Məhkəmə qərarları › İş №3(007)-2207/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2207/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2207/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, Bakı şəhər BPİ-nin X7 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Bərdə rayonunun Qəhrəmanlı kəndində anadan olmuş, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ-nin X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 02.08.2021-ci il tarixdə saat 18:12 radələrində idarə etdiyi “Yamaha FZS Fİ150” markalı, 99-C-849 dövlət qeydiyyat nişanlı motosiklla Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində hərəkətdə olarkən X2 idarə etdiyi “Saipa Saina EX” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamış, “Saipa” markalı avtomobilin sürücüsünə maddi ziyan dəymişdir. Bu barədə Bakı şəhər DYPİ-nin polis baş leytenantı Z.B.Tağıyev tərəfindən 02.08.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X7 İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 02.08.2021-ci il tarixdə saat 18:12 radələrində idarə etdiyi “Yamaha FZS Fİ150” markalı, 99-C-849 dövlət qeydiyyat nişanlı motosiklla Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində hərəkətdə olarkən həmin küçə ilə Nəsimi küçəsinin kəsişməsində sola dönmək istəyərkən əks istiqamətdən gələn “Saipa” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun motosiklini vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Videogörüntüyə baxdıqda günahın onda olduğunu bilmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 2/10396 saylı, 02.08.2021-ci il tarixli protokoldan görünür ki, 02.08.2021-ci il tarixdə saat 21:24-də müayinə olunan zaman Şəxs ayıq olduğu müəyyən olunmuşdur. - “DİN-nin DYP-nin web portalı”ndan çıxarışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1998-ci il tarixdə Bərdə rayonunun Qəhrəmanlı kəndində anadan olmuş, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar