Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-225/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Neftçala rayonunun 1-ci Filtr kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Yeni ünvan 3 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 25.11.2021-ci il tarixdə saat 20 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Neftçilər” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətinə doğru 10-20 km/saat sürətlə hərəkət edib, yolun 25/6 nömrəli yaşayış evinin qarşısından keçən hissəsində yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru R.Ə.Rəhimov tərəfindən 14.01.2022-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 25.11.2021-ci il tarixdə saat 20 radələrində 10-20 km/saat sürətlə idarə etdiyi “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Neftçilər” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətinə doğru hərəkətdə olmuş, yolun 25/6 nömrəli yaşayış evinin qarşısından keçən hissəsində işıqforda dayanmışdır. Yaşıl işıq yandıqda hərəkətə başlayan zaman yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Piyada yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb düşərək piyadaya yaxınlaşmış, onu yerdən qaldırıb avtomobilinə mindirərək 3 saylı ŞKX-na gətirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Himayəsində 2 azyaşlı uşağı, xəstə anası var, həyat yoldaşı həbsdədir. Taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır, ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən barəsində qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 26.11.2021-ci il tarixli, 1027 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ dizin ön-bayır səthinin iri ölçülü şişkinlik halında əzilməsi, sağ dizin ön səthi və sağ ayağın baş barmağının ön səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 25.11.2021-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Şəxsin adına tərtib edilmiş (3 №-li ŞKX tərəfindən) tibbi sənəddəki diaqnozda yazılan “sağ incik sümüyünün başının qapalı sınığı” Birliyin rentgenoloqu tərəfindən tərtib edilmiş rentgenoloji rəydə öz təsdiqini tapmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28.12.2021-ci il tarixli, 8/3017 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-V seriyalı, 577430 nömrəli etibarnamənin surətindən görünür ki, “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 tərəfindən həmin avtomobili idarə etmək üçün Şəxs etibarnamə verilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli, 016-144852-1221 nömrəli məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Şəxs 17.02.2021-ci il tarixdə (17.02.2031-ci il tarixədək etibarlı olan) BD 501549 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10.01.2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 25.11.2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada Zərərçəkmiş şəxs vurması və nəticədə piyada Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi proses iştirakçısının izahatı, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1990-cı ildə Neftçala rayonunun 1-ci Filtr kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, “Yeni ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-225/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-225/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver