Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2231/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 30 aprel 2025-ci il tarixdə saat 06:00 radələrində Bakı şəhəri Xətai rayonu Abbasabad küçəsində hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydiyyata alınmış Şəxs MMC-yə məxsus “Daewoo BS090 avtobus” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı və “Daewoo BS090 avtobus” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin reysqabağı texniki müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru telefon vasitəsi ilə əlaqə saxlanılan zaman məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, əməli etiraf etdiklərini qeyd etmiş, minimum məbləğdə cərmə olunmalarını xahiş etrmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntülərin tədqiqi zamanı inzibati xətanın törədildiyi öz təsdiqini tapmışdır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi” Qaydasının 3.1., 3.2., 3.3., 3.4.-cü bəndlərinə əsasən reysqabağı tibbi müayinənin əsas məqsədi reysə çıxmazdan əvvəl sürücülərin sağlamlıq vəziyyətinin tibbi norma və tələblərə müvafiq olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir; Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların sərəncamında olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər; Sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir; Müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə törədilməsi ehtimal olunan inzibati xətalara münasibətdə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Bu, eyni zamanda hüquqi şəxsin rəhbərinin etirafı ilə də öz təsdiqini tapmışdır. Bununla da, məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və törədilən xəta düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2300 (iki min üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2231/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2231/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver