Məhkəmə qərarları › İş №3(007)-2237/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2237/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2237/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X9 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş materiala əsasən xx.xx.2025-ci il tarixli, 235CDG02417041 nömrəli aviaqaimə əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X9 tərəfindən gömrük ərazisinə gətirilən mallara həmin malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunma tarixinə uyğun olaraq aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli **********00708 nömrəli qeydiyyat kodu verilmişdir. Lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 3.6-cı bəndinə istinadən “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X9” tərəfindən həmin mallara dair xx.xx.2025-ci il tarixli **********5343 sorğu nömrəli gömrük bəyannaməsi bu malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edildiyi tarixdən 43 (qırx üç) gün keçdikdən sonra rəsmiləşdirmək üçün təqdim olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, 00800-00540/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, protokoldan da görünür ki, bəyannamə 43 gün gecikmə ilə təqdim olunmuşdur. İstinad edilən Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan əldə edilmiş çıxarışdan görünür ki, idxalatçı "xxxx" MMC qeyd edilmişdir. Əlavə olunan sənədlərin isə nədən ibarət olduğunu bilmir, bu sənədlərin onlara aidiyyəti yoxdur. Məlumatlar "xxxx" MMC-nin barəsindədir. Burada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X8 dair sənəd yoxdur. Sistemə əlavə olunan sənədlərdə uyğunsuzluq vardır. Əgər onları cərimələmək istəyirlərsə sənədlər onlara aid olmalı, idxalatçı kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 adı yazılmalı idi. xx.xx.2025-ci il tarixində onlara mal daxil olmuş, lakin göndərən şirkət vaxtında məlumat vermədiyi üçün xəbərləri olmamışdır. Bəyannamə xx.xx.2025-ci il tarixində verilmişdir. Orada yer sayı 0,192 qeyd olunmuşdur. Protokol ilə razı deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, İsveçrədə fəaliyyət göstərən “Methorm AG" şirkəti tərəfindən hüquqi şəxs Heydər Əliyev adına X7 ünvanına göndərilən "mikrotomların hissələri” adlı mallar xx.xx.2025-ci il tarixdə saat 13:39-da "Logistika Mərkəzi" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Şirkət tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********5343 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və sözügedən mallar rəsmiləşdirilmişdir. Bununla da, hüquqi şəxs tərəfindən qeyd olunan bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 №-li qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X9 tərəfindən gömrük bəyannaməsi müvafiq qanunla nəzərdə tutulmuş müddət pozulmaqla təqdim olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X7 Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar