Məhkəmə qərarları › İş №3(007)-2228/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2228/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2228/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Saral kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 17 aprel 2023-cü il tarixdə sahə inspektoru barəsində axtarış elan olunduğunu bildirdikdən sonra icra sənədindən məlumatı olmuşdur. Qohumu Bakı şəhərində qeydiyyatı olmadığından avtomobili girov qoyaraq "xxxx" ASC-dən onun adına kredit götürmüşdür. Kredit borcunu qohumu ödəməli idi. Ödənişlər olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borcun tutulması, tutmanın “BMW X5” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması barədə qətnamə çıxarılmış və icraya yönəldilmişdir. İcra vaxtı avtomobil onun vasitəsilə tapılaraq təhvil verilmiş və hərracda satılmışdır. Avtomobil hərracda satıldıqdan sonra onun adından çıxarılmış və İcra Şöbəsində onluq bir məsələ qalmadığını bildirmişlər. İndi məlum olur ki, icra vərəqəsi 5 ildən sonra yenidən icraya göndərilmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdeh Şəxs 37020 (otuz yeddi min iyirmi) ABŞ dolları əsas borcun, 4977 (dörd min doqquz yüz yetmiş yeddi) ABŞ dolları faiz borcunun, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 41997 (qırx bir min doqquz yüz doxsan yeddi) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun tutulması, tutmanın cavabdeh Şəxs mülkiyyətində olan “BMW X5” markalı, ** LE *** i/o dövlət qeydiyyat nişanlı, universal tipli, 2008-ci il buraxılışlı, 52584263 mühərrik, WBAFE81049L095115 ban nömrəli, qara rəngli minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitdən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 41997 (qırx bir min doqquz yüz doxsan yeddi) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh Şəxs verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin ümumi qaydada icra olunması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - “X3 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru S.Bəkirov tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 1134 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı ilə "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Hazırda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrasını səmərəli təşkil etmək məqsədi ilə "xxxx" QSC ilə “X3 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 Edilməsi Agentliyi” MMC həyata keçirir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, 03 mart 2015-ci il tarixli qətnaməsi ilə borclu Şəxs cəmi 41.997 (qırx bir min doqquz yüz doxsan yeddi) ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutularaq “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan kredit borcunun təminatı kimi Şəxs məxsus “BMW X5” markalı, **-LE-*** dövlət qeydiyyat nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. Qeyd olunanları nəzərə alaraq ipoteka predmeti olan “BMW X5” markalı, **-LE- *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərindən məhdudiyyətin götürülməsinə dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilməsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci yarımbəndinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, 03 mart 2015-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. - icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)- 649/2015 saylı icra vərəqəsi geri qaytarılmışdır. - “X3 Edilməsi Agentliyi” MMC-nin icraçı direktoru S.Bəkirov tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 594 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar görülmüş icra tədbirləri nəticəsində Şəxs məxsus ipoteka predmeti olan “BMW X5” markalı, ** LE *** dövlət nömrə nişanlı avtomobil 04 aprel 2017-ci il tarixdə açıq hərracda satılmış və satışdan əldə olunmuş vəsait qətnamə üzrə borcdan silinmişdir. Hal-hazırda borclu Şəxs qətnamə üzrə icra olunmamış qalıq borcu 29497,74 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)-649/2015 saylı qətnaməsi üzrə borclu Şəxs 29497,74 ABŞ dolları məbləğində qalıq borcun ödətdirilməsinə dair icra tədbirlərinin davam etdirilməsi xahiş edilmişdir. - tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Şəxs məxsus ipoteka predmeti olan “BMW X5” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil 04 aprel 2017-ci il tarixdə açıq hərracda satılmış və satışdan əldə olunmuş vəsait qətnamə üzrə borcdan silinmişdir. İcra sənədi tələbkarın ərizəsi əsasında xx.xx.2017-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Tələbkar xx.xx.2023-cü il tarixdə Nizami rayon İcra şöbəsinə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 29497.74 ABŞ dolları məbləğində qalıq borcun ödətdirilməsinə dair icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. İcra vərəqəsi yenidən icraya göndərilmiş və icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Şəxs icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildirişin göndərilməsini təsdiq edən sənəd (poçt qəbzi, reyestr) və həmin sənədləri alıbalmaması barədə sübut iş materiallarına əlavə edilməmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-649/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar