Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2192/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X2 inzibati xəta haqqında qərardan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 barəsində şikayət verilən Nizami rayon YPX inspektorları Cəbrayılov İlqar və X1 qarşı şikayətlə məhkəməyə müraciət edərək, İXP ******* nömrəli protokola Nizami rayon DYPŞ Yol patrul xidməti tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir, bunun üçün isə barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. X4 isə mübahisələndirdiyi qərarı təqdim etməmiş, şikayətini qərarın müvafiq hallarına uyğun əsaslandırmamışdır. Eyni zamanda o, səlahiyyətli orqanı (vəzifəli şəxsi) müəyyən edərək onların inzibati xəta haqqında iş üzrə qərarından deyil, yol-patrul xidməti inspektorlarının hərəkətləri barədə şikayət vermişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Konstitusiya və qanunlar ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin maddəni təhlil edərkən ilk növbədə, Konstitusiyanın 60-cı maddəsi, habelə cinayət-prosessual münasibətlərin xüsusiyyəti baxımından şikayət vermək hüququ olan subyektlərin dairəsini geniş şərh etmişdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin qeyd edilən maddəsində “digər şəxslər” ifadəsi şikayət vermək hüququ olan subyektlərin geniş şərh edilməsinə imkan yaratmışdır. İnzibati xətalara dair işlər üzrə icraat cinayət prosesinə nisbətən sadələşmiş və qısamüddətli olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi məhdud və konkret göstərilmişdir. Bundan başqa Cinayət- Prosessual Məcəllənin 449.2.3-cü maddəsindən fərqli olaraq, İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsində “digər şəxslər” anlayışı nəzərdə tutulmadığına görə həmin normanın geniş şərh olunması mümkünsüz olur. İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətin məzmunu ilə müəyyən olunur ki, X4 18 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli qərarın ləğv olunmasını xahiş etsə də, həmin tarix, seriya və nömrəli sənəd qərar deyil, protokoldur, hətta qərar olsa belə, X3 barəsindədir. Belə olan halda, inzibati tənbeh vermə haqqında qərardan da məhz X3 özü tərəfindən şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X2 şikayəti geri qaytarılmalı, 18 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul ediləcək inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində belə qərar qəbul olunacaq şəxsə izah olunmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 İXP ******* nömrəli protokola Nizami rayon DYPŞ Yol patrul xidməti tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti geri qaytarılsın. 18 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul ediləcək inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində belə qərar qəbul olunacaq şəxsə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2192/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2192/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver