Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2284/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 24 mart 2025ci il tarixli, EQ seriyalı, 26874813 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı X2 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermiş, məhkəmənin 13 may 2025-ci il tarixli qərardadı ilə qeyd olunan vəsatət təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 mart 2025-ci il tarixdə, saat 20:50 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Qara Qarayev prospekti “Dakar” dairəsi yaxınlığı “Xalqlar Dostluğu” mst istiqamətində “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1.5.9,5.10.1-5.10.3” maddəsinə əsasən protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1.5.9,5.10.1-5.10.3-ci maddəsinə əsasən nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə 100 manat inzibati cərirnə növündə inzibati məsuliyyətə cəlb edilmişdir. Nəzərə çatdırır ki, o, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübut edilməli və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. AR İXM-nin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmamışdır və 53.0.2-ci bəndinə əsasən inzibati xarakter daşımır, texniki xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən, 24 mart 2025-ci il tarixli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, 23 mart 2025-ci il tarixdə saat 20:50-də “Dakar” dairəsi yaxınlığında avtomobili ilə hərəkətdə olarkən 1.1 nişanlı xəttə daxil olaraq dairədən sağ dönmək istəmişdir. Lakin yanlış olaraq bu hərəkəti avtobus zolağına daxil olma kimi qiymətləndirilmişdir. Baş Dövlət Yol Polisi İdarəsində adını bilmədiyi mayor rütbəli əməkdaş ona bildirmişdir ki, 1.1 nişanlı xəttə daxil olduqdan sonra çıxmalı, svetofordan sonra sağa dönməlidir. İzah etmişdir ki, o, 1.1 nişanlı xəttə daxil olduqdan sonra 1.2 nişanlı xəttdir, orada düzünə hərəkət nəzərdə tutulmuşdur, oradan çıxmaq olmazdı. Həmçinin onun bu manevri həmin zolaqda hərəkət etməli olan nəqliyyat vasitələrinə mane olmamışdır. Bu qeyd etdiklərini təsdiq etmək üçün həmin yerdə videogörüntü də çəkmişdir. Lakin onun bu fikirlərinə əhəmiyyət verilməmiş, qərar ləğv edilməmişdir. İnzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə işin faktiki hallarını nəzərə almaqla həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 inzibati məsuliyyətə cəlb edilməsinə, onun 23 mart 2025-ci il tarixdə saat 20:50-də Bakı şəhəri Q.Qarayev prospekti, Dakar dairəsi yaxınlığı Xalqlar Dostluğu mst istiqaməti ünvanında “Toyota Prius (Hibrid) minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi”, nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi əsas olmuşdur. Halbuki, qərardan şikayət vermiş X1 məhkəmədə verdiyi izahat, təqdim etdiyi videogörüntülərlə müəyyən olunur ki, X2 ehtimal olunan inzibati xətanın qeydə alınması zamanı 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməmiş, sağa dönmək məqsədilə 1.1 yol nişanının təsir dairəsində həmin yola daxil olub hərəkətini davam etdirmişdir. X1 həmin hissədə qeyd olunan hərəkət zolağına daxil olması ilə həmin zolaqda hərəkətinə icazə verilən nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamış, orada dayanmamışdır. Ona görə məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar, eyni zamanda onun özü tərəfindən çəkilmiş videogörüntülər tədqiq edilmədən, yalnız ehtimallar əsasında o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, bununla da həmin qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün sübutları təqdim etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir, qərardan şikayət vermiş X1 məhkəmədə verdiyi izahatında göstərilənlərin araşdırılması da mühüm əhəmiyyət kəsb edir. Ona görə məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində və məhkəmədə izahatında irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 24 mart 2025-ci il tarixli, EQ seriyalı, 26874813 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, material üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 24 mart 2025-ci il tarixli, EQ seriyalı, 26874813 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, material üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2284/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2284/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver