Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2278/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil Morcu oğlunun iştirakları ilə, xx xxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi ev 49/39-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 07 sentyabr 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 07 sentyabr 2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə saat 14:30 radələrində əmisinə dərman almaq üçün bibisi oğlunun razılığı ilə ona məxsus “Daewoo” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək aptekə getmişdir. Tələsdiyi üçün yolda avtomobili sürətlə idarə etmişdir. N.Abdullayev küçəsində hərəkətdə olarkən mülki geyimli şəxslər avtomobili saxlaması üçün işarə vermişlər. Lakin o, həmin şəxsləri tanımadığı və polis əməkdaşları olduqlarını bilmədiyi üçün saxlamayaraq yoluna davam etmişdir. Bir az irəlilədikdən sonra həmin şəxslər onun qarşısını kəsərək saxlamış, onu avtomobildən düşürərək polis bölməsinə aparmışlar. Sonradan səhv etdiyini başa düşmüş, polis əməkdaşlarından üzrə istəmişdir, əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili X2 izahatında göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə saat 14:30 radələrində xidməti ərazidə olarkən Bakı şəhəri, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində qara rəngli “Daewoo Centra” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsini müşahidə edərək yaxınlaşıb özlərini təqdim etmiş və ona irad bildirmişlər. Lakin sürücü onların qanuni tələblərinə məhəl qoymamışdır. Xarici görünüşünə görə sürücünün yaşının az olduğu və avtomobilin sənədlərinin olmadığı onlarda şübhə oyatmışdır. Buna görə avtomobili saxlatmaq istəyəndə sürücü əmrə tabe olmayaraq avtomobili üzərlərinə sürüb qaçmışdır. Küçədə qarşıdan avtomobil gəldiyinə və küçə dar olduğuna görə sürücü avtomobili saxlamağa məcbur olmuşdur. Dərhal yaxınlaşıb sürücüyə özlərini təkrar təqdim etmiş və barəsində araşdırma aparılması üçün onu polis bölməsinə dəvət etmişlər. Lakin sürücü onların qanuni tələblərinə tabe olmayıb bölməyə getməyəcəyini demiş, hətta onları nalayiq ifadələrlə təhqir etmişdir. Buna görə həmin şəxsi məcburi qaydada polis bölməsinə aparmış, barəsində müvafiq tədbir görülməsi üçün raportla müraciət etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili X4 şahid R.M.Qəhrəmanovun izahatında göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı 07 sentyabr 2021-ci il tarixdə saat 14:50-də tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2278/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2278/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver