Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2274/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1, qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər BPİ-nin X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı E.E.Sadıqlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ-nin X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı E.E.Sadıqlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə hərəkətdə olarkən BDYPİ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılarkən ona hazıradək barəsində yol hərəkəti qaydalarının pozulmasına görə təyin edilmiş cərimələri ödəmədiyi üçün məhkəmə qərarına əsasən sürücülük hüququnun məhdudlaşdırıldığı və bu səbəbə görə avtomobilinin cərimə meydançasına aparılacağı bildirilmişdir. Həmin vaxt polis əməkdaşına Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-118/2023 saylı qərarını göstərsə də polis əməkdaşı ona sistemdə görünmədiyini bəhanə gətirərək onun barəsində xx.xx.2023-cü il tarixli protokol tərtib etmişdir. Daha sonra barəsində tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərarın surətini ona təqdim edilməsini tələb etsə də müxtəlif bəhanələrlə qərarın surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Həmin Qərar xx.xx.2023-cü il tarixdə verilmişdir. Halbuki, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-118/2023 saylı qərarı ilə hazıradək barəsində yol hərəkəti qaydalarının pozulmasına görə təyin edilmiş cərimələri ödədiyinə görə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarda inzibati xətanın mövcudluğunu təsdiq edən hər-hansı bir sübut öz əksini tapmır. Saxlanılarkən də inzibati xəta törədilməyi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan onun barəsində inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər (Azərbaycan Respublikası İXM-in 124.2). Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə onun barəsində tərtib edilmiş protokol əsasında səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan həmin protokolla kifayətlənib inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti 2 elementdən ibarətdir: 1) Həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətaya görə, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmə; 2) nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmə. İlk öncə səlahiyyətli orqanın qərarına nəzər yetirərkən həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad emə olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi halda belə bir qərarın İXM-nin tələblərinə uyğun çıxarılmış, araşdırılmanın nəticəsi olan qərar kimi hesab edilə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Qərarda konkret sübuta istinad edilmədiyindən sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Qanunun mənasına görə subyektiv mülahizə (ehtimal) üzrə xəta törətmiş şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhər BPİ-nin X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı E.E.Sadıqlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə xx.xx.2023-cü il tarixli qərara xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə Murad Babayev DYPİ-nin əməkdaşı tərəfindən saxlanılan zaman xx.xx.2023-cü il tarixli qərar qanuni qüvvəyə minmədiyindən sistemdə görünməmişdir. Yol patrul xidməti əməkdaşları ilkin olaraq bort kompüter vasitəsi ilə yoxladıqları zaman şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığını müəyyən etmişlər. Nəticədə barəsində xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli qərarla İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərar qanuni və əsaslıdır. Məhkəmədən göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı E.E.Sadıqlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 16:05-də M.Abbasov küçəsində “X5” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. - Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-118/2023 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-118/2023 nömrəli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsindən görünür ki, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi üçün nəqliyyat vasitəsini idarə etmək hüququ məhkəmə qərarı əsasında məhdudlaşdırılmalı və buna baxmayaraq o, nəqliyyat vasitəsini idarə etməlidir. Lakin hazırki işin hallarından görünür ki, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)-118/2023 nömrəli qərarı ilə X2 İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılsa da, sonuncu inzibati tənbeh vermə haqqında qərar üzrə cəriməni ödədiyindən Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(018)- 118/2023 saylı qərarı ilə İXM-nin 529.3-cü maddəsinin qeydinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(018)-118/2023 nömrəli qərarına xitam verilmişdir. Göründüyü kimi xx.xx.2023-cü il tarixdə X1 nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair məhkəmənin qərarına artıq xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə X1 əməlində İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı E.E.Sadıqlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ-nin X6 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı E.E.Sadıqlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2274/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2274/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver