Məhkəmə qərarları › İş №3(007)-2283/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2283/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2283/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 54, mənzil 88-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 04 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs, 06 sentyabr 2022-ci il tarixdə saat 14:06 radələrində ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinin yanındakı kafedən açıq havada qoyulmuş Zərərçəkmiş şəxs məxsus, içərisində 52 manat dəyərində 30 litr pivə olan 170 manat dəyərində pivə çəlləyini, 100 manat dəyərində reduktoru və 70 manat dəyərində aşağı reduktoru ilə birlikdə gizli yolla oğurlayıb özgəsinin əmlakını talamaqla, zərərçəkmiş şəxsə xırda talama yolu ilə ümumilikdə 392 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə günorta saatlarında C.Naxçıvanski küçəsi, 60 ünvanında yerləşən avtoyuma məntəqəsinin yanındakı kafedən pivə çəlləyi görmüş, pula ehtiyacı olduğuna görə onu özü ilə aparıb satmaq qərarına gəlmiş, bu məqsədlə pivə çəlləyini götürmüşdür, həmin vaxt ətrafda heç kim olmamışdır. Pivə çəlləyini Dərnəgül ərazisində tanımadığı şəxsə metal kimi 20 manata satmışdır. Pivə çəlləyi boş olmuşdur. Maddi imkanı olmadığına görə ziyanı indiyədək ödəyə bilməmişdir. Qeyd etdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 60 ünvanında yerləşən kafe ona məxsusdur və özü həmin kafeni işlədir. 06 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində işi olduğu üçün kafedən çıxıb getmiş, həmin gün saat 15 radələrində geri qayıtmış, pivə aparatının arxasına keçdikdə içərisində 30 litr pivə olan pivə çəlləyinin, pivə aparatının reduktorunun və aparatın aşağı reduktorunun yerində olmadığını görmüş, başa düşmüşdür ki, həmin şeylər oğurlanmışdır. Pivə çəlləyinin dəyəri 170 manat, 30 litr pivənin dəyəri 52 manat, reduktorun dəyəri 100 manat, aşağı reduktorun dəyəri 70 manat olmaqla, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 392 manat maddi zərər dəymişdir. Baş vermiş oğurluq videokamera ilə qeydə alınmış, o, həmin görüntüləri təqdim edərək şikayət vermiş, polislər tərəfindən aparılan araşdırma ilə oğurluğu edən şəxsin Şəxs olması müəyyən edilmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir, ona görə Şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Alayının Patrul bölüyünün polis nəfəri X5 izahatında göstərmişdir ki, 03 oktyabr 2022-ci il tarixdə saat 16:55 radələrində xidmətdə olduqları zaman 24-cü polis şöbəsinin əməliyyatçılarına kömək edərkən bir nəfər şübhəli şəxsi saxlayıb 24-cü polis şöbəsinə təmin etmişlər, araşdırma zamanı həmin şəxsin 06 sentyabr 2022-ci il tarixdə C.Naxçıvanski küçəsi, 60 ünvanında kafedən oğurluq etmiş Şəxs olması müəyyən edilmiş, o, izahatında həmin əməlini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlayaraq xırda talama törətmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞ-nə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəməmiş və onunla barışıq əldə etməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 3(007)-1427/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 30 gün müddətində inzibati həbs tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 03 oktyabr 2022-ci il tarixdə saat 18:30-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 03 oktyabr 2022-ci il saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar