Məhkəmə qərarları › İş №3(007)-2272/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2272/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2272/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı X1 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş 13.05.2019-cu il tarixli, TP ******* nömrəli və 13.05.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxaraq MÜƏYYƏN E T D İ: X3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Bakı şəhər DYPİ-nin başqa şəxsin adına tərtib edilən, ona aidiyyəti olmayan elektron protokol və qərarların aidiyyəti olan şəxsə göndərilməsinə, onun barəsində çıxarılan 13.05.2019-cu il tarixli, TP ******* nömrəli və 13.05.2019-cu il tarixli, TP ******* nömrəli qərarları ləğv edərək sürücülük vəsiqəsinin qaytarılmasını və texniki baxışın keçirilməsini İdarəyə həvalə edib ona dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi nəzərdə tutulmuşdur. Həmçinin qanunvericilikdə inzibati xəta haqqında iş üzrə bir neçə qərardan deyil, qərardan şikayət verilməsi nəzərdə tutulduğundan 13.05.2019-cu il tarixli, TP ******* nömrəli və 13.05.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların hər birindən ayrı-ayrılıqda şikayət verilməlidir. Həmçinin şikayətdən və ona əlavə edilən sənədlərdən görünür ki, inzibati xəta Bakı şəhəri Nizami rayonu ərazisində baş verməmişdir. Qərardan şikayət verən X3 isə ünvan 1 ünvanında qeydiyyatda olsa da, o, şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti geri qaytarılmalı, X2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: X1 Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş 13.05.2019-cu il tarixli, TP ******* nömrəli və 13.05.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılsın. X2 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilsin. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar