Məhkəmə qərarları › İş №3(007)-2226/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2226/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2226/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə, 12 avqust 2021-ci il tarixli, 14000-0332/21 saylı inzibati xəta haqqında protokol edilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs QSC 11 avqust 2021-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1487 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövrüyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Kanadadan ünvanına gələn 1 ədəd 2021-ci il buraxılışılı, “GMC ACADİA” markalı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 09 avqust 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postindan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vsitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati orqanın və Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu daxil olmuş materiallarla əlaqəli araşdırıb qeyd edir ki, inzibati iş üzrə təqdim olunmuş sübutlarla Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmiş və törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 12 avqust 2021-ci il tarixli izahatdan görünür ki, Şəxs QSC-nin nümayəndəsi X1 verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs QSC-nin ünvanına 09.08.2021-ci tarixdə “GMC ACADİA” markalı nəqliyyat vasitəsi gətirilmişdir. Həmin nəqliyyat vasitəsi ilə bağlı QİB-nin verilməməsinə səbəb sürücünün sərhədi keçərkən şirkətə məlumat verməməsi olmuşdur. Həmin nəqliyyat vasitəsi ilə bağlı QİB tərtib edilən zaman arxivləşməmiş və məlum olmuşdur ki, nəqliyyat vasitəsi səhər tezdən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və bu səbəbdən qısa idxal bəyannaməsini vermək mümkün olmamışdır. İşə əlavə olunmuş 11.08.2021-ci il tarixli raportdan görünür ki, Şəxs QSC-nin ünvanına gələn 1 (bir) ədəd buraxılış ili 2021-ci il, “1GKKNUL48MZ161704” şassi nömrəli “GMC ACADİA” markalı nəqliyyat vasitəsi üçün qısa idxal bəyannaməsinin təqdim edilməməsi və bununla Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələblərinin pozulması barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs QSC-nin ünvanına gətirilmiş “GMC ACADİA” markalı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Məhkəmə Şəxs QSC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs QSC-nin barəsində törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs QSC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar