Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-224/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X3 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X5 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca vəsatət də vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 19 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunda Dilarə Əliyeva küçəsində “Toyota Corolla” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə ilə bağlı elektron qaydada video material olmadan, protokol tərtib olunan zaman iştirakı olmadan və protokolda hadisənin baş verdiyi tarix xx.xx.2023-cü ildən 1 il 17 gün keçəndən sonra ona inzibati xəta haqqında protokol yazılmışdır. Buna görə barəsində qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, barəsindəki protokolda göstərilən tarixdə guya o, qarşıdan gələn zolağa daxil olmuşdur. Protokol 19 yanvar 2024cü il tarixdə tərtib olunmuşdur, lakin protokolda tarix 02 yanvar 2023-cü il kimi göstərilmişdir. Ona göstərilən videoya görə hadisə 02 yanvar 2024-cü il tarixdə olmuşdur, o da qaydanı həmin tarixdə pozmuşdur. Ona Nəsimi rayon polis idarəsindən zəng vurmuşlar ki, belə görüntü var, o da bildirmişdir ki, əgər qanun pozuntusuna yol vermişdirsə, ona görüntünü təqdim etməklə protokol tərtib olunmalıdır, hadisənin üstündən 5 gün keçəndən sonra zəng vurmuşlar. Həmin danışıqdan bir neçə gün sonra barəsində protokol tərtib olunduğunu görmüşdür. Yol polisinə gedib soruşmuşdur ki, iştirakı olmadan, görüntülər ona göstərilmədən hansı əsasla neçə gün sonra barəsində protokol tərtib edilmişdir. Hansı ki, protokol 24 saat ərzində ona göndərilməli idi. Protokolda göstərilən yerdə o, əks istiqamətli yola çıxmışdır. Hansı səbəbdən qayda pozuntusuna yol verdiyini bilmir, yadında qalmamışdır, bəlkə də tələsdiyindən etmişdir. Həmin vaxt onu heç kəs saxlamamışdır, polisə gedəndə əks istiqamətə girdiyi barədə görüntülər göstərilmişdir. Başqa hallarda da belə yol polisinin öz kamerası və digər vasitələrlə əldə edilmiş görüntülər əsasında yazılan protokollar barədə vətəndaşa məlumat verməli olan yol polisi əməkdaşları vardır. Bu xüsusi texniki vasitəsi ilə çəkilməyibsə, bu, o demək deyil ki, iştirakı olmadan, ona məlumat verilmədən barəsində protokol tərtib edilə bilər. O, pozuntuya yol verdiyini qəbul edir, onsuz da bunu qəbul edirdi. Lakin polis əməkdaşları protokolu vaxtında tərtib etməyiblər, səhvliklərə yol veriblər. 24 saat müddətində məlumat verilməli olduğu halda verilməmişdir. İştirakı ilə protokol tərtib edilməli idi, tərtib edilməmişdir. İstər xüsusi texniki vasitə, istər yol polisinin telefonu və yaxud planşetlə, Təhlükəsiz Şəhər Kamerası ilə pozuntu aşkarlanıbsa ona məlumat verilməli, həmin gün protokol tərtib edilməli idi. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, ilk növbədə nəzərə alınmalıdır ki, X5 tərəfindən törədilən inzibati xəta xüsusi texniki vasitə ilə aşkarlanmamışdır. Bakı şəhər DYPİ-nin YHNŞ-nin operatoru tərəfindən DİN-nin “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən “Toyota” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması, yəni sürücünün Bakı şəhəri, Dilarə Əliyeva küçəsində 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmişdir. Lakin 19 yanvar 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati qərarın qəbulu zamanı texniki səhvə yol verilərək protokolun tarixi 2023-cü il kimi, tətbiq olunan cərimənin məbləği isə 100 manat kimi göstərilmişdir. Buna görə inzibati protokolda 07 yanvar 2024-cü il tarixdə düzəliş edilərək xətanın baş vermə tarixi 02 yanvar 2024-cü il kimi qeyd olunmuş, eləcə də 22 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarla da 19 yanvar 2024-cü il tarixli qərara düzəliş edilərək protokolun tarixi 02 yanvar 2024-cü il, tənbehi məbləği isə 150 manat kimi göstərilmişdir. Bundan başqa, X5 dəvət olunaraq özünün iştirakı ilə araşdırma aparılmış, videogörüntü ona nümayiş etdirilmişdir. X5 izahatı ilə məhkəmənin fikrini pozuntudan yayındırmağa çalışır, belə ki, şəxs kobud pozuntuya yol vermişdir. Belə inzibati xətalara iki formada baxılır, 122-ci maddədə və 124-cü maddədə nəzərdə tutulan qaydada. Şəxs çalışır ki, 124-cü maddəyə yönəltsin. Lakin qeyd etdiyi kimi, inzibati xəta xüsusi texniki vasitə ilə aşkarlanmamışdır. Xüsusi texniki vasitə 3 məsələni, yəni radar, sığorta və texniki yoxlamadan keçməni müəyyən edir. O da qeydiyyata alındıqdan sonra vətəndaşa tezliklə məlumat göndərilir. Hazırda baxılan məsələ İXM-nin 122-ci maddəsi ilə əlaqədardır, həmin maddə ilə tənzimlənir. Hesab edirlər ki, X5 məsuliyyətdən yayınmaq üçün 24 saat məsələsini qaldırır, qalan məsələlər isə texniki səhv olub və aradan qaldırılıb. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 22 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər DYPİ-nin YHNŞ-nin operatoru tərəfindən tərtib edilmiş 05 yanvar 2024cü il tarixli raportdan görünür ki, DİN-nin “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv video görüntülərinə baxış keçirilərkən raporta əlavə edilmiş siyahıda qeyd olunan (siyahıda 1-cı sırada “Toyota” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmişdir) nəqliyyat vasitələrinin sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması aşkar edilmişdir. Qanunda nəzərdə tutulmuş müddət keçdiyi üçün nəqliyyat vasitələrinin istifadəçiləri barəsində özlərinin iştirakı olmadan real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılaraq DİN-nin BDYPİ-nin MİS-ə göndərilməsi təmin olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitələrinin istifadəçilərinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunmaları üçün müvafiq araşdırma aparılmasına göstəriş verilməsini xahiş etmişdir; -Bakı şəhər DYPİ-nin YHNŞ-nin inspektoru tərəfindən qəbul edilmiş 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, “Toyota” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması təsdiqini tapdığı üçün, aşkar edilmiş inzibati xəta ilə bağlı kifayət qədər vaxt tələb edən prosessual hərəkətlərin aparılması zərurəti yarandığından inzibati araşdırma aparılması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunaraq barəsində törətdiyi xətaya uyğun inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir; -Bakı şəhər DYPİ-nin YHNŞ-nin inspektoru tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Toyota Corolla minik” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 Bakı şəhəri, Dilarə Əliyeva küçəsində 02 yanvar 2024-cü il tarixdə saat 16:21-də Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyota Corolla minik” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 Bakı şəhəri, Dilarə Əliyeva küçəsində 02 yanvar 2024-cü il tarixdə saat 16:21-də “1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə” Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə əlavə edilmiş videogörüntüyə proses iştirakçıları ilə birlikdə baxış keçirilərkən inzibati xəta haqqında protokolda və qərarda müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 üfiqi nişanlanma xətlərini kəsib keçmək qadağandır; 5-ci bəndinə əsasən 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 02 yanvar 2024-cü il tarixdə “Toyota Corolla minik” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Dilarə Əliyeva küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin tələblərini, “1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallarla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, istinad olunan inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyindən mübahisələndirilən qərar real vaxt rejimində elektron formada çıxarılmamışdır, ona görə də işin icraatına İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-224/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-224/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver