manat miqdarında maddi ziyan vurulması ilə bağlı 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən göstərilən qaydada nəticəyə gəlinərkən yalnız zərərçəkmiş şəxsin verdiyi şifahi məlumat əsas götürülmüş, həmin əməl nəticəsində zərərçəkmiş şəxsə həqiqətən maddi zərərin yetirildiyinə, bu zərərin məbləğinə dair ekspertiza rəyi, mütəxəssis aktı (rəyi) və ya digər mötəbər hesab olunacaq sübut əldə edilməmişdir. 24-cü polis şöbəsində 14 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlandıqdan sonra, 18 aprel 2024-cü il tarixli sorğu əsasında “İska Servis” mağazasından alınmış məlumatda (qeydiyyat tarixi və nömrəsi yoxdur) isə həmin mağazada 2022-ci il buraxılışlı “iPhone 14” markalı mobil telefonun hazırkı bazar qiymətinin 800 manat olduğu göstərilmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə dəymiş maddi zərərin məbləği 3000 manat kimi göstərilmiş, yaranmış ziddiyyətli hala aydınlıq gətirilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, təqdim edilmiş materialda X3 məxsus “iPhone 14” markalı mobil telefonun buraxılış tarixi və digər təsviredici əlamətləri barədə məlumatlar olmadığı halda, məhz 2022-ci il buraxılışlı mobil telefonun dəyəri barədə məlumatın əldə edilməsinin səbəbi məlum deyildir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, qeyd olunan əməl nəticəsində vurulmuş zərərin dəqiq məbləğinin (ziyanın mislinin) müəyyən edilməsi həm yuxarıda qeyd olunanlar baxımından zəruridir, həm də xətaya görə şəxsin təqsiri müəyyən olunaraq ona tənbeh verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda, həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən, hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş 29 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar