Məhkəmə qərarları › İş №3(007)-2245/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2245/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2245/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Bakı şəhər 06 saylı Vəkil bürosunun vəkili X2, Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:27 radələrində Nizami rayonu, Moskva prospektində “X8” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublkası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu məlum olmuşdur. Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərar qüvvəyə mindiyi gündən bir il ərzində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta təkrarən xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən xx.xx.2022-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətdiyini etiraf etdi. Müdafiəçi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barədə inzibati həbs seçilməməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri, Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs Moskva prospektində “X8” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublkası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğundan şübhələnmiş, inzibati xəta törədən şəxs barəsində sərxoşluq vəziyyətinin müayinə edilməsi barədə tibbi müayinə aparıldıqdan sonra Nizami Rayon Polis İdarəsinə təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/5395saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şəxs tərəfindən THC ( marixuanna) qəbulu nəticəsində sərxoşluq vəziyyəti yaranmışdır. İş materiallarında olan “DİN-nin DYP-nin web portalı”ndan çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 333.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 343.1-ci maddəsi bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 327.1 və 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 450 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs na məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar