Məhkəmə qərarları › İş №3(007)-2226/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2226/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2226/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1, Şəxs MMC-nin vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Daxil olmuş sənədlərdən və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 bildirdi ki, hüquqi şəxs Şəxs MMC İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal edilmiş vafli məhsuluna qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Nizami rayonu, Keşlə İİ ünvanda xx.xx.2022-ci il tarixində satmışdır. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili Nümayəndə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi və izahatında bildirdi ki, müvafiq inzibati protokolun tərtib edilməsinə səbəb qismində yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi ilə bağlı olan xx.xx.2021-ci il tarixli, İD********** nömrəli müraciətə uyğun olaraq idxal edilən məhsulların qida təhlükəsizliyi haqqında sertifikatın alınmaması bildirilmişdir. Belə ki, AQTA Bakı regional bölməsi tərəfindən Cəmiyyətə xx.xx.2022-ci il tarixli məktubda müraciətin icraya götürülməsinə baxmayaraq idxal olunan mallara dair məlumatların sistemə daxil edilmədiyi bildirilmişdir. Müvafiq halla əlaqədar malların idxal edildiyi ölkə olan İran İslam Respublikasında yerləşən istehsalçının **********004 saylı mənşə sertifikatı AQTA-ya təqdim edilmişdir. Müvafiq sertifikat əsasında AQTA tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli ********** nömrəli məktuba əsasən inzibati xətaya səbəb olmasına ehtimal edilən malların ölkəyə idxalına razılıq bildirilmişdir. Bu məktubda müvafiq sertifikatlara da istinad verilmişdir. Göründüyü kimi sertifikatlar həmin vaxt da mövcud olmuş və aidiyyati müraciətlər zamanı sənədləşmələrdə istifadə edilmişdir. Qarışıqlığın yaranmasına səbəb sənədlərin baxış prosesində həddindən artıq uzun müddət aparılmışdır ki, bu da prosedurların pozulmasına səbəb olmuşdur. Belə ki, Cəmiyyət tərəfindən edilmiş ilkin müraciətdən və malların idxalından sonra 1 ildən çox müddət keçdikdən sonra AQTA cəmiyyətə məktub ünvanlayaraq pozuntu halına istinad etmişdir. Halbuki malların idxalı ilə əlaqədar işçi qaydada məlumatlar qarşı tərəfə təqdim edilmişdir. Yəni tərəflərindən müvafiq sənədləşmələrlə əlaqədar müraciət xx.xx.2021-ci il tarixində edilmiş idxal xx.xx.2021-ci il tarixində həyata keçirilmiş və idxalın üzərindən 1 ildən çox müddət keçmişdir. xx.xx.2021ci il tarixli **********0072 nömrəli gömrük bəyannaməsinə əsasən malların bəyannaməçisi qismində 0072 nömrəli xx.xx.2019-cu il tarixli attestata malik olan, xx.xx.2021-ci il tarixli təmsilçilik müqaviləsinə əsasən X3 çıxış etmişdir. İdxal olunan mallar barədə gömrüklə əlaqədar rəsmiləşdirmə prosedurunu həyata keçirmək o cümlədən AQTA sisteminə gömrük məlumatlarını daxil etmək müvafiq şəxsin vəzifə öhdəliklərinə daxildir. Cəmiyyətin burada hər hansı inzibati xəta tərkibi yaradan hərəkəti yoxdur. Belə ki, müvafiq işlərin icrası müqavilə əsasında səlahiyyətli şəxsə həvalə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, daxil olmuş inzibati xəta haqqında sənədləri araşdıraraq qeyd edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında” protokoldan görünür ki, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal edilmiş vafli məhsuluna qida təhlükəsizliyi sertifikatı olmadan Bakı şəhəri, Nizami rayonu, Keşlə İİ ünvanda xx.xx.2022-ci il tarixində satmışdır. İş materiallarına əlavə edilmiş Xudafərin-1 MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, müraciətin izləniməsi məqsədi ilə qeyd olunan müraciət üzrə məhsul partiyasının ölkəyə idxal olunub-olunmaması ilə bağlı gömrük orqanlarına sorğu göndərildiyi və nəticədə məhsul partiyasının ölkəyə idxal olunması müəyyən olunmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin vəsatətində idxalın üzərindən 1 ildən çox müddət keçməsinə dair göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, inzibati xəta Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar edilmiş və həmin tarixədək mallar üzərində sertifikatlaşdırma həyata keçirilməklə satışa buraxılmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs MMC-nin bаrəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən halların müəyyən olunmadığını nəzərə alır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar