Məhkəmə qərarları › İş №3(007)-2261/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2261/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2261/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 03 sentyabr 2021-ci il tarixdə X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunun mənasından göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İş materiallarına isə şikayət vermiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın surəti, habelə həmin qərarın ona təqdim edilməsi məqsədilə müvafiq Polis Şöbəsinə müraciət edib-etməməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət düzgün verilmədiyinə görə baxılmadan geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə müraciət etmək hüququ ona izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət baxılmadan geri qaytarılsın. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar