Məhkəmə qərarları › İş №3(007)-2212/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2212/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2212/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X6 iclas katibliyi, X2 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/26150073 saylı qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, o, 17 fevral 2025-ci il tarixdə saat 11:36-da mobil nömrəsinə cərimə ilə bağlı “sms” gəlmiş, bununla bağlı ətraflı məlumat əldə etmək üçün “sms radar” tətbiqinə daxil olmuş, məlum olmuşdur ki, 16 fevral 2025-ci il tarixdə, saat 12:46-da ünvan 1 ilə “Hundai Accent” markalı, **-CX-*** d.q.n. avtomobil ilə nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda piyada (piyadalar) olmadığından digər avtomobillərin sırasında düzünə hərəkət etmişdir. Sistemə əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, həmin nizamlanmayan piyada keçidində bir neçə avtomobilin hərəkəti zamanı yolu keçən piyada (piyadalar) yoxdur. Hesab etmişdir ki, texniki xəta olaraq İXM-nin 330.0.1-ci maddəsi ilə barəmdə qanunsuz və əsassız elektron protokol tərtib edilmiş və onun əsasında xx.xx.2025-ci il tarixli elektron qərar çıxarılmışdır. Ona görə də elektron qərarı əldə edib Qanunsuzluğu aradan qaldırmaq üçün hazırkı şikayətlə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1007/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı ilə BDYPİ-nin EQ 26150073 saylı, 17 fevral 2025-ci il tarixli elektron qərarı ləğv edilib məhkəmə qərarında qeyd edilən göstərişlərin verinə yetirilməsi və İXM-nin tələblərinin pozulmasının aradan qaldırılması üçün iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Buna baxmayaraq BDYPİnin vəzifəli şəxsləri məhkəmə qərarında qeyd edilənlərə məhəl qoymayaraq heç bir araşdırma aparmayıb, xəta ilə bağlı sübut təqdim etmədən təkrar olaraq EQ/26150073 saylı, 29 aprel 2025-ci il tarixli elektron qərarı sistemə yerləşdirmişlər. Hesab edir ki, BDYPİ-nin vəzifəli şəxsin EQ/26150073 saylı, 29 aprel 2025-ci il tarixli qərarı əsassız və sübutsuz, həmçinin hər hansı araşdırma aparılmadan və sübut təqdim edilmədən çıxarıldığından ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. İXM-nin 330-cu maddəsinin “qeyd” hissəsində göstərilir: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və va yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Elektron qərara əlavə edilmiş fotolardan da görünür ki, həmin yerdə nizamlanmayan piyada zolağı boş olduğundan, yəni yolu keçən piyada olmadığından avtomobillər sərbəst hərəkət edirlər. Belə olan halda əsas və sübut olmadan kameranın texniki xətası səbəbindən haqqımda cərimə tətbiq edilmişdir. Bundan başqa BDYPİ tərəfindən inzibati icraatın aparılması və elektron qərarın tərtib edilməsi zamanı İXM-nin tələbləri də pozulmuşdur. Belə ki, BDYPİ tərəfindən elektron qərar qəbul edilərkən aşağıdakı maddələrin tələbləri pozulmuşdur. İXM-nin 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1,353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında iş üzrə elektron qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitəsi (XTV) barədə məlumatlar göstərilməmişdir. İXM-nin 100.1.8ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməlidir. Bundan başqa BDYPİ tərəfindən işə yenidən baxılıb qərar çıxarılarkən İXM-nin 115.1.3-cü maddəsinin tələbi də pozularaq işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiva nömrəsi qevd edilməmişdir. Məlum olur ki, xüsusi texniki vasitənin məlumatları hazırkı elektron qərarda göstərilməmiş, elektron qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib edilməmiş, informasiva sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş, xüsusi texniki vasitələrin məlumatlar elektron qərara əlavə edilməmişdir. Göründüyü kimi BDYPİ tərəfindən inzibati icraat zamanı bu kimi kobud pozuntulara yol verilmişdir. Artıq bundan öncə bu is üzrə elektron qərar ləgv edilib araşdırmaya göndərilsə də, tərəfindən xətanın törədilməsi sübut edilmədiyindən bu dəfə təkrar çıxarılmış 29 aprel 2025-ci il tarixli, EQ/26150073 saylı elektron qərar İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından ləgv edilməli, barəsində olan inzibati isin icraatına xitam verilməlidir. Odur ki, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X3 çıxış edərək bildirdi ki, o, piyada keçidinə daxil olan zaman orada piyada olmamış, sonradan fotoşəkillərə baxanda ona məlum olmuşdur ki, piyada keçidinin başlanğıcında, ağacın altında piyadalar dayanmışdır. Lakin hərəkətdə olan zaman həm ondan kənarda digər nəqliyyat vasitələri, həm də ağac olduğu üçün həmin piyadalar faktiki olaraq onun görüş məsafəsində olmamış, onları görməmişdir. Həmçinin qeyd etdi ki, piyada piyada zolağında olsa da, onların nə məqsədlə zolaqda dayandığını anlamamışdır. Belə ki, fikrini onunla əsaslandırmışdır ki, piyada zolaqda hərəkət etməyə başlayarkən nəqliyyat vasitələri dayanmalı və onlara yol verməlidirlər. Əgər piyada zolaqda dayanıbsa, nəqliyyat vasitələri hərəkətinə davam etdiməyə haqlıdırlar. Qeyd olunan səbəbdən onun əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etgmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/26150073 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 xx.xx.2025-ci il tarixdə “Hyundai Accent” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə İXM-in 330.0.1-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilən zaman sürücü tərəfindən inzibati xəta törətməsi açıq-aşkar müəyyən edilmişdir. Belə ki, sürücü tərəfindən keçid üstünlüyü hüququna malik piyadaya yol verilməməklə İXM-nin 330.0.1-ci maddənin tələbləri pozulmuşdur. Həmçinin diskə baxış keçirilən zaman məlum olur ki, piyadalar piyada keçidinə daxil olur, sağda dayanan nəqliyyat vasitəsi, həmçinin yolun kənarındakı ağaclar şikayətçinin şikayətində və məhkəmə iclasında bildirdiyi kimi piyadaları görməsinə maneçilik törətmir. Həmçinin sürücü piyada keçidinə yaxınlaşdıqda yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin sürətini lazımınca azaltmamış, hərəkətə eyni qaydada davam etmişdir. İXM-nin 330-cu maddəsinə əsasən, sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmçinin həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ/26150073 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar