Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2264/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon Prokurorluğunun nümayəndəsi X1, “X7 və Ticaret Anonim Şirkəti”nin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 20 mart 1992-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tovuz rayonunun Əlimərdanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Prokurorluğunun 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs 24 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Heydər Əliyev adına Neft Emalı zavodunda yıxılaraq xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Nizami rayon Prokuroru baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən qəbul edilmiş 02 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Prokurorunun köməkçisi X2 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs 24 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən Heydər Əliyev adına Neft Emalı zavodunda yıxılaraq xəsarət alması faktı üzrə Bakı şəhəri Nizami rayon Prokurorluğunda 533-C-21 nömrəli araşdırma işi aparılmış və toplanmış materiallarla faktla bağlı cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin aparılmış araşdırma nəticəsində “X7 və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin elektrik birqadirinin köməkçisi vəzifəsində işləyən Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan nümayəndəliyin elektriki Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini təklif etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 24 aprel 2021-ci il tarixdə saat 07:30-da Heydər Əliyev adına Neft Emalı zavoduna gəlmiş, işdən öncə işçilərə sıra baxışı keçirilmiş və təlimat verilmişdir. Xüsusi geyim və fərdi mühafizə vasitələri yoxlanılmış və iş tapşırıqları verilmişdir. Aldığı tapşırığın icrası ilə əlaqədar tabeliyində olan şəxslərlə birlikdə 33-cü sahəyə getmiş, rəhbərlik etdiyi briqadanın işi kabel yataqlarına elektrik kabellərinin quraşdırılmasından ibarət olmuşdur. Nahar fasiləsinə qədər həmin sahədə işləmiş, fasilədən sonra eynilə həmin işi davam etdirmək üçün 36-37-ci sahəyə getmişlər. Təxminən saat 14:20 radələrində işçilər 1-ci çənin yanında toplaşmış və elektrik mantyoru Zərərçəkmiş şəxs təxminən dayandığı yerdən 30 metr məsafədə yerdə kabel barabanının üzərindən lahiyə eskizini gətirməyə göndərmişdir. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs onlardan təxminən 10-15 metr kənarda 4-cü çənin yanında yerdə yıxılmış vəziyyətdə görmüş və dərhal sonuncuya yaxınlaşaraq tibb məntəqəsinə aparılmasını təmin etmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs boş olan yolla deyil, piyadaların keçidi üçün nəzərdə tutulmayan, maneə olan yolla getmişdir. Baş vermiş hadisə ilə əlaqədar təqsiri olmadığının nəzərə alınaraq barəsində başlanmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında “X7 və Ticaret Anonim Şirkəti”nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs sənəd gətirməyə gedərkən, müəyyən olunmuş düz yoldan kənara çıxaraq özünün diqqətsizliyi nəticəsində maneəyə toxunaraq, yıxılmışdır. Bu hadisənin baş verməsində Şəxs heç bir təqsiri olmamışdır. Buna görə də onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib və prokurorun nümayəndəsinin təklifini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş üzrə icraat materiallarından və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs diqqətsizlik göstərərək gündüz saatlarında hərəkət üçün nəzərdə tutulmuş yoldan kənarda olan və kiçik ölçülü çıxıntı boruya ayağını ilişdirərək yıxılmış və xəsarət almışdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs sərbəst hərəkət edərkən, müəyyən olunmuş yoldan kənarda mövcud olan maneəyə diqqətsizliyi nəticəsində ilişərək yıxılıb xəsarət almasında Şəxs təqsirli bilinməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-2264/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2264/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver