Məhkəmə qərarları › İş №3(007)-2229/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2229/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2229/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxxxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon Polis İdarəsindən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 sentyabr 2022-ci il tarixdə, idarə etdiyi “Hyundai Sonata minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, yolda müəyyən edilmiş hərəkət sürətini 10- 20 km/saat həddində aşdığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsilə məsuliyyət nəzərdə tutulan 19 sentyabr 2022-ci il tarixli, EQ seriyalı, 11430277 saylı protokol qəbul edilərək, 10 manat cərimə olunmuşdur. Lakin Şəxs cəriməni 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Bu hərəkətinə görə 22 dekabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Azərbaycan Respublikası İXM-nin 125.2-ci maddəsinə əsasən İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. İnzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Habelə, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. İşdə olan sübutlardan isə görünür ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materiallarına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsilə məsuliyyət nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyinə dair bildirişin Şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərilməklə, sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə lazımi qaydada məlumatlandırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, həmin xəbərnamədə bildirişi “Hüseynov Q” adlı şəxs qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinin dispozisiyasından da göründüyü kimi qanunvericilik səlahiyyətli şəxsə, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan, onun barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərmək səlahiyyətini, yalnız inzibati xətanı törətmiş şəxsin lazımi qaydada məlumatlandırıldığı halda vermişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmədən, ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinin tələbləri izah olunmadan, habelə ödəməli olduğu inzibati cərimənin və dəbbə pulunun miqdarı bildirilmədən barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığını göstərir və Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərinə və inzibati tənbehin məqsədlərinə uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs tərəfindən inzibati xəta törədilməsi haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar