Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2253/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru Elçin Abdullayevin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1998-ci ildə X1 Şəruru rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, X1 Kəngərli rayonunun Qarabağlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış məhəlləsində yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru Elçin Abdullayev tərəfindən tərtib edilmiş 02 sentyabr 2021-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 sentyabr 2021-ci il tarixdə “Koroğlu” Metrostansiyasının yanında PPXB-nin əməkdaşlarına tabesizlik göstərdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törtəmişdir. Şəxs barəsində tərtib olunmuş 02 sentyabr 2021-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru Elçin Abdullayev izahatında göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə Şəxs “Koroğlu” Metrostansiyasının yanında PPXB-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş və bu barədə izahatı alınaraq barəsində 02 sentyabr 2021-ci tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətəbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə saat 19:15 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı avtomaşınla evə gedərkən “Koroğlu” Metrostansiyasının ətrafından yolüstü adam götürmək istəmiş, həmin vaxt ərazidə xidmət aparan post patrul xidməti əməkdaşı təkidlə ona avtomobili sürüb getməsini demiş, lakin tıxac səbəbindən avtomobili sürüb gedə bilməmiş, həmin vaxt polis əməkdaşı ona qışqıraraq avtomobili sürüb getməsini bir daha tələb etmiş və ona qarşı zor tətbiq etmişdir. Polis əməkdaşının ona qarşı etdiyi zorakı hərəkətlər barədə “102” xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə aparılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşına qarşı qanuna zidd hərəkətlər etməmiş, əksinə polis əməkdaşı tərəfindən ona qarşı zor tətbiq edilmişdir. Əvvəllər inzibati xəta törətməmiş və tənbeh olunmamışdır. Məhkəmə iclasında X2 şahid qismində izahat verərək göstərmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə “Koroğlu” Metrostansiyasının ətrafında yaranmış tıxacla bağlı xidmət aparılarkən, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü avtomobili yolun hərəkət hissəsində saxlayaraq yolda tıxac yaratmış, buna görə həmin şəxsdən avtomobili sürüb getməsi tələb olunmuş, lakin sürücü polis əməkdaşının qanuni tələbinə əməl etməmiş, yüksək səslə və küçə söyüşləri ilə ictimai yerdə polisin nüfuzuna xələl gətirən sözlərdən istifadə edərək əl-qol hərəkətləri ilə əməllərini davam etdirmişdir. Həmin şəxs Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət olunsa da tabesizlik göstərərək hərəkətlərini davam etdirmiş, polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Sonuncuya qarşı polis əməkdaşları tərəfindən zorakı hərəkətlər edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, Şəxs törətmiş olduğu inzibati xəta onun əməlini etiraf etməməsinə baxmayaraq, raportla, izahatlarla, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, polis əməkdaşları tərəfindən ona qarşı zorakı hərəkətlər edilməsinə dair hissədə izahatını inandırıcı saymır və özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.2 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmadığını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbirini təyin etməklə tənbehin məqsədlərinə nail olmağı mümkün sayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2253/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2253/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver