Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2234/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində fərdi yaşayış evində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2036/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmiş, nəticədə 6274 manat aliment borcu yaranmışdır. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay 510 manat aliment ödəməlidir. 2021-ci ilin sentyabr ayına qədər alimenti ödəmişdir. Həmin vaxtdan Türkiyə Respublikasında olduğundan anası müəyyən məbləgdə ödənişlər etmişdir. Rəsmi iş yeri yoxdur, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Qazancı olmadığından hər ay 510 manat deyil, 200 manat aliment ödəmişdir. Bu gün borcundan 500 manat ödəyir. Maddi imkanı olan kimi aliment borcunu tam ödəyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında bildirmişdir ki, kirayədə qalır, uşaqlara baxmaqda çətinlik çəkir. Borclunun aliment borcunu tam ödəməyə maddi imkanı var, evini, avtomobilini satıb borcunu ödəyə bilər. Borcludan aliment borcunu tam ödəməsini tələb edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2036/2020 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2036/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2036/2020 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2036/2020 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2036/2020 saylı icra sənədinin qalan hissədə icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2234/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2234/2023
19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver