Məhkəmə qərarları › İş №3(007)-228/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-228/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-228/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən, prokuror köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, 27 avqust 1983-cü il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonunun Aşağı Göynük kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, “Yeni Zığ” yaşayış kompleksi, ev 5, mənzil 40-da yaşayan, törətdiyi cinayət əməlinə görə barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 21 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 09 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Neon Palace” şadlıq sarayında “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22.06.2021-ci il tarixli 177 nömrəli qərarı ilə həmin restoranda epidemiya əleyhinə rejimin, sanitar gigiyena və karantin rejimin qaydalarının pozularaq 150 nəfərdən artıq, 210 nəfər qonağın iştirakı ilə toy şənliyinin keçirilməsi aşkar edilmişdir. Belə ki, cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 aya yaxındır ki, “Neon” restoranında inzibatçı vəzifəsində işləyir. Toylara və şənliklərə icazə verildiyi gündən onlar işlədikləri restoranda müəyyən toy və digər şənliklər təşkil etmişlər. İşlədiyi restoranın həyəti, yəni açıq hava hissəsi böyük olması səbəbi ilə onlar oranı iki yerə bölmüş və eyni zamanda iki müxtəlif məclislər təşkil etmişlər. Təxminən 10 gün əvvəl sonradan adının Akif olduğunu bildiyi şəxs restoranda ona yaxınlaşaraq qızına toy məclisi keçirtmək istəməsini ona bildirmişdir. Onunla şərtləri danışmış və onlar müəyyən məbləğə razılaşdıqdan sonra toyu 09 iyul 2021-ci il tarixinə təyin etmişlər. Bununla yanaşı 24 iyun 2021-ci il tarixdə adının Leyla olduğunu bildiyi şəxs restoranda olarkən ona yaxınlaşaraq 50-60 nəfər civarında qonağı ilə birlikdə özünə ad günü məclisi keçirtmək istəməsini bildirmişdir. 09 iyul 2021-ci il tarixdə məclis təşkil edilmişdir. Saat 19 radələrində 150 nəfər qonağın iştirakı ilə toy şənliyi başlamış, həmin toy məclisinin davam etdiyi həyətdə digər 60 nəfərlik ad günü şənliyi də baş tutmuşdur. Saat 20 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları restorana yaxınlaşaraq epidemiya rejimini pozmalarını onlara bildirmiş və onu PŞ-nə dəvət etmişlər. O, əlavə etmişdir ki, hər iki şənlik mərasimini özü təşkil etmişdir. Bundan başqa cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X7 bildirmişdir ki, təxminən 17 ilə yaxındır ki, “Neon” restoranında inzibatçı vəzifəsində işləyir. Onlar restoranın həyəti böyük olması səbəbi ilə həyəti iki yerə ayıraraq iki məclis təşkil edirmişlər. Həmin gün də inzibatçısı olduğu restoranın həyətinin bir hissəsində toy məclisi, bir hissəsində isə ad günü mərasimi keçirilmiş, həm toy, həm də ad günü məclisi açıq havada təşkil edilmişdir. 09 iyul 2021-ci il tarixdə inzibatçısı olduğu “Neon” restoranında toy və ad günü məclisi keçirilərkən Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları restorana daxil olaraq pandemiya rejiminin pozulmasını bildirmişlər və onu PŞ-nə dəvət etmişlər. Bundan başqa cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 09 iyul 2021-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati ərazisində xidmətdə olan zaman BBPİ-nin əməkdaşlarının çağırışı əsasında ünvan 2 ünvanında yerləşən “Neon Palace” restoranına getmişdir. Orada ona məlum olmuşdur ki, restoranın açıq hava zalında, yəni həyətində 210 nəfər şəxs vardır. Restoranın işçilərindən soruşan zaman təşkil edilmiş məclislərin ayrı-ayrı olması və toy məclisində 150 nəfər qonağın, ad günü məclisində isə 60 nəfərin olması müəyyən edilmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22 iyun 2021-ci il tarixli 177 nömrəli qərarının 2.5-3.1-ci maddəsində göstərilmişdir ki, şənlik mərasimlərində qonaqların sayı 150 (yüz əlli) nəfərdən çox olmamalıdır. Beləliklə müəyyən edilmişdir ki, “Neon” restoranında inzibatçı vəzifəsində işləyən Şəxs vəzifəli şəxs olaraq 09 iyul 2021-ci il tarixdə həmin restoranın məkanı sayılan həyətində 150 nəfərdən çox qonağın iştirakına yol verməklə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22 iyun 2021-ci il tarixli 177 nömrəli qərarının tələblərini pozmaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla əlaqədar, epidemiya əleyhinə rejimin, sanitar gigiyena və karantin rejimin qaydalarını pozduğuna görə “Neon” restoranının inzibatçısı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq, qərar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X4 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Nizami rayonu, M.Əliyev küçəsi 24/3 ünvanında yerləşən “Neon Palace” adlı restoranda inzibatçı vəzifəsində işləmişdir. 09 iyul 2021-ci il tarixdə Akif şəxsin sifarişi ilə toy məclisi təşkil etmişdir. Həmin gün eyni zamanda Leyla adlı şəxsin 50-60 nəfərdən ibarət qonağının iştirak etdiyi ad günü məslisi də keçirilmişdir. Hər iki məclis restoranın həyətində, açıq havada ayrı-ayrılıqda keçirilmişdir. Həmin vaxt 24-cü polis şöbəsinin əməkdaşları restorana daxil olub, onlara karantin rejiminin tələblərinin pozulduğunu bildirərək onu və digər iki restoran işçilərini polis şöbəsinə dəvət etmişlər. Restoranın həyəti geniş olmuş, qonaqlar qapalı məkanda oturmamışlar. Həm də məclislərin keçirilməsi nəticəsində yoluxma faktı qeydə alınmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq çəkir. Himayəsində iki azyaşlı uşağı vardır. Hazırda həbsdə olduğundan ailəsinə baxan yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: - 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, 09 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Xan bağı” restoranında epidemiya əleyhinə rejimin, sanitar gigiyena və karantin rejimin qaydalarının pozularaq 164 nəfər qonağın iştirakı ilə toy şənliyinin keçirilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət qanunvericiliyinə görə, konkret şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin dispozisiyasında göstərilən əməllərin törədilməsi yalnız onun yeni növ koronavirus (Covid- 19 PCR) infeksiyasının daşıyıcısı olduğu halda, həmçinin, sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri həmin xəstəliyə yoluxdura biləcəyi halda mümkündür. Cinayət işinin istintaqı zamanı Nizami rayonu, M.Əliyev küçəsində yerləşən “Neon Palace” restoranında 09 iyul 2021-ci il tarixdə təşkil edilmiş toy məclisində aktiv korona xəstəsi müəyyən edilmədiyindən və Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan edilməli olan şəxs müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsində cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinə xitam edilməsinin (cinayət təqibinin başlanmasının rədd edilməsinin) prosessual əsaslarını özündə əks etdirmişdir. Belə olan halda, cinayət hadisəsi olmadığına görə ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarının 2.5-3-cü bəndinə əsasən 2021-ci il 1 iyul tarixindən müvafiq tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Qərarın 2.5-3.1-ci bəndinə əsasən şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, habelə onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanıldığını nəzərə alaraq, İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar