Məhkəmə qərarları › İş №3(007)-2225/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2225/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2225/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, X4 Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 22 avqust 1962-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu ev 24 B, mən. 29-da qeydiyyatda olan, X2 barəsində Bakı şəhəri BPİ-nin DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru polis mayoru X3 tərəfindən qəbul edilmiş İQ № ******* saylı 07 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş 07.08.2021ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X6 24 avqust 2020-ci il tarixdə idarə etdiyi “MERCEDES BENZ” minik markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu B.Çobanzadə küçəsində hərəkətdə olarkən “X7” Azərbaycan Respublikası Qanununun tələbini, üfüqi nişanlama xəttinin tələbini pozaraq hərəkətini davam etdirdiyinə görə YPX əməkdaşı tərəfindən nəqliyyat vasitəsi saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta Yol Patrul xidməti inspektoru X1 tərəfindən vizual formada aşkarlanmışdır. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. X6 barəsində Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, B.Çobanzadə küçəsində yolun 1.3 üfüqi nişanlanma xətti ilə nişanlanması düzgün deyil, qanunsuzdur. Çünki həmin küçədə yol dörd yox, iki hərəkət zolaqdan ibarətdir. Həmin küçə 1.1 nişanlanma xətti ilə nişanlanmalıdır. Ona görə də qanunsuz üfüqi nişanlanmış yolda qanunsuz nişanlanma xəttinin tələbinin yerinə yetirilməməsi zamanı onun əməlində inzibati xəta tərkibinin yaranması absurddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayətə uyğun izahat verərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edimişdir. Məhkəmə, şikayəti inzibati tənbeh vermə haqqında qərarla əlaqəli araşdırıb, X2 izahatını dinləyərək hesab edir ki, inzibati iş üzrə 07.08.2021-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və R.A.Həziyevin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.A.Həziyevin 24.08.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində hərəkətdə olarkən inzibati xəta törətməsi barədə qənaətə gəlmək mümkün qeyil. Həmin xətanın R.A.Həziyev tərəfindən törədilməsi faktının Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən viziual formada aşkar olunduğu 07.08.2021-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Lakin, 07.08.2021-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda mübahisələndirilən xətanın Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən viziual formada aşkar olunduğuna istinad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla qanunvericilik sübutetmə yükünü inzibati orqanın üzərinə qoymuş olur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə qeyd edir ki, sübutların kifayət etməməsi səbəbindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.A.Həziyevin 24.08.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” minik markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində hərəkətdə olarkən inzibati xəta törətməsi barədə yekun nəticəyə gəlmək mümkün deyil. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Qanunvericiliyin tələbinə görə Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən şikayət verdiyindən həmin qərar qanuni qüvvəyə minməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati tənbeh vermə haqqında 07.08.2021-ci il tarixli İQ № ******* saylı qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı 24 avqust 2020-ci il tarixdə törətmişdir. Göründüyü kimi, qanunvericilik habelə X2 törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini də ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar barəsində Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar barəsində Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş 07.08.2021-ci il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar