Məhkəmə qərarları › İş №3(007)-2275/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2275/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2275/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1, qərarından şikayət verilmiş – Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi X2 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi E.S.İslamov tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi E.S.İslamov tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 25 avqust 2021-ci il tarixdə saat 21:23 radələrində Nizami rayonu ərazisində fəaliyyət göstərən “Loft Lounge” adlı kafenin kabinetində dostları ilə yemək yediyi zaman (masa arxasında 5 nəfər əyləşmişlər, qanunla həmin masada 6 nəfərə icazə verilir) polis əməkdaşları içəri daxil olaraq özlərini təqdim edib Nizami rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib əsassız olaraq karantin qaydasının tələblərini pozduqlarını iddia edərək barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə qanunsuz olaraq EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər və həmin protokol əsasında barəsində EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Həmin qərarda onun hansı qaydada karantin qaydasının tələblərini pozduğu göstərilməmişdir. O, hal-hazıra kimi hansı inzibati xətanı törətdiyini bilmir. O, həmin vaxt polis əməkdaşlarının iddiası ilə razılaşmasa da mübahisə etməyin qanunsuz olduğunu düşünüb və sonradan məhkəmənin ədaləti nəticəsində hüquqlarının bərpa ediləcəyinə inandığı üçün protokola etiraz etməmişdir. Hazırki dövrədək barəsində karantin qaydalarının pozulması və digər səbəblərə görə heç bir zaman inzibati tənbeh tətbiq edilməmişdir. Hər zaman qanunların tələblərinə riayət etmişdir. Lakin, təəssüf ki, qeyd edilən inzibati tənbehlə hüquqları pozulmuşdur. AR Nazirlər Kabineti yanında Operativ Qərargahın 16 yanvar 2021-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən 2021-ci il 01 fevral saat 00.00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06:00-dan 00:00dək yerində xidmət göstərilməsinə icazə verilir. Eyni zamanda AR Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində dəfələrlə məlumat verilmişdir ki, bu kimi məkanlarda masa arxasında əyləşərək qida qəbulu zamanı tibbi maskadan da istifadə tələb edilmir. Polis əməkdaşları onlara yaxınlaşan zaman ara məsafəsi gözləməklə masa arxasında əyləşərək qida qəbul etmişlər. Buna baxmayaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru E.S.İslamov tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi X4 bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Loft Lounge” adlı kafe playstation kafe kimi fəaliyyət göstərir. Nazirlər Kabinetinin qərarına əsasən playstation kafelərin fəaliyyət göstərməsinə icazə verilmir. 25.08.2021-ci il tarixdə saat 21:22 radələrində keçirilən reyd zamanı “Loft Lounge” adlı kafenin icazə olmadığına baxmayaraq playstation kafe kimi fəaliyyət göstərdiyi aşkar olunmuşdur. Reyd zamanı X3 da daxil olmaqla 5 nəfərin kabinetdə bir masa arxasında əyləşərək oyun oynadıqları aşkar edilmişdir. Həmin kabinetlərin sahəsi çox az olduğundan masa ətrafında əyləşən 5 nəfərin arasında 1 metr məsafənin olması mümkün deyildir. Həmin gün kafenin rəhbərliyi və orada olan müştərilər də daxil olmaqla 13-14 nəfər inzibati məsuliyyətə cəlb edilərək barələrində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlar üzrə cərimələrin 70%-i ödənilmişdir. X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar qanuni və əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi E.S.İslamov tərəfindən tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə 12.09.2020-ci il tarixli, 336 nömrəli qərarının 1.1.8-ci bəndinə əsasən xüsusi karantin rejimi dövründə istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı müvafiq qərarlarına əsasən sözügedən 6 iyul 2020-ci il tarixli 237 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti uzadılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə inzibati icraatın başlanması, onun inzibati qaydada məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Məhkəmə işin faktiki hallarına və X1 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, A.V.İsmayılovun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi E.S.İslamov tərəfindən qəbul edilmiş 25.08.2021ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə rəisi E.S.İslamov tərəfindən qəbul edilmiş 25.08.2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar