Məhkəmə qərarları › İş №3(007)-2239/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2239/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2239/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:46 radələrində idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ-nin yol patrul xidməti inspektoru X2 izahat verərək bildirmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:46 radələrində idarə etdiyi “HYUNDAİ SONATA” minik markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış, sürücüyə qayda pozuntusu izah olunan zaman, onun spirtli içki qəbul etməsində şübhə yarandığı üçün müayinə olunması təklif olunmuşdur. Sürücü Şəxs buna etiraz etməyərək alkotester müayinəsindən keçmiş, nəticədə onun içkili olduğu aşkar olunmuşdur. Sürücü Şəxs sərxoş olduğunu səmimi etiraf edərək, izahatında spirtli içki içdiyini, həkimə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə razı olduğunu qeyd etmişdir. O, sürücüyə həkim müayinəsindən keçərək alkotesterin nəticəsini dəqiqləşdirməyi təklif etsə də, sürücü buna razılıq verməmiş, sonradan özü tək müayinəyə getmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 09:50 radələrində ona məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı "HYUNDAİ SONATA" markalı minik avtomobilini idarə edərkən Bakı şəhəri, Mikayıl Əliyev küçəsində DYPŞ-nin yol patrul xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə saxlanılmışdır. Həmin vaxt onun avtomobilində yaxın dostu X3 olmuşdur. Həmin vaxt özünü (adını, rütbəsini və vəzifəsini) təqdim etməyən yol polis əməkdaşı ona yaxınlaşaraq xidməti istifadəsində olan 278 YPX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yaxınlaşmalı olduğunu bildirmişdir. O, yol polisinin xidməti avtomobilinə yaxınlaşdığı zaman onun mənşəyi bəlli olmayan, hər hansı bir sertifikata malik olmasına şübhə etdiyi kiçik alkotesterə üfürməyi tələb olunmuşdur. İçkili olmadığına və bunun profilaktik bir yoxlama olduğunu düşünərək polis əməkdaşının dediklərinə əməl etmişdir. Həmin şəxs mənşəyi bəlli olmayan alkotesterin nəticəsinə görə içkili olduğunu bildirmişdir. Bunun müqabilində o, testin nəticəsinin düzgün olmadığına etiraz edərək həkim müayinəsinin keçirilməsini tələb etmişdir. Lakin, tələbinə heç bir məhəl qoyulmadan və avtomobili hadisə yerində buraxılmaqla məcburi şəkildə təxminən 20 dəqiqə ərzində Nizami rayon Polis İdarəsinə aparılmışdır. Həmin gün onunla bərabər sərnişin qismində avtomobilində olan dostu X3 avtomobilinin yanında qalmış, avtomobili qapısı açıq vəziyyətdə orada buraxılmışdır. Halbuki, qanunvericiliyin tələbinə görə əgər o, həqiqətən də içkili vəziyyətdə olsaydı polis əməkdaşı onun avtomobilini mütləq şəkildə cərimə meydançasına aparmalı idi. Əsas qanun pozuntuları o, Nizami rayon Polis İdarəsinə gətirildikdən sonra başlamışdır. Belə ki, Polis idarəsində polis əməkdaşı ona 15 sutka həbs vermə və sürücülük hüququndan məhrumetmə hədə-qorxusu gələrək yarım saata yaxın təhdid altında saxlamaqla, içkili olmağı haqqında ciddi təzyiq edilməklə izahat yazmağa məcbur olunmuşdur. O, dəfələrlə polis əməkdaşlarına 3 gün əvvəl sadəcə bir bakal pivə içdiyini və bu vaxt ərzində sükan arxasında olmadığını bildirərək, həkim müayinəsinin keçirilməyini tələb etsə də, tələbinə məhəl qoyulmamışdır. edilmişdir. Polis əməkdaşlarının ona fiziki şiddət göstərmə ehtimalını nəzərə alaraq, dərhal izahatını yazaraq, Nizami rayon Polis İdarəsindən çıxaraq gecikmə olmadan, təxminən saat 11:00-11:10 radələrində müayinə olunmaq üçün Respublika Narkoloji Mərkəzinə getmişdir. Həkim müayinəsi saat 11:30 radələrində aparılmışdır. Yəni ortalama hesabla onun içkili olmağı barədə Polis İdarəsində izahat yazmağından 40-50 dəqiqə sonra həkim müayisində olmuşdur. Mövcud qanunvericiliyin tələbinə və hamıya məlum olan faktlara əsasən, əgər o, içkili vəziyyətdə olsaydı qandan və sidikdən götürülən analizlər nəticəsində ən azı 48 saat ərzində spirtli içkinin təsiri altında olduğu müəyyən olunardı. Lakin, keçirilmiş müayinə və təhlildən sonra ayıq, alkoqol qəbulu əlamətlərinin olmadığı müəyyən olunmuş və 2/21197 saylı tibbi protokol tərtib olunmuşdur. Həmin protokolu götürərək tez bir zamanda, təxminən saat 12:00 radələrində təkrarən Nizami rayon Polis İdarəsinə gəlmiş və adını bilmədiyi 278 YPX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə onu saxlayan polis əməkdaşını taparaq aldığı 2/21197 saylı tibbi protokolu göstərərək bildirmişdir ki, onun barəsində bu cür əsassız rəftar qanunsuzdur, buna görə şikayət edəcəkdir. Bütün bu hərəkətlərini icra edən zaman çalışmışdır ki, hər bir görüntü kamera tərəfindən qeyd alınsın. Lakin, həmin polis əməkdaşı yenə onunla kobud rəftar etməklə təhqir etmiş, hətta ona dərhal polis idarəsini tərk etməyi əmr edərək, əmrini icra etmədiyi təqdirdə, onu həbs etməklə hədələmişdir. O, polis idarəsindən çıxdıqdan sonra onun şikayət edəcəyindən qorxuya düşən polis əməkdaşları tərəfindən saat 12:28-də mobil telefonuna İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) 400 manat məbləğində cərimə olunmağı ilə bağlı İXP ******* saylı protokol tərtib edilməsi haqqında sms daxil olmuşdur. Buna görə də o, müvafiq olaraq yuxarı inzibati orqanlara müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda isə yol polisi tərəfindən müvafiq qərar qəbul edilməsi üçün iş Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, DYPŞ-nin yol patrul xidmətinin əməkdaşının hərəkətləri qanunsuzdur və inzibati xəta haqqında protokol qərəzli olaraq tərtib edilmişdir. Üzləşdiyi bu hal çox ciddi bir qanun pozuntusudur, ona qarşı haqsızlıqdır və qərəzlidir, bir vətəndaş kimi hüquqlarının tam pozulması kimi qəbul edir. İnanır ki, aşağıda qeyd edəcəyi hüquq normaları üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən DYPŞ-nin yol patrul xidmətinin əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokolun tərtib edilməsi prosedurun pozulması, eyni zamanda əsassız və qanunsuz olması barədə qərar qəbul ediləcəkdir. Əgər o, içkili vəziyyətdə avtomobil idarə etsəydi, polis əməkdaşı bu faktı müəyyən etmək üçün mütləq şəkildə lisenziyalı aparatdan istifadə etməli idi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasını xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bir daha qeyd edir ki, tibbi müayinəni o, tələb etsə də DYPŞ-nin yol patrul xidmətinin əməkdaşı tərəfindən buna məhəl qoyulmamışdır. Halbuki, qeyd edilən İXM-nin 96.2-ci maddəsi imperativ norma olaraq bunu YPX-dən tələb edir. Əgər o, içkili vəziyyətdə olsaydı onun avtomobili yol ortasında buraxılmamalı idi və cərimə meydançasına aparılmalı idi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda (96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda) nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılmalıdır. Təkrarən bildirir ki, bir vətəndaş kimi sərxoş vəziyyətdə olmağını təyin etmək üçün həkim müayinəsinin keçirilməsini tələb etsə də, lakin tələbinə məhəl qoyulmamış və yuxarıda da qeyd etdiyi kimi öz şəxsi təşəbbüsü ilə polis idarəsindən çıxaraq Respublika Narkoloji Mərkəzində həkim müayinəsindən keçmiş və nəticədə ayıq olduğu, alkoqol qəbulu əlamətlərinin olmadığı müəyyən olunmuşdur. Buna baxmayaraq, Polis İdarəsində ona təzyiqlə içkili vəziyyətdə nəqliyyat vasitəsinin idarə etməsi haqqında məcburi izahat yazdırılmışdır ki, bu da həqiqətləri özündə əks elətdirmirdi və o sadəcə olaraq polis əməkdaşının iradəsini icra etmək məcburiyyətində qalmışdır. Bir sözlə, sübutetmə yükünün üzərində olmamasına baxmayaraq polis əməkdaşı qanunsuz və əsassız hərəkətlərini icra etməkdə davam etmişdir. Digər vacib məqamlardan biri də budur ki, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol olsa da, həmin protokol əsasında qəbul edilən inzibati təhbeh tətbiq etmə haqqında qərar yoxdur. Belə ki, ona tətbiq edilən cəriməni ödəmək üçün sms vasitəsilə göndərilən linkə daxil olduqda "qeyd etdiyiniz cərimə protokolu tapılmadı və ya qərarsızdır, yalnız qərarlı protokol ödəyə bilərsiniz" yazılır. Hesab edir ki, dövlətdə hakimiyyətin üçüncü qolu olan ədalət mühakiməsini həyata keçirən məhkəmələr fəaliyyət göstərdiyindən hüquq mühafizə orqanlarının əməkdaşları hansı ki, şikayətində də özbaşına və qeyri-qanuni hərəkətlərini qeyd etdiyi polis əməkdaşının timsalında digər qanuna riayət etməyən səlahiyyət verilmiş vəzifəli şəxslər bu özbaşınalıqlarından, qərəzli mövqelərindən və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməli, qanunsuz hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına görə polis əməkdaşı inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilən inzibati tənbeh vermə barədə qərarının zəruri prosedurlara riayət edilməsi hallarını, habelə inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmasını sübut etməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraz ərizəsinə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2024-cü il tarixdə, saat 09:55-də tərtib edilmiş protokoldan görünür ki, müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin izahatında Şəxs “Alkotester nəticəsi ilə razıyam. Həkimə getməyə ehtiyac yoxdur, pivə qəbul etmişdim.” məzmunda izahat yazmış və imzalamışdır. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:46-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.440 %0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/21197 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə saat 11:30-da müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:46-da alkotesterlə müayinə olunduqdan sonra həmin gün saat 11:30-da Narkoloji Mərkəzə müraciət etmiş və müayinə zamanı sərxoş olmaması müəyyən olunmuşdur. Müayinələr arasında olan müddət sərxoşluq vəziyyətinin aradan qalxması üçün yetərli hesab oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar