Məhkəmə qərarları › İş №3(007)-2216/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2216/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2216/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli, 15 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X7 Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli, 15 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, (Etibarnamə əsasında bütün daşınar və daşınmaz əmlakları idarə etməyi və onların üzərində sərəncam vermək hüququ - 20 il) atasına məxsus evin sökülüb yenidən tikilməsini etmişdir. Bunun üçün ilk öncə 03 iyul 2024-cü il tarixində FHN TTNDA - nə ərizə ilə müraciət etmiş və nümayəndə gəlib texniki baxış keçirmişdir. Onun əsasında 12 iyul 2024-cü il tarixli, 3-18-2/2-7256/2024 qeydiyyat nömrəli məktub və rəy almışdır. Rəydə qeyd olunur: baxış zamanı fərdi yaşayış evində aşağıdakı qüsurlar müşahidə olunmuşdur; yaşayış evinin divarlarının qalınlığı 0,8 metr olan otağında müxtəlif ölçülü çatlar əmələ gəlmiş, divarın bir hissəsi isə öz şaquli vəziyyətindən əyilmişdir; ev uzun müddət təmirsiz istismar edildiyindən daxili bəzək elementləri fiziki cəhətdən köhnəlmişdir; dam örtük konstruksiyası yararsız vəziyyətdə olduğundan atmosfer suları daima evin daxilinə sızmış və rütubət izləri yaranmışdır; atmosfer sularının təsirindən torpaqla təmasda olan divarlarda rütubət izləri yaranmışdır; ağac materialından olan döşəmə konstruksiyası deformasiyaya uğramışdır; kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətə düşmüşdür. Yaşayış evinin təhlükəsiz istismarını təmin etmək məqsədilə evin 1 otağının (qalınlığı 0,8 metr olan divarların) sökülərək yenidən inşa olunması, dam örtük konstruksiyasının sökülərək yeni çardaq tipli damın quraşdırılması və ümumilikdə yaşayış evində əsaslı təmir işlərinin aparılması məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan məktub rəylə birgə 16 iyul 2024-cü ildə Nizami rayon İcra Hakimiyyətinin işçisinə (Musayev.R) təhvil verimişdir. Təhvil verildikdən bir müddət sonra evdə söküntü işləri aparılmişdır. Söküntü işləri aparılan zaman çıxarış paylı mülkiyyət olduğu üçün ətrafdakı hər üç qonşudan - "Kəndçi küçəsi, ev 12 ünvanında yerləşən torpaq sahəsində mövcud olan tikintinin sökülüb yerində yeni tikilinin tikilməsinə, aparılacaq bütün tikinti işlərinə etiraz etmirəm" məzmunda ərizə alınıb notarial qaydada təsdiq olunmuşdur. Söküntü gedən zaman polis əməkdaşları yaxınlaşmış, onlara əllərindəki sənədləri göstərdikdən sonra heç bir müdaxilə olunmadan ərazini tərk etmişlər. Söküntü bitdikdən sonra tikinti işləri aparılmışdır. Tikinti işləri aparılan zaman yenə hər hansı bir orqan tərəfindən heç bir müdaxilə olunmamışdır. Lakin dam örtüyü vurulan zaman icra nümayəndəsi dayandırılmasını tələb etmişdir. Qeyd etmişdir ki, onların heç bir məlumatları yoxdur və qanunsuz tikinti işləri aparılır. Sözü gedən ünvandakı fərdi yaşayış evinin ilk öncə çıxarışı var və torpaq sahəsinin mülkiyyət növü dövlət yox, mülkiyyət hüququ qeyd olunmuşdur. Yəni torpaq sahəsinin vergisi ödənilmiş, şəxsiləşmişdir. Onlar bunların hamısını icra nümayəndəsinə bildirmişlər. Əlavə olaraq bildirmişlər ki, layihə və rəydən kənar heç bir müdaxilə olunmamışdır (Söküntü işləri aparıldıqdan sonra yenidən layihə tərtib olunmuşdur). Sözügedən hadisə parlament seçkiləri ərəfisində olmuşdur. Yekun isə dam örtüyü tam olaraq parlament seçkiləir günü, 1 sentyabr 2024-cü il tarixdə başa çatmışdır. 12 sentyabr 2024-cü il tarixdə DİN tərəfindən MN ******* nömrəli protokol əsasında 0.0 manat məbləğində cərimə tərtib olunmasına dair sms göndərilmişdir. Hadisə sentyabr ayında olmağına baxmayaraq, Nizami rayon İcra Hakimiyyəti inzibati xətaya dair 04 noyabr 2024-cü il tarixdə 15 nömrəli qərar tərtib etmişdir. Həmin qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə uyğun olaraq 900 (doqquz yüz) manat məbləğində cərimə olunması tələb edilmişdir. Sözügedən qərar ona İcra Hakimiyyəti tərəfindən təqdim olunmamışdır. Bu barədə heç bir məlumatı olmamışdır. 13 mart 2025-ci il tarixdə ona nömrədən zəng gəlmişdir. Ona cərimə olunduğunu və ödəniş olunmasa maaşa yönəldiləcəyi deyilmişdir. O, buna inanmamış, rəsmi bir məlumat və sənəd göstərilməsini tələb etmişdir. Ondan rəsmi şəkildə 13 mart 2025-ci il tarixdə saat 15:37-də Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə gəlməsi tələb olunmuş, əks halda məcburi gətirilmə barədə qərar qəbul olunacağı qeyd olunmuşdur. O, 14 mart 2025-ci il tarixdə yaxınlaşaraq qərarla tanış olmuşdur və qərardan şikayətçi olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayətin məzmununa uyğun izahat vermiş, məhkəmədən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli, 15 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, tikinti ilə bağlı layihənin təsdiq olunmuş variantı sistemə yerləşdirilərək müvafiq İcra Hakimiyyətinə məlumat verilməli, 10 gün ərzində də müvafiq İcra Hakimiyyəti orqanı layihəyə dair rəyini bildirməli idi. X3 Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələblərini pozmuşdur. Vətəndaş qeyd edir ki, 0,00 manat məbləğində cərimə gəlmişdir. Polis əməkdaşının bu maddə üzrə cərimə etmək hüququ yoxdur. Polis əməkdaşı protokolun tərtib olunması barədə məlumat vermişdir və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə bağlı qərar qəbul edən orqan İcra Hakimiyyətidir. Cəriməni icra hakimiyyəti yazır, polis əməkdaşı isə sadəcə inzibati xəta haqqında protokolun tərtibatı ilə bağlı məlumat verir. İnzibati xəta haqqında protokol İcra Hakimiyyətinə daxil olduqdan sonra araşdırma aparılmış, inzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Əgər vətəndaş İcra Hakimiyyətinin nümayəndəsinin hərəkətsizliyindən narazı idisə bu barədə inzibati məhkəməyə şikayət verə bilərdi. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyətinin icazəsini almadan qanunsuz tikinti işləri aparmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli, 15 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 müvafiq icra hakimiyyəti orqanının razılığını almadan yaşadığı ünvanda özbaşına tikinti işləri aparmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 900 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci madəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 395.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, 04 noyabr 2024-cü il tarixli, 15 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev tərəfindən qəbul edilmiş 04 noyabr 2024-cü il tarixli, 15 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar