Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2271/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə rəisi X2 iştirakları ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 25 avqust 2021-ci il tarixdə saat 21:23 radələrində Nizami rayonu ərazisində fəaliyyət göstərən “Loft Lounge” adlı kafenin kabinetində dostları ilə yemək yediyi zaman, (masa arxasında 5 nəfər əyləşmişlər, qanunla həmin masada 6 nəfərə icazə verilir) polis əməkdaşları içəri daxil olaraq özlərini təqdim edib Nizami rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirib əsassız olaraq karantin qaydasının tələblərini pozduqlarını iddia edərək barəsində Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə qanunsuz olaraq EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər və həmin protokol əsasında barəsində EPQ seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Həmin qərarda onun hansı qaydada karantin qaydasının tələblərini pozduğu göstərilməmişdir. O, hal-hazıra kimi hansı inzibati xətanı törətdiyini bilmir. Həmin vaxt polis əməkdaşlarının iddiası ilə razılaşmasa da, mübahisə etməyin qanunsuz olduğunu düşünüb və sonradan məhkəmənin ədaləti nəticəsində hüquqlarının bərpa ediləcəyinə inandığı üçün protokola etiraz etməmişdir. Hazırkı dövrədək barəsində karantin qaydalarının pozulması və digər səbəblərə görə heç bir zaman inzibati tənbeh tətbiq edilməmişdir. Hər zaman qanunların tələblərinə riayət etmişdir. Lakin, təəssüf ki, qeyd edilən inzibatı tənbehlə hüquqları pozulmuşdur. Nazirlər Kabineti yanında Operativ Qərargahın 16 yanvar 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən 2021-ci il 01 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində dəfələrlə məlumat verilmişdir ki, bu kimi məkanlarda masa arxasında əyləşərək qida qəbulu zamanı tibbi maskadan da istifadə tələb edilmir. Polis əməkdaşları onlara yaxınlaşan zaman ara məsafəsi gözləməklə masa arxasında əyləşərək qida qəbul etmişlər. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin sahə rəisi X2 tərtib etdiyi 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətin təmin olunmasını, həmin qərar ləğv edilməklə onun barəsində inzibati xətanın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi 25 avqust 2021-ci il tarixində sərt karantin rejimi qüvvədə olmamışdır. Dostları ilə yemək yediyi obyekt isə “plesteyşn” kimi yox, “lounc” kimi fəaliyyət göstərmişdir. Ona demişlər ki, kabinetlərdə oyun oynamağa icazə vardır, yəni kabinetdə oyun oynamaq evdə oynamaq kimi bir şeydir. O, Nazirlər Kabinetinə məsələ ilə bağlı sorğu göndərsə də, müraciətinə hələ cavab verilməmişdir. Hesab edir ki, barəsində protokolun tərtib olunması qanunsuz olmuşdur, qərar da buna görə əsassızdır. Şikayətinin təmin olunaraq qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin polis sahə rəisi X4 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə saat 19:30 radələrində 24-cü polis şöbəsinin inzibati ərazisindəki B.Nuriyev küçəsi 85 ünvanında yerləşən “Play Station” oyun zalının fəaliyyət göstərməsi tərəflərindən aşkar olunmuş, həmin zala daxil olduqda bir qrup şəxsin ölkədə elan olunmuş karantin rejiminin tələblərini pozduqlarını, bir-biriləri ilə ara məsafəsi saxlamadıqlarını, üzlərində fərdi qoruyucu vasitə olan tibbi maska olmadığını müəyyən etmişlər. Bununla əlaqədar oyun zalının inzibatçısının və içəridə olan müştərilərin barələrində inzibati xəta haqqında protokollar tərtib edilərək inzibatçı 4000 manat, müştərilərin hər biri 200 manat cərimə olunmuşlar. Müştərilərdən biri də X3 olmuşdur. Həmin oyun zalı qanunsuz fəaliyyət göstərmişdir, hansı ki, zalı işlədən şəxsə dəfələrlə xəbərdarlıq edilmişdir ki, karantin rejimi qaydalarına əməl etsin. Nazirlər Kabinetinin müvafiq qərarlarında “Play Station” oyun zallarının fəaliyyət göstərməsinə icazə verilməmişdir, fəaliyyət göstərməsinə icazə verilmiş obyektlərin dairəsində belə zallar göstərilməmişdir. X1 obyektin oyun zalı kimi fəaliyyət göstərmədiyi barədə göstərdiyinin əsası yoxdur, həmin fakt onlar tərəfindən yerində müəyyən olunmaqla yanaşı bunu təsdiq edən videogörüntü də mövcuddur. Videogörüntü ilə də təsdiq olunur ki, içəridəki şəxslər oyun oynayırlar və onlar arasında ara məsafəsinin gözlənilməli olduğuna dair tələblər pozulmuşdur. İnzibati xəta hadisəsi aşkar olunaraq tənbeh tədbiri görüldükdən sonra həmin oyun zalı artıq fəaliyyət göstərmir. Şikayət əsassız olduğundan rədd olunmasını, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi və qərarından şikayət verilmiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş 25 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 25 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı tərəflər CD diskdə qeydə alınmış görüntülərin 25 avqust 2021-ci il tarixdə “Loft Lounge” adlı obyektdə çəkildiyini, həmin vaxt X1 da həmin obyektdə olduğunu təsdiq edirlər. Görüntülərlə müəyyən olunur ki, həmin obyekt oyun zalı kimi fəaliyyət göstərir, müştərilər “Play Station” oyun zalından istifadə edərək oyunlar oynayırlar, obyektdə, oyun zallarına xüsusi karantin rejiminin müvafiq tələbləri pozulmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli 9 nömrəli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00dək uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla və bu Qərarda qeyd olunan müvafiq istisnalar olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində digər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilmiş, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlərin bu Qərara zidd olmayan hissədə qüvvəsini saxlaması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 nömrəli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılmış, 2021-ci il 10 iyun saat 00:00-dan müvafiq iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmiş, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlaması qərara alınmışdır. Habelə, Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 nömrəli qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı müvafiq qərarlarına əsasən müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, qadağa, qayda və tələblərin müddəti uzadılmışdır. İstinad edilən Qərarlarla isə, müəyyən edilmiş məhdudiyyətlərin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqları təsbit edilmişdir. Məlumdur ki, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu kimi çoxsaylı qərarlar qəbul edilmiş, görülən müvafiq tədbirlər müsbət nəticə verdiyi zaman isə yumşalmalara gedilmiş, müvafiq qoruyucu tələblərə əməl edilməklə iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, baxılan şikayətdə istinad edilən inzibati xəta hadisəsi “Play Station” oyun zalında baş vermişdir, hansı ki, belə oyun zallarının fəaliyyəti Nazirlər Kabinetinin qərarları ilə dairəsi müəyyən olunaraq fəaliyyəti bərpa edilmiş iş və xidmət sahələrinin sırasında nəzərdə tutulmamışdır. Belə olan halda, həmin oyun zalında 25 avqust 2021-ci il tarixdə xüsusi karantin rejiminin müvafiq tələblərinin X3 tərəfindən pozulması Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının təhlükəliliyi, səbəb olduğu fəsadlar, infeksiyadan qorunmağın yolları, əks halda nəzərdə tutulmuş məsuliyyət tədbirləri və sair maarifləndirici tədbirlər kütləvi informasiya vasitələri ilə və digər formalarda insanlar arasında təbliğ edilməsinə baxmayaraq, vətəndaşlar tərəfindən mütəmadi olaraq həmin qaydaların pozuntusuna yol verilir. Qərardan şikayət vermiş X3 da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş tələblərə əməl edilməyərək, belə pozuntuya yol vermişdir, onun irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2271/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2271/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver