Məhkəmə qərarları › İş №3(007)-2286/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2286/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2286/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin 31 mart 2025-ci il tarixli, EQ seriyalı, 27017926 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 10:36 radələrində idarə etdiyi 99BV496 dövlət qeydiyyat nişanlı “Nissan Sunny minik” markalı avtomobilini Bakı şəhərinin Nizami rayonu ərazisində Azər Manafov küçəsində yerləşən beş mərtəbəli, 16 saylı çoxmənzilli yaşayış binasının qarşısında, yəni Tofiq Abbasov küçəsi tərəfdən Qara Qarayev istiqamətinə irəliləyib yolayrıcını keçdikdən sonra yolun sağ tərəfində yol hərəkəti haqqında Qanunun tələblərinə uyğun olaraq Faxralı kafesinin yanında saxlamışdır. Bildirir ki, artıq on ildən artıq bir müddətdə həmin ərazidə avtomobini saxlayır. Bu müddət ərzində yol polisi əməkdaşları tərəfindən ona heç bir irad tutulmamış və heç bir cərimə yazılmamışdır. Bildirir ki, demək olar ki, hər gün həmin yolun hər iki tərəfində X5nin əməkdaşı planşetlə durma qaydalarını pozduğuna görə, “durmaq qadağandır” nişanı quraşdırılan tərəfdə, növbəti yolayrıcına qədər dayanmış və qaydaları pozmuş sürücülər barəsində planşetlə avtomobillərin şəklini çəkib məlumatları informasiya sisteminə göndərməsinin şahidi olurlar. Bir daha bildirir ki, xx.xx.2025-ci il tarixində saat 10:36-da radələrində idarə etdiyi 99BV496 dövlət qeydiyyat nişanlı “Nissan Sunny minik” markalı avtomobilini Bakı şəhərinin Nizami rayonu ərazisində Azər Manafov küçəsində yerləşən beş mərtəbəli 16 saylı çoxmənzilli yaşayış binasının qarşısında qanunun tələblərini pozmadan saxlayıb faktiki yaşadığı həmin binadakı mənzilinə getmişdir. Təxminən göstərilən tarixlərdəki vaxtlardan 30-40 dəqiqə sonra X5 tərəfindən guya yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar (durma qaydalarını pozmağa görə) ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinin pozulması adı altında xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ ********) tərtib edilmişdir. Bildirir ki, X5 tərəfindən onun adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ ********) qanunsuz və əsassızdır. Belə ki, “durmaq qadağandır” yol nişanı Azər Manafov küçəsi ilə Tofiq Abbasov küçəsinin kəsişdiyi yerdə Azər Manafov küçəsinin başlanğıcının sağ tərəfində quraşdırılmışdır. Həmin qadağanedici yol nişanının qüvvəsi növbəti yolayrıcına qədərdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 6-cı bəndinə əsasən, 3.28 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Mübahisəli yolayrıcının digər yola çıxışı var və fəaliyyətdədir. Eyni zamanda bildirir ki, xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ ********) qüsurla tərtib edilmişdir. Belə ki, qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və istifadə müddəti ilə əlaqədar məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətinə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Bildirir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərar (protokol nömrə EQ ********) ona 29 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasını istəyir. Göstərilənlərə əsasən, onun etibarnamə əsasında idarə etdiyi 99BV496 dövlət qeydiyyat nişanlı “Nissan Sunny minik” markalı avtomobil Bakı şəhəri Nizami rayonu Azər Manafov küçəsi ilə Tofiq Abbasov küçəsinin kəsişdiyi yerdə, Azər Manafov küçəsinin başlanğıcının sağ tərəfində quraşdırılmış “durmaq qadağandır ”yol nişanının təsir dairəsindən sonra, yəni yolayrıcını keçdikdən sonra durduğuna və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin X5 şöbəsinin yol-patrul xidməti baş inspektoru X2 izahatında göstərmişdir ki, sürücü X3 “durma dağandır” yol nişanının təsir dairəsində nəqliyyat vasitəsini saxlamış, bununla da həmin qaydaları pozmasına görə onun barəsində 31 mart 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Hesab edir ki, inzibati xətanın aşkar edilməsi zamanı qanunvericiliyin tələblərini pozmamışdır, şikayətdə göstərilənlərin əsası yoxdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakını nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin 31 mart 2025-ci il tarixli, EQ seriyalı, 27017926 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 31 mart 2025-ci il tarixdə “Nissan Sunny minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin tələbinə zidd qaydada saxlanılması faktı üzrə Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında vətəndaş X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə EQ 27017926 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ və İİİ hissələrinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Həmin Qanunun 64-cü maddəsinin Vİ bəndinə əsasən 3.28 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, X3 istifadəsində olan “Nissan Sunny minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “durma” üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni Nizami rayonu Azər Manafov küçəsində 31 mart 2025-ci il tarixdə saat 10:36-da durmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. İstinad olunan xəta Azərbaycan Respublikası DİN-in Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında qeydə alınmış və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Bu zaman nəzərə alınmalıdır ki, X1 özünün etiraf etdiyi kimi, o, avtomobilini Nizami rayonu Azər Manafov küçəsində yerləşən beşmərtəbəli 16 saylı çoxmənzilli yaşayış binasının qarşısında saxlayıb faktiki yaşadığı həmin binadakı mənzilinə getmiş, bundan təxminən 30-40 dəqiqə sonra barəsində elektron qərar tərtib edilmişdir. Halbuki, 3.28 yol nişanı “durmaq qadağandır” tələbini özündə əks etdirir, həmin nişanın təsir sahəsində dayanaraq sərnişinləri mindirməyə və ya düşürməyə, yaxud yüklərin yığılması və ya boşaldılmasına icazə verilir, avtomobili saxlayaraq, qısamüddətli olsa belə, hansısa bir iş üçün getməyə yol verilmir, qanunla qadağandır. 3.28 nişanının təsir sahəsində məhz adamların mindirilməsi və ya düşürülməsi, yaxud yüklərin yığılması və ya boşaldılması həyata keçirilməli, bunlar isə ən qısa zamanda baş verməlidir. Bununla da, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 31 mart 2025-ci il tarixli, EQ seriyalı, 27017926 nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin 31 mart 2025-ci il tarixli, EQ seriyalı, 27017926 nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar