Məhkəmə qərarları › İş №3(007)-2274/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2274/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2274/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7, Qəbələ rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 iştirakı ilə, Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin və X3 hüquqlarının müdafiəsi ona həvalə edilmişdir. O, "xxxx" MMC-nin sədri X6 ilə bağlanmış müqavilə əsasında onların müdafiəsini həyata keçirməlidir. Bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq etibarnamə verilmiş və order əldə edilmişdir. Həmin order onun tərəfindən Qəbələ RPŞ-yə təqdim edilmişdir. Müdafiə etdiyi "xxxx" MMC-nin vəkili və nümayəndəsi kimi MMC-nin icraçı direktoru ilə xx.xx.2025-ci ildə saat 15:00-da ifadə vermək üçün Qəbələ rayon Polis Şöbəsinə dəvət edilmişdirlər. Bu məqsədlə Qəbələ RPŞ-nin inzibati binasına yaxınlaşdıqda əvvəllər mobil telefonu alınmasa da müdafiə etdiyi şəxsin X14 qəbulunda olanda Qəbələ RPŞ-nin əməkdaşlarından etdiyi şikayətdən sonra telefonları təhvil alındığından, müstəntiq, polis mayoru Emil Niyazovdan bunun səbəbini soruşduqda ilk öncə sakitcə “rəisin göstərişidir” demişdir. O, “sorğu verəcəm, rəsmi qaydada cavablandırarsınız” dedikdən sonra yanvar ayında orderi təqdim etməsinə baxmayaraq ona orderin olmadığı deyilmişdir. Bundan sonra o, bildirmişdir ki, orderi İstintaq Bölməsinin rəisi Tural müəllimin yanında təqdim etmişdir, Tural müəllim isə dəftərxana vasitəsi ilə verməyi məsləhət bildiyindən dəftərxanaya verdiyini bildirmişdir. O, sual vermişdir ki, əgər orderi yox idisə iki dəfə onu bu işin istintaqı ilə bağlı niyə qəbul edib məlumat vermişlər və “Whatsapp” vasitəsi ilə istintaq sirrini niyə onunla paylaşmışlar. Bundan sonra vəsiqəsini tələb edib İstintaq Bölməsinin rəisinin qəbul otağına yaxınlaşacağını bildirmişdir. Elə bu məqsədlə otaqdan çıxıb qəbul otağına yaxınlaşdıqda otağa çatmamış arxasından bir polis serjantı yaxınlaşıb qolundan tutaraq pilləkana doğru dartıb, qolunu buraraq, başını aşağı əyməyə başlamış və dərhal xeyli sayda mülki və polis formasında olan əməkdaşlar tərəfindən çox kobud rəftara, qeyri-etik ifadələrə və fiziki zora məruz qalmışdır. Həmin vaxt onların qanunsuzluğuna etiraz edərək vəkil olduğunu, qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də onu zorla müstəntiqin otağına gətirib müdafiə etdiyi şəxsin yanında təhqir edərək "baxmaram vəkilsən zadsan, qoluna qandal vurub, arxandan bir təpiklə basaram qoduqluğa" deyərək (səhv etmirsə həmin şəxsə Niyaz müəllim deyə müraciət edirdilər) polis etikasından kənar ifadələr işlətmiş, onun hadisə barədə məlumat verməsini belə dinləmədən kobudluqlarını davam etdirmişlər. O isə bu qanunsuzluqlarla bağlı inzibati binadan çıxaraq telefonunu götürüb dərhal 102, 161 qaynar xətlərinə (təxminən 15:30 ərəfələrində) və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin müavini Şahmar müəllimə məlumat vermişdir. Bundan sonra dəfələrlə dəftərxanaya yaxınlaşmaq istədikdə onu inzibati binaya buraxmayıb saatlarla qapıda saxlatdıqdan sonra təxminən saat 17:00 radələrində onu inzibati binaya dəvət etmişlər. İnzibati binaya daxil olan kimi onu növbətçi hissədə bir mayor saxlayıb növbətçi hissənin içərisində olan dar və 4-5 nəfərin saxlandığı dəmir barmaqlıqlara salmağa çalışmışdır. O, buna etiraz etdikdə bu qədər qanunsuzluğa görə cavab verməli olduqlarını dedikdən sonra ona “rəisin göstərişidir, girməlisən” demişdir və o, müstəntiqin hərəkətlərini izah etdikdən sonra həmin mayor sanki onu başa düşmüş kimi həmin yerdən inzibati binanın həyətində olan çayxanada oturmağa məcbur etmiş, rəisin gəlməsini gözləməyini bildirmişdir. Bundan sonra saatlarla orada gözlədikdən sonra yenidən növbətçi hissəyə yaxınlaşdıqda Tural müəllimin gəlib gəlmədiyini soruşduqda gəldiyini bildirib onu Tural müəllimin otağına buraxmışlar. O, Tural müəllimin otağında olarkən Tural müəllim əvvəlki görüşlərdə onu necə mədəniyyətlə qəbul etmişdirsə eyni qaydada qəbul etmiş, müdafiə etdiyi tərəfin yanında orderi verməsini müstəntiqə xatırlatmış və əvvəlki kimi mədəniyyətlə istintaq hərəkətləri barədə məlumatlar verdikdən sonra müstəntiqə iradlarını bildirib, ifadələrdə dəyişiklik barədə göstəriş verdikdən sonra müstəntiqin otağında müstəntiq tərəfindən tərtib edilmiş sənədlərə müdafiə etdiyi tərəflə birlikdə müdafiəçi kimi imzalar atmışlar. İstintaq hərəkətləri bitdikdən sonra inzibati binadan ayrılaraq Bakıya doğru hərəkət etdikdən təxminən 15-20 dəqiqə sonra müdafiə etdiyi tərəfə müstəntiq zəng edərək hansısa sənəddə imzanın qalması adı ilə aldadaraq onları yenidən Şöbəyə dəvət etdikdə o, müdafiə etdiyi tərəfə müstəntiqin yalan dediyini, onun şikayətlərini geri götürmək üçün çağırdığını deyərək qayıtmamağı təklif etsə də o “qayıdaq, bəlkə həqiqətən sənəd imzalamalıyıq” demiş və geri qayıtmışlar. İnzibati binaya çatdıqda müdafiə etdiyi şəxsi tək qoymamaq üçün o da inzibati binaya daxil olduqda müstəntiq ona telefonu uzadaraq Tural müəllimin onunla danışmaq istədiyini bildirmişdir. O, telefonu aldıqda Tural müəllim ona şikayət etdiyinə görə rəisin göstərişinə görə onun barəsində protokol tərtib edilməli olduğunu, nəsə xırda bir şey yazaraq cəriməni də özləri ödəyəcəyini dedikdə o buna etiraz etmişdir. Bundan sonra saat 22:30-a qədər məşvərətləşmələr aparıb nəticədə müstəntiqin raport yazması və barəsində inzibati protokol tərtib edilməsi qərarına gəlmişlər və saatlarla həmin protokola görə saxlayıb izahatlarını alaraq barəsində protokol tərtib etdikdən sonra onları buraxmışlar. Həmin vaxt Şöbədən çıxan kimi (22:42) dərhal bu qanunsuzluqlar barədə təkrar 102 qaynar xəttinə şikayət edib olanları bildirərək həmin günün bütün videogörüntülərinin Şöbədən tələb edilərək şikayətinin düzgün araşdırılmasını xahiş edərək, bildirmişdir ki, əgər o, doğrudan da inzibati xəta törətmişdirsə onu əvvəl buraxıb, sonra yenidən çağırdıqdan sonra niyə protokol tərtib edilmişdir. Bu kimi qanunsuz və kobud hərəkətlər səbəbindən yazılı olaraq təkrar Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə, Vəkillər Kollegiyasına şikayətlərini bildirmişdir. Bununla yanaşı, bu ilin yanvar ayında orderi təqdim etdikdən sonra Emil Niyazovla dəfələrlə istintaqla bağlı danışmış, hətta “Whatsapp” tətbiqi vasitəsi ilə də yazışmış və istintaq barədə, işin ekspertizaya getməsi və s. barədə də xx.xx.2025-ci ildə səs göndərdiyi halda xx.xx.2025-də müstəntiqin qanunsuz hərəkətlər etməsi azmış kimi barəsində qanunsuz protokol yazılmasını da təmin etmişlər. Müstəntiq raportunda onu tanımadığını və guya inzibati binada səs-küy saldığını və orderini yox kimi qələmə vermiş və qanunsuz protokol yazılmasını təmin etmişdir. Orderi olmadığı halda isə xx.xx.2025-ci ildə ona istintaq sirlərini verdiyinə görə müstəntiqin cəzalandırılması da qaçılmaz olmalı idi ki, bu da təmin edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Şöbədən həmin günün videogörüntülərini də götürməklə işin hərtərəfli araşdırılması, ona qarşı qanunsuz yazılmış MN ******* nömrəli protokolun ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Bu barədə Daxili İşlər Nazirliyinə də şikayət etmişdir. Bütün bunların hamısı həmin protokolun əsassız və qanunsuz yazıldığını sübut edir. Bütün bu qanunsuzluqlara isə ədalətli şəkildə baxılıb qərar veriləcəyinə inanmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, barəsində Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X11 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qəbələ rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 izahat verərək bildirmişdir ki, qeyd olunan tarixdə o, istintaq əməliyyat qrupunun tərkibində, sahə rəisləri üçün ayrılmış otaqda əyləşən zaman səs-küy eşidib yuxarı qalxmış və görmüşdür ki, vətəndaşı sakitləşdirməyə çalışırlar. Vətəndaş “mən vəkiləm, bu nə hörmətsizlikdir?”, “Mən hər dəfə telefonla girmişəm, indi də telefonla girəcəm içəri, niyə telefonla girməməliyəm ki?” deyə sözlər işlətmişdir. Onlarda məxfi – 81 nömrəli göstəriş vardır ki, inzibati binaya daxil olduqda vətəndaşların telefonları götürülür. Məqsəd məxfilik və polis əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsidir. Səs-küy inzibati binanın 2-ci mərtəbəsində, pilləkanla rəisin otağının arasında baş vermişdir. Pənah Pənahov çox uca səslə qışqırmışdır. Onu sakitləşdirməyə çalışsa da sakitləşməmiş, qışqırmağa davam etmişdir. Polis əməkdaşları Xəyal Əliyev, Loğman Abdullayev, İdris və İsmayıl orada olmuşlar. Daha sonra Emil Niyazov vətəndaş barəsində inzibati qaydada protokol tərtib olunması üçün raportla müraciət etmişdir. O, raportla tanış olmuş, hadisənin də canlı şahidi olmuşdur. X7 və hüquqlarını müdafiə etdiyi şəxsin, polis əməkdaşlarının izahatlarını almışdır. Protokolu tərtib etdikdən sonra Pənah Pənahova gözləməsini bildirmiş, lakin Pənah Pənahov gözləməmişdir. Təhqirlə bağlı o, heç nə deyə bilmir, lakin səs-küy olmuşdur, söyüş-təhqir olmamışdır. O, Pənah Pənahovun qolundan kiminsə tutduğunu görmüş, lakin kimin tutduğunu bilməmişdir. Onlar məsələni aydınlaşdırmaq üçün Pənah Pənahovu sakitləşdirməyə çalışmışlar. Lakin kiminsə “səni filan yerə salarıq, baxmarıq vəkilsən” ifadəsini işlətdiyini eşitməmişdir. Pənah Pənahov təkidlə özünü otağa salmağa çalışmışdır. Əməkdaşlar hara getdiyini soruşduqda rəisin otağına getdiyini bildirmişdir. Əməkdaş isə icazəsiz gedə bilməyəcəyini bildirmiş, bu zaman Pənah Pənahov qışqırmağa başlamışdır. Buna görə də əməkdaşlar qolundan tutmuşlar ki, icazəsiz rəisin otağına girməsin. Bununla bağlı inzibati qaydada protokol tərtib etmiş, şöbə rəisi tərəfindən qərar qəbul olunmuş və vətəndaş 50 manat məbləğində cərimə edilmişdir. Bir ayın tamamında cərimə ödənilmədiyi üçün İcra və Probasiya Şöbəsinə yönləndirmişlər. Şöbədə kameralar çoxdur, lakin rəisin otağının qarşısında kamera yoxdur. Buna görə də hadisənin kamera görüntüləri mövcud deyil. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Qəbələ rayon Polis Şöbəsinin müstəntiqi X9 izahat verərək bildirmişdir ki, raportu o tərtib etmişdir. Pənah Pənahovu əvvəllər tanımamışdır. İcraatında olan cinayət işi ilə əlaqədar xx.xx.2025-ci il tarixində, saat təxminən 15:00 radələrində xidməti otaqda olmuşdur. xx.xx.2012-ci il tarixli, 81 saylı əmrə əsasən həm məxfiliyin qorunması, həm də əməkdaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı inzibati binaya daxil olan vətəndaşların telefonları içəri keçirilə bilməz. Zəruri hallarda polis əməkdaşlarına icazə verilir. Nəzarət buraxılış məntəqəsindən İsmayıl İsmayılovun və onun vəkilinin gəlməsi ilə bağlı zəng gəlmişdir. Otağına daxil olanda müdafiəçi telefonu niyə içəri buraxmadıqlarını soruşmuşdur. O, bu zaman təlimatı izah etmiş, vəkil isə bunun vətəndaşlara aid olduğunu demişdir. Pənah Pənahova telefonunu götürə bilməsini bildirsə də götürməmişdir. O, Pənah Pənahovdan özünü təqdim etməsini istəmişdir. Pənah Pənahov istintaqın rəisi Tural müəllimi soruşmuş, o da rəisin növbədən çıxdığını bildirmişdir. Ondan sonra səs-küy olmuşdur. Həmin gün şöbədə vətəndaşlar da olmuşdur. Hadisə günorta saat 15:00-dan sonra baş vermişdir. İstintaq hərəkətləri aparıldıqdan sonra o, heç kimə zəng etməmişdir. O, İsmayıla Pənahla bağlı zəng etməmişdir, başqa məsələ ilə bağlı zəng etmişdir. O, heç kimdən order istəməmişdir, Tural müəllim ona order verməmişdir. İstintaq hərəkətlərinin hamısı əvvəlcədən aparılmışdır. Pənah qışqıraraq şöbə rəisinin qəbuluna girəcəyini demişdir. O, iki dəqiqədən sonra səs-küyə çıxmışdır. O, serjantın Pənah Pənahovu tutaraq, niyə icazəsiz girdiyini soruşduğunu görmüşdür. Sakitləşdirmək üçün onun otağına gətirmişlər, həmin vaxt otaqda polis əməkdaşları olmuşdur, həmin əməkdaşların kimlər olduğu dəqiq yadında deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş - Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15 mart 2025-ci il tarixdə vətəndaş X2 rayon Polis Şöbəsinin inzibati binasında (ictimai yerdə) uca səslə danışaraq şöbənin normal iş fəaliyyətini pozmaqla ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq inzibati xətasını törətmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X7 Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və təhqir olunması xüsusatları təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından 25-3-2-2-431-0265 (30c-25) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X7 İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X7 barəsində Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Qəbələ rayon Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Qəbələ rayon Polis Şöbəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X7 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Qəbələ rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar