Məhkəmə qərarları › İş №3(007)-2279/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-2279/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-2279/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolu üzrə verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X6 İdarəsinin İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət və təqdim edilmiş sənədlər nəzərdən keçirilərək məhkəmə hesab edir ki, şikayətə əlavə edilmiş sənədlər natamamdır, ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə barəsində şikayət verilmiş inzibati xəta haqqında iş üzrə qərarın surəti iş materiallarına əlavə edilməmiş, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə sənədlər natamam olduğundan şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qərarın surətinin alınması üçün şikayətçinin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarların surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Şikayətçi özü qərarın surətinin alınması üçün həmin səlahiyyətli orqana müraciət etməli, qərarın surətini aldıqdan sonra, məhkəməyə həmin qərardan şikayət verə bilər. Əgər səlahiyyətli orqan qərarın surətinin şikayətçiyə verilməsindən imtina edərsə, şikayətçi yuxarı səlahiyyətli orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə tərəfindən şikayətçinin inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə inzibati iş üzrə baxış iclası təyin edilsə də, şikayətçi və inzibati tənbeh tətbiq edən orqanın nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, şikayətçi natamam sənədləri məhkəmə prosesində də təqdim etməkdən yayınmışdır. Bundan başqa, inzibati iş üzrə materiallardan görünür ki, inzibati xəta Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində baş vermişdir. İnzibati xətanın törədildiyi yer Nizami rayonu ərazisi olmadığından və şikayətçi şikayətə onun yaşadığı yer üzrə baxılması barədə vəsatətlə məhkəməyə müraciət etmədiyindən şikayət ərazi aidiyyəti üzrə yanlış rayon məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdə barəsində şikayət verilən qərar mövcud olmadığından, sənədlər natamam olduğundan və şikayət aidiyyəti üzrə yanlış məhkəməyə ünvanlandığından şikayət geri qaytarılmalı, şikayətçiyə qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqları aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməh hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim, Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar