Məhkəmə qərarları › İş №3(007)-2226/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2226/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2226/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri X8, X1, X6 və X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 23 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci Eninə, ev 2 olan Şəxs MMC tərəfindən X3 və digər 81 nəfər işçinin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X10 Xidmətinin 10 fevral 2025-ci il tarixli, 3-17-S/2-11736/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X12 protokolun məzmununa uyğun izahat vermiş, onlarda olan müvafiq sənədləri təqdim etdiklərini göstərmiş və protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndələri X2, X11 və X9 digər nümayəndənin dəlillərini müdafiə etmiş və hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs MMC-də 2025-ci ilin fevral ayında 9685 nəfər, 2025-ci ilin may ayında 9959 nəfər əməkdaş fəaliyyət göstərmişdir. Həmin əməkdaşların hamısı isə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icbari sığorta ilə təmin edilmişdir. X10 Xidməti tərəfindən hazırda baxılan işlə bağlı cari ilin fevral və may aylarında göndərilmiş sorğulara ətraflı rəsmi cavablar verilmişdir. Belə ki, 11 fevral 2025-ci il tarixli məktubda qeyd olunan siyahı əsasında tərəflərindən araşdırma aparılmış və həmin siyahı üzrə 82 nəfər işçinin “İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması” üzrə sığorta müqaviləsinin mövcudluğu təsdiq edilmişdir. Bu məsələnlə bağlı X10 Xidməti tərəfindən ayrı-ayrı vaxtlarda, üç dəfə "xxxx" platforması üzərindən MMC-nin İnsan resursları üzrə məsul əməkdaşları ilə görüşlər keçirilmiş, bu görüşlərin hər birində də sığortasız olduqları iddia edilən əməkdaşların İcbari Sığorta Bürosu sistemindən vaxtında sığorta olunduğu əyani göstərilərək sübuta yetirilmişdir. 10 fevral 2025-ci il tarixli, 3-17-5/2-11735/2025 nömrəli icrası məcburi göstərişə əməl edilməməsinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin sorğuya 20 fevral 2025-ci il tarixli, İR1309 nömrəli cavab məktubu göndərilmiş, həmin məktubda MMC-də icbari sığortasız işçilərin mövcud olmadığı barədə məlumat verilmişdir. Belə olan halda, icrası məcburi olan hər hansı göstərişə əməl edilməməsi ilə bağlı hərəkətə yol verilməmişdir. Məktubunuzda qeyd edilən adlı siyahı üzrə işçilərin sığorta müqavilələrinə dair sənədlərin surətləri və digər müvafiq sənədlər əlavə olunaraq aidiyyəti üzrə Müfəttişliyə göndərilmişdir. Sığortalar "xxxx" Şirkəti tərəfindən həyata keçirilmişdir. Buna baxmayaraq, protokolda göstərilən 82 nəfər tam sığortalı olsa da, barələrində qanunsuz və əsassız olaraq protokol yazılmışdır. Həmçinin, Şəxsin vəzifəli şəxsi barəsində bu xətaya görə başlanmış icraata Müfəttişliyin özü tərəfindən xitam verilsə də, hüquqi şəxsin barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Bundan da əlavə, qeyd olunanlar pozuntu hesab edilsə belə, idarəçilik qaydaları əleyhinə olan xəta hesab edildiyindən İXM-nin 38-ci maddəsində nəzərdə tutulan, inzibati tənbeh verilməsinə əsas verəcək müddət bitmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin (həmin dövrdə qüvvədə olan) 539.1-1-ci maddəsinə görə, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsipləri aşağıdakılardır: İcbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi; sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı; sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması; sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı; çoxqat maliyyə təminatı mexanizmi vasitəsilə sığorta əməliyyatlarında maliyyə sabitliyinin təmin edilməsi; bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə əməliyyatların aparılmasına dair vahid metodoloji yanaşmanın təmin edilməsi. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Qanunun 8.1-1, 8.1-2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, “ Şəxs MMC tərəfindən X3 və digər 81 nəfər işçinin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X10 Xidmətinin 10 fevral 2025-ci il tarixli, 3-17-S/2-11736/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməməsi” əsas olmuşdur. Belə ki, həmin göstərişdə qeyd olunmuşdur ki, “Əmək və məşğulluq” altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması halları aşkar edilmişdir. Bununla bağlı 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının təmin edilməsinə dair göstəriş verilmişdir. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, Şəxs MMC tərəfindən X3 və digər 81 nəfər işçinin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməməsi ilə bağlı hüquqi nəticəyə gəlinməsini əsaslı edəcək hər hansı sübut əldə edilməmiş, məhkəmə iclasında təqdim olunmamış və ya məhkəmə tədqiqi ilə də müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, Şəxs MMC tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, X10 Xidmətinin 10 fevral 2025ci il tarixli, 3-17-S/2-11736/2025 nömrəli icrası məcburi göstərişi verilərkən, həmin göstərişdə əksini tapmış 82 nəfər işçinin hər birinə münasibətdə “İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması” üzrə sığorta müqaviləsi mövcud olmuşdur. Həmin müqavilələr "xxxx" ASC ilə bağlanılmaqla sistemin informasiya ehtiyatına daxil edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Eyni Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Halbuki, məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın 10 fevral 2025-ci il tarixli göstərişi verilərkən, göstərişdə əksini tapmış 82 nəfər işçinin hər birinə münasibətdə “İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması” üzrə sığorta müqaviləsi mövcud olmuşdur. Həmin müqavilələr "xxxx" ASC ilə bağlanılmaqla sistemin informasiya ehtiyatına daxil edilmiş, müqavilənin təminat dövrü kimi 17 oktyabr 2024 – 15 may 2025-ci il tarixləri müəyyən edilmişdir. Belə olan halda isə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının təmin edilməməsindən ibarət xətaya yol verilmədiyinə görə Şəxs MMC-nin barəsində hazırkı inzibati xətanın törədilməsi ilə bağlı inzibati icraatın başlanılması, inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Yuxarıda qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlar baxımından hesab edir ki, baxılan işə münasibətdə əlavə araşdırma aparılması üçün əsaslar qalmamışdır, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, Azərbaycan Respublikası İXMnin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin icraatına xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar