Məhkəmə qərarları › İş №3(007)-2208/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2208/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2208/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 07:17 radələrində idarə etdiyi “VGV U70 PRO” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 08:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektindən Koroğlu metrosuna dönən yolda “VGV U70 PRO” minik markalı, **-AJ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşı onun avtomobilini saxlamışdır. Polis əməkdaşı ona dönmə işığından istifadə etmədiyi üçün saxlandığını bildirmiş, daha sonra isə ondan içkili olub-olmamasını soruşmuş, o isə cavabında sərxoş olmadığını bildirmişdir. Polis əməkdaşı onun alkotester cihazı ilə içkili olub-olmamasını yoxlamış, yoxlama nəticəsində polis əməkdaşı ona içkili olduğunu bildirmiş, lakin alkotesterin nəticəsini göstərməmişdir. O, polis əməkdaşına içki qəbul etmədiyini, alkotester cihazında çıxan nəticənin ona aid olmadığı bildirmişdir. Polis əməkdaşı onu xidməti avtomobilə dəvət edərək sənədlərə imza çəkməli olduğunu bildirmişdir. O, işə gecikdiyi üçün polis əməkdaşının xidməti avtomobilinə əyləşmişdir. Bu zaman polis əməkdaşı onunla zarafatlar edərək, səmimi söhbət etmiş, gizli onun videosunu çəkmişdir. O, həmin videoda bildirmişdir ki, bazar günü içki içmişdir. Polis əməkdaşı isə onu ikinci gün saxlamışdır. Daha sonra polis əməkdaşının verdiyi kağıza imza çəkmiş və həmin kağızda alkotesterlə test verdiyini, heç bir narazılığının olmadığını qeyd etmişdir. Bundan sonra polis əməkdaşı ona təklif etmişdir ki, irəlidə post olduğu üçün həmin postu keçənə qədər onun avtomobilini digər polis əməkdaşı idarə etsin, onu isə xidməti avtomobildə aparsınlar.O, polis əməkdaşının təklifi ilə razılaşmış və polis əməkdaşları onu X4 Şöbəsinin avtomobili ilə onu boş əraziyə aparmışlar, onun avtomobilini isə digər polis əməkdaşı idarə etmişdir. Həmin əraziyə çatdıqda avtomobilin olmadığını görüb, avtomobilin harada olduğunu soruşmuşdur. Bu zaman polis əməkdaşı digər polis əməkdaşına zəng vuraraq avtomobilin harada olduğunu maraqlandıqda, avtomobilin cərimə meydançasında olduğu bildirilmişdir. O, polis əməkdaşından sənədlərini istədikdə, polis əməkdaşı ona avtomobilin yanına cərimə meydançasına getməyi təklif etmişdir. Onlar birlikdə cərimə meydançasına getmişlər. Orada onun ödənilməmiş cəriməsi olduğunu, talon ilə avtomobilin cərimə meydançasından çıxara biləcəyi bildirilmişdir. Bundan sonra polis əməkdaşı ona Baş X4 İdarəsinə yaxınlaşmağı bildirmişdir. O, dərhal Respublika Narkoloji Mərkəzə gedərək, həkim müayinəsindən keçmişdir. Müayinədən sonra onun sərxoş olmadığı müəyyən olunmuşdur. O, sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2024-cü il tarixdə, saat 07:32-də tərtib edilmiş protokoldan görünür ki, müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin izahatında Şəxs “Həkimə ehtiyac yoxdur xahiş edirəm məni nəzərə alın. DYP-nin alkotesterində qanuni şəkildə testdən keçdim, heç bir narazılığım yoxdur.” məzmunda izahat yazmış və imzalamışdır. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:17-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,702 %0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/20074 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə saat 09:53-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin protokoldan görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,00%0 olmuşdur. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:17-də alkotesterlə müayinə olunduqdan sonra həmin gün saat 09:53-də Narkoloji Mərkəzə müraciət etmiş və müayinə zamanı sərxoş olmaması müəyyən olunmuşdur. Müayinələr arasında olan müddət sərxoşluq vəziyyətinin aradan qalxması üçün yetərli hesab oluna bilər. Məhkəmə iclasında iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs spirtli içki qəbul etməsini etiraf edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar