Məhkəmə qərarları › İş №3(007)-2271/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2271/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2271/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barədə məlumatlar tam göstərilməmiş, zərərçəkmiş şəxs barədə məlumatlar protokolda göstərilməmişdir. Həmçinin məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə müvafiq sənədlər təqdim edərək bildirdi ki, hazırda onun mülkiyyətində Şəmkir rayonu, Könüllü kəndində yerləşən torpaq sahələri var. Bununla əlaqədar olaraq icra işinin yenidən araşdırılması üçün icra şöbəsinə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında müdafoəçi çıxış edərək protokolun ona əlavə olunmuş sənədlərlə birlikdə yenidən araşdırma aparılması üçün Nizami rayon İcra Şöbəsinə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında icra məmuru çıxış edərək bildirdi ki, borclu həmin torpaq sahələrini öz xüsusi mülkiyyətinə qısa müddət öncə keçirmiş, əvvəllər onun mülkiyyətində hər hansısa bir əmlak olmamışdır. Protokolun ona əlavə olunmuş sənədlərlə yenidən araşdırılması üçün icra şöbəsinə geri qaytarılmasına etiraz etmədi. İş materiallarına əsasən borclunun mülkiyyətində Şəmkir rayonu, Könüllü kəndində 1.3007 ha və 0.2953 ha olmaqla torpaq sahələri mövcuddur. Lakin icra məmuru tərəfindən həmin torpaq sahələri ilə əlaqəli hər hansı bir hərəkət görülməmiş, tutma yönəldilməmişdir. Belə olduğu təqdirdə icra məmuru tutmanı həmin əmlaklara yönəltməli olduğu təqdirdə bununla bağlı müvafiq tədbirləri yerinə yetirməmişdir. Beləliklə borclunun icra sənədini icra etmək yalnız onun qeyd edilən əmlaklarına tutmanın yönəldilməsi ilə mümkündür. Lakin tutmanın əmlaklara yönəldilməməsinin səbəbləri protokolda göstərilməmişdir. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası İcra haqqında Qanunun 45-ci maddəsində müəyyən edilmişdir. Həmçinin tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi əsasları və qadası Qanunun 63, 64, 65-ci maddələrində müəyyən edilmişdir. Həmin maddələrdə tutmanın borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi zamanı hər hansı bir əlavə məhkəmə qərarı və ya tələbkarın razılığı tələb edilmir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, borclunun tələbi ödəmək iqtidarında olması, lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması, lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması, lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi barədə sübut təqdim edilməmişdir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olmasına dair sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, İXM-in 528-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati məsuliyyətə səbəb olur. İcra məmuru icra işi üzrə şəxsin təqsirinə dair kifayət qədər sübut toplamamışdır. Əgər borclu icra sənədini ödəmək iqtidarında deyildirsə, icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etməli deyildir. İcra sənədinin icrası üçün yeganə vasitə tutmanın borclunun əmlakına yönəltmək hesabına mümkün olduğundan, lakin tələbkar buna razı olmadığı üçün icraya maneə olduğundan, icra məmuru icra sənədini geri qaytarmalıdır. Çünki “İcra haqqında” Qanunun aşağıdakı normalarına əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, - 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün, yəni şəxsin təqsirinə dair kifayət qədər sübut toplanılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Nizami rayon İcra şöbəsinə geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar