Məhkəmə qərarları › İş №3(007)-2269/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2269/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2269/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə oğlunun iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala əsasən Mərkəzi Bankın 17.08.2021-ci il tarixli, 26-10180-2021 saylı göstərişi əsasında "xxxx" ASC müvafiq sənədləri vaxtında Mərkəzi Banka təqdim etməmişdir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin aparıcı hüquq məsləhətçisi O.R.Xaspoladov tərəfindən 27.08.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə oğlu izahat verərək bildirmişdir ki, Mərkəzi Bankın 17.07.2021 və 28.07.2021-ci il tarixli məktubları "xxxx" ASC-yə təqdim edilmədiyindən həmin məktublarda göstərilən göstərişlər icra edilməmişdir. Məhkəmə prosesi zamanı qeyd edilən məktubları əldə etmişlər. 13.06.2021-ci il tarixdə “WhatsApp” xidmətindən istifadə etməklə səhmdarların ümumi yığıncağının keçiriləcəyi barədə 30.04.2021-ci il tarixdə “Xalq” qəzetində elan yerləşdirilmiş, lakin qeyd edilən gündə səhmdarlar təqdim edilən nömrədən istifadə etməklə yetərsayda iclasa qoşula bilmədiklərindən və ASC-nin yığıncaq keçirilməsi üçün başqa texniki imkanları olmadığından kütləvi yığıncaqların keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının gözlənilməsi qərara alınmışdır. Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 2019-2020-ci illərə dair ümumi yığıncaq keçirilməmiş, 2020-2021-ci il dövr üçün təyin edilmiş ümumi yığıncaq Cəmiyyətin texniki imkanları olmadığından baş tutmamışdır. Nazirlər Kabinetinin Qərarına əsasən 01.10.2021-ci il tarixdən konfransların keçirilməsinə icazə verildiyindən ümumi yığıncağın keçirilməsi 29.10.2021-ci il tarixdə nəzərdə tutulmuşdur. Müvafiq sənədləri poçt vasitəsi ilə X3 göndərmişlər, lakin məktubu qəbul etməkdən imtina etmişdir. X2 müraciətinin əsasını təşkil edən sənədlər ona, habelə məhkəməyə təqdim edilmiş, R.Əliyevə sənədlərlə tanış olması üçün şərait yaradılmışdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin səhmdarı X5 izahat verərək bildirmişdir ki, "xxxx" ASC tərəfindən müvafiq sənədlər ona poçt vasitəsi ilə göndərilmiş, lakin, o, qəbul etməmişdir ki, sənədləri məhkəmədə təqdim etsinlər. "xxxx" ATSC-nin emissiya prospektindən başqa digər sənədlər ona təqdim edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayən dəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" ASC-nin səhmdarı X2 ərizəsindən görünür ki, səhmdarı olduğu "xxxx" ATSCnin rəhbərliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-2.3 və 107-6.3-cü maddələrini pozduğuna görə ASC-nin rəhbərliyi barəsində lazımi tədbir görülməsini Mərkəzi Bankdan xahiş etmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 26-07784-2021 saylı, 17.06.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına bir qrup səhmdarların müraciəti daxil olmuşdur. Vətəndaşların müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (13.06.2021-ci il tarixində səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və sözügedən yığıncaqda səhmdarların iştirakını təsdiq edən sənəd) əlavə edilməklə 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 28.07.2021-ci il tarixli, 26-09364-2021 nömrəli məktubdan görünür ki, X1 Banka etdiyi müraciətində "xxxx" ASC-nin 2019-cu və 2020-ci illərə dair illik hesabatlarının, həmçinin onun nizamnaməsinin, səhmdarların reyestrinin, aidiyyəti şəxslərlə bağlanılan əqdlərin əlavələrinin və həmin illərin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Səhmdar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 106-2.3, 106-1.3.8-4 və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı ilə tanış olmaq, cəmiyyətinin nizamnaməsinin, səhmdarların reyestrinin, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq, Ramiz Əliyevin "xxxx" ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. -Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 17.08.2021-ci il tarixli, 26-10180-2021 nömrəli məktubdan görünür ki, Mərkəzi Bankın 17.06.2021-ci il tarixli, 26-07784-2021 nömrəli və 28.07.2021-ci il tarixli, 26-09364-2021 nömrəli göstərişi ilə tələb edilən sənəd və məlumatların təqdim edilmədiyi bildirilməklə, sözügedən məktublarda göstərilən sənəd və məlumatları 5 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Sürətli poçt xidmətinə aid poçt qəbzlərinin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının "xxxx" ASC-yə ünvanlanmış 26-07784-2021 nömrəli və 26- 09364-2021 nömrəli məktubları 03.08.2021-ci il tarixdə və 26-10180-2021 nömrəli məktubu 19.08.2021-ci il tarixdə imza edilməklə alınmışdır. - "xxxx" ASC tərəfindən X3 ünvanlanmış 14.10.2021-ci il tarixli, 19 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin nizamnaməsi, səhmdarların reyestrinin surəti, illik maliyyə hesabatı və bağlanmış əqdlərlə tanış olması üçün illik maliyyə hesabatının yoxlanılmasına dair auditor rəyinin surəti və müqavilələrin surəti təqdim olunmuşdur. Bundan başqa məlumat üçün bildirilmişdir ki, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar 2019-2020-ci illərə dair ümumi yığıncaq keçirilməmişdir. 2020-2021-ci il dövr üçün təyin edilmiş ümumi yığıncaq Cəmiyyətin texniki imkanları olmadığından baş tutmamışdır. Nazirlər Kabinetinin Qərarına əsasən xüsusi karantin rejimində dəyişikliklər olması səbəbi ilə 01.10.2021-ci il tarixdən konfransların keçirilməsinə icazə verildiyindən ümumi yığıncağın keçirilməsi 29.10.2021-ci il tarixdə nəzərdə tutulmuşdur. Buna dair rəsmi bildirişlər səhmdarlara təqdim olunacaqdır. Bununla yanaşı qanunvericiliyə əsasən əlavə sənədlərlə tanış olmaq üçün 22.10.2021-ci il, saat 10:00-da Cəmiyyətin inzibati binasına gəlməsi təklif olunmuşdur. X7 tərəfindən imza edilərək qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi İXM-nin 548.2-ci maddəsinin tərkibini yaradır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC tərəfindən həmin ASC-nin nizamnaməsi, səhmdarların reyestrinin surəti, audit rəyi və müqavilələrin surəti ASC-nin səhmdarı X3 təqdim edilmiş, illik və maliyyə hesabatları ilə tanış olması üçün şərait yaradılmışdır. Belə olan halda hüquqi şəxsin inzibati qaydada tənbeh edilməsi üçün əsaslar qalmamışdır, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar