Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2192/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X3, protokol tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 59 saylı binanın blokunda X1 sifət nahiyyəsinə sillə, ağız nahiyəsinə yumruqla xəsarət yetirərək onu döymüşdür. Bununla da o, İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Protokol tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında protokolun məzmununa uyğun ifadə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs 1 ilə yaxındır ki, tanıyır, onunla aralarında sevgi münasibətləri olmuş və evlənmək qərarına gəlmişlər. Lakin Şəxs onu nikah günü tərk edərək Türkiyə Respublikasına getmişdir. Yenə də onların əlaqəsi kəsilməmişdir. Hadisə baş verən günü Sadiq onu yaşadığı binanın qarşısında gözləmiş, o, binanın qarşısında Sadiqlə qarşılaşmış, Sadiq ondan telefonunu tələb etmiş, hədə-qorxu gəlmiş, o isə əlavə səs-küy olmasın deyə Sadiqlə binanın blokuna daxil olmuş və telefonunu ona vermişdir. Blokda Sadiq onu ona xəyanət etməkdə ittiham edərək telefonunu yerə çırparaq yararsız vəziyyətə salmış, həmçinin onun sifət nahiyəsindən sillə və yumruqla vurmuş, hətta onu boğaraq öldürəcəyi ilə hədələmişdir. Həmin günü o, baş vermiş hadisə ilə bağlı 102 xidmətinə məlumat vermiş, daha sonra polis şöbəsinə ərizə yazmış və tibbi ekspertizadan keçmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olduğunu, ona xəsarət yetirdiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, X6 xəsarət yetirməmiş, onu döyməmiş, telefonunu sındırmamışdır. Belə ki, əvvəllər Mehri ilə aralarında sevgi münasibətləri olmuş, lakin o, ayrılmaq qərarına gəlmiş, nikah günü Mehrini tərk edərək Türkiyə Respublikasına getmişdir. O, Mehridən ayrılmaq istəsə də, Mehri bununla razılaşmamış, onu daim narahat etmiş, mesajlar yazmışdır. Mehri isə ondan qisas almaq üçün belə bir əmələ əl atmışdır. O, Mehriyə xəsarət yetirməmiş, blokda aralarında normal söhbət olmuşdur. Mehrinin bədəni üzərində aşkar olunan xəsarətləri onun anası tərəfindən yetirildiyini düşünür, çünki Mehri ona mütəmadi olaraq anası tərəfindən döyüldüyünü, hətta bir dəfə anasının onun saçını kəsdiyini bildirmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin onu narahat etməsini əks etdirən mesajları və anası tərəfindən döyüldüyünü təsdiq edən şəkilləri telefonun yaddaşından silmiş, bu səbəbdən hal-hazırda məhkəməyə təqdim edilməsi qeyri- mümkündür. Həmçinin, zərərçəkmişdən ayrıldıqdan sonra yenidən onun yaşadığı binanın qarşısına gəlməsi səbəbinə dair ona ünvanlanmış suala izahat verə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil məhkəməyə verdiyi izahatında Şəxs tərəfindən hər hansı inzibati xəta hadisəsinin törədilmədiyini bildirərək onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin baş təhqiqatçısı Ramil Mehdiyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. İş materiallarında olan 247 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyində qeyd olunur ki, X3 bədən səthində aşkar olunmuş xəsarətlər – üst dodağın iç səthinin kiçik ölçülü yaraları, sağ əlin V barmağının sıyrığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları istisna olunmur, həm ayrı-ayrılıqda, həm də ki ümumilikdə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl döymə kimi qiymətləndirilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollar, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar, zərərçəkmiş şəxsin və inizabti xətanı törətmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Şəxs zərərçəkmişin öz anası tərəfindən döyülməsi, zərərçəkmiş şəxsin daim onu narahat etməsi barədə verdiyi ifadə, məhkəmə tərəfindən ona ünvanlanmış suallara yayındırıcı və aidiyyatı olmayan cavablar verməsi məhkəmə tərəfindən özünü müdafiə etmək üçün irəli sürülmüş fikir kimi qiymətləndirilir. Beləliklə, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyildir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-2192/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2192/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver