Məhkəmə qərarları › İş №3(007)-2231/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2231/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2231/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, inzibati xəta haqqında protokolu tərtib və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 19 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 19 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2022-ci il tarixdə Bakı Quba yolunun 23-cü kilometrliyində idarə etdiyi **-BG-*** dövlət nömrə nişanlı “Mercedes Benz 1846 Yük” markalı avtomobillə hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunmuş və inzibati xəta haqqında qərar qəbul edilərək 150 manat məbləğində cərimə edilmişdir. Tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında icraat başlanıla bilməz və inzibati xəta haqqında tənbeh tədbiri tətbiq edilə bilməzdi. İnzibati məsuliyyətə cəlb edilməyinin əsası kimi guya onun tərəfindən İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozması, yəni normativ tələblər pozulmaqla nəqliyyat vasitəsinin, yəni kuzovun (banın) üzərində yolun işıqlandırılması üçün avadanlığın, yəni projektor faranın quraşdırılması göstərilmişdir. İnzibati orqanın mövqeyinin əsassız olması ilə bağlı aşağıdakı dəlilləri nəzərə çatdırır. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 73-cü maddəsinin Vİİİ bəndinə əsasən projektor faradan və axtarıcı faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Normanın məzmunundan göründüyü kimi ümumilikdə projektor faradan istifadə etməyə qanunvericilik icazə verir. Qeyd edilməlidir ki, həmin vaxt ümumiyyətlə projektor faradan istifadə etməmişdir. Qanunun 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı əks olunmuşdur. Həmin Əlavənin İİİ bəndində xarici işıq cihazları ilə bağlı nasazlıqlar sadalanmışdır. Siyahıya görə, 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir); 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə; 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda; 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Göstərilən tələblərin heç biri tərəfindən pozulmamış, ən əsası isə həmin avadanlıq avtomobilin istehsal olunduğu vaxtdan etibarən onun üzərində olmuşdur, yəni sonradan quraşdırılmamışdır, 10 ilə yaxındır ki, avtomobil ölkədə həmin projektor faralarla birlikdə istismar olunmaqdadır. Əlavə olaraq qeyd edir ki, həmin avadanlıq uzun illərdir həmin nəqliyyat vasitəsinin üzərindədir, yəni avtomobilin istehsalçısı tərəfindən həmin işıqların olması nəzərdə tutulub, avtomobil mütəmadi olaraq respublikanın magistral yollarında hərəkətdədir, dəfələrlə stasionar yol patrul postlarından, eyni zamanda nəqliyyatın texniki baxışından keçmiş, həmin vaxtda da avadanlıq avtomobilin üzərində olmuşdur, indiyədək bununla bağlı heç bir irad bildirilməmişdir. Bu xüsusatın da məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi və İXP4903848 saylı protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol- Patrul Xidməti Alayının yol-patrul xidməti baş inspektoru X4 göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə saat 10:40 radələrində Bakı-Quba yolunda xidmətdə olarkən, yolun 23-cü km-də hərəkətdə olan “Mercedes Benz 1846 yük” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kuzovunun (banının) üzərində normativ tələblərdə nəzərdə tutulmayan avadanlıq, yəni projektor quraşdırdığını müəyyən edərək sürücü X1 barəsində 19 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat inzibati cərimə olunması barədə qərar qəbul etmişdir. X1 avtomobilinə quraşdırdığı həmin avadanlıq zavod istehsalı olmamış, avtomobilin konstruksiyasında nəzərdə tutulmamışdır. Məhkəməyə təqdim etdiyi videogörüntü və fotoşəkillərlə də inzibati xəta öz təsdiqini tapmışdır, X1 şikayətində göstərilənlərin əsası yoxdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 19 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 19 sentyabr 2022-ci il tarixdə saat 10:46-da “Mercedes Benz 1846 yük” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 23-cü km-də hərəkətdə olarkən barəsində tərtib olunmuş 19 sentyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə (nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına görə) 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, X3 istər şikayətində, istərsə də məhkəmədə verdiyi eyni məzmunlu izahatında idarə etdiyi “Mercedes Benz 1846 yük” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kuzovunun (banının) üzərində avadanlıq, yəni projektor quraşdırdığını, 19 sentyabr 2022-ci il tarixdə saat 10:40 radələrində Bakı-Quba yolunda hərəkətdə olarkən bununla əlaqədar saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu etiraf etmişdir, yəni bu, işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi həmin maddədə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə səbəb olur və yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır; 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarının, tipinin, rənginin, yerləşməsinin və iş rejiminin nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitəsinin nasazlığı kimi müəyyən edilmişdir. Hansı ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 idarə etdiyi “Mercedes Benz 1846 yük” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin avadanlıqlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmasını təmin etməmiş, normativ tələbləri pozmaqla avtomobilin kuzovunun (banının) üzərində projektor, yəni nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan avadanlıq quraşdırmışdır. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X1 hazırda irəli sürdüyü dəlillər onun şəxsi mülahizələri olmaqla inzibati qaydada tənbeh olunması ilə bağlı mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz, eyni zamanda nəzərə alınmalıdır ki, o, şikayətini əsaslandırarkən, projektor faradan və axtarıcı faradan müvafiq hallarda istifadə etməyə icazə verilməsi ilə bağlı “Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin Vİİİ hissəsinə istinad etsə də, diqqətdən qaçırmışdır ki, həmin hal “Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndi ilə tənzimlənir və Qanunun 73-cü maddəsinin Vİİİ hissəsində göstərilən projektor fara və axtarıcı fara yalnız istinad olunan Əlavədə qadağan olunmayan, nəqliyyat vasitəsinin konstruksiyasında quraşdırılmasına imkan verən bu kimi avadanlıqları özündə ehtiva edir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 19 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 19 sentyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar