Məhkəmə qərarları › İş №3(007)-229/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-229/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-229/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən, prokuror köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şirvan şəhəri, Xaqani küçəsi ev 11, mənzil 14-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, “Yeni Zığ” yaşayış kompleksi, ev 1, mənzil 28-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 21 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 09 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Xan bağı” restoranında “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarı ilə həmin restoranda epidemiya əleyhinə rejimin, sanitar gigiyena və karantin rejimin qaydalarının pozularaq 150 nəfərdən artıq, 164 nəfər qonağın iştirakı ilə toy şənliyinin keçirilməsi aşkar edilmişdir. Belə ki, cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, Nizami rayonu, Çobanzadə küçəsi, 2 ünvanında yerləşən “Xan Bağı” adlı restoranda inzibatçı vəzifəsində işləyir. 09 iyul 2021-ci il tarixdə Rizvan və adını bilmədiyi bir şəxsin sifarişi ilə toy məclisi təşkil etmişdir. Dəqiq tarixini bilmədiyi təxminən 2 ay əvvəl Rizvan adlı şəxs ona yaxınlaşaraq gələcəkdə toy məclislərinə icazə verilərsə övladına toy keçirtmək istəməsini bildirmişdir. Daha sonra 01 iyul 2021-ci il tarixdə toylara icazə verildikdən sonra o, Rizvan adlı şəxsin sifariş etdiyi toyu 09 iyul 2021-ci il tarixə təyin etmişdir. 09 iyul 2021-ci il tarixdə Rizvan adlı şəxsin qonaqları restoranın həyətində, açıq havada 92 və 72 nəfər olmaqla ayrı-ayrılıqda oturmuşlar. 09 iyul 2021-ci il tarixdə saat 19 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları restorana daxil olaraq onlara karantin rejiminin tələblərinin pozulduğunu bildirərək onu və digər iki restoran işçisini Nizami RPİ-nin 25-ci PŞ- nə dəvət etmişlər. Bundan başqa cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təxminən 2010-cu ildən bu günə qədər Nizami rayonu, Çobanzadə küçəsi, 2 ünvanında yerləşən “Xan Bağı” adlı restoranda inzibatçı vəzifəsində işləyir. 09 iyul 2021ci il tarixdə inzibatçı vəzifəsində işlədiyi “Xan Bağı” adlı restoranında olan digər inzibatçı Eldəniz, Rizvan və adını bilmədiyi bir şəxsin sifarişi ilə toy məclisi təşkil etmişdir. 09 iyul 2021-ci il tarixdə Rizvan adlı şəxsin qonaqları restoranın həyətində, açıq havada 92 və 72 nəfər olmaqla ayrı-ayrılıqda oturmuşlar. 09 iyul 2021-ci il tarixdə saat 19 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları restorana daxil olaraq onlara karantin rejiminin tələblərinin pozulduğunu bildirərək, onu və digər iki restoran işçisini Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Bundan əlavə cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, təxminən 2009-cu ildən bu günə qədər Nizami rayonu, Çobanzadə küçəsi, 2 ünvanında yerləşən “Xan Bağı” adlı restoranda inzibatçı vəzifəsində işləyir. 09 iyul 2021-ci il tarixdə inzibatçı vəzifəsində işlədiyi “Xan Bağı” adlı restoranında olan digər inzibatçı Eldəniz, Rizvan və adını bilmədiyi bir şəxsin sifarişi ilə toy məclisi təşkil etmişdir. 09 iyul 2021-ci il tarixdə Rizvan adlı şəxsin qonaqları restoranın həyətində açıq havada 92 və 72 nəfər olmaqla ayrı-ayrılıqda oturmuşlar. 09 iyul 2021-ci il tarixdə saat 19 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları restorana daxil olaraq onlara karantin rejiminin tələblərini pozmaqlarını bildirərək, onu və digər iki restoran işçisini Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Bundan əlavə cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş Mənsur Nəzərov ifadəsində göstərmişdir ki, o, Nizami RPİ-nin 25-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanıdır. 09 iyul 2021-ci il tarixdə Nizami rayon polis idarəsinin inzibati ərazisində xidmətdə olan zaman Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Xan bağı” restoranında toy məclisi olmasının şahidi olmuşdur. Məclisə daxil olaraq orada karantin rejimi üçün tətbiq olunmuş 150 nəfərlik say məhdudiyyətinin tətbiq olunması barədə restoran işçisindən məlumat almışdır. Restoranın işçisi onlara restoranın həyətində 2 toy məclisinin keçirildiyini bildirmişdir. Daha sonra isə onlara məlum olmuşdur ki, 2 ayrı məclidə ümumilikdə 164 nəfər qonaq olmuşdur. Birinci toy məclisində 92, ikinci toy məclisində isə 72 nəfər olmuşdur. Cinayət işi üzrə aparılmış istintaq zamanı şahid qismində dindirilmiş X8 Nəzərovun ifadəsini təsdiq edərək onun göstərdiklərini təsdiq etmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarının 2.5-3.1-ci maddəsində göstərilmişdir ki, şənlik mərasimlərində qonaqların sayı 150 (yüz əlli) nəfərdən çox olmamalıdır. Beləliklə, müəyyən edilmişdir ki, “Xan bağı” restoranında inzibatçı vəzifəsində işləyən Şəxs vəzifəli şəxs olaraq 09 iyul 2021-ci il tarixdə həmin restoranın məkanı sayılan həyətində 150 nəfərdən çox qonağın iştirakına yol verməklə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarının tələblərini pozmaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs epidemiya əleyhinə rejimin, sanitar gigiyena və karantin rejimin qaydalarını pozaraq, Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində həmin maddə ilə inzibati icraat başlanılmaqla baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Epidemiya əleyhinə rejimin, sanitar gigiyena və karantin rejimin qaydalarını pozduğuna görə “Xan bağı” restoranının inzibatçısı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati icraat başlanılması qərara alınmış, qərar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X5 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Xan Bağı” adlı restoranda inzibatçı vəzifəsində işləyir. 09 iyul 2021-ci il tarixdə Rizvan və adını bilmədiyi bir şəxsin sifarişi ilə toy məclisi təşkil etmişdir. Rizvanın qonaqları restoranın həyətində, açıq havada 92 və 72 nəfər olmaqla ayrı-ayrılıqda oturmuşlar. Həmin vaxt 25-ci polis şöbəsinin əməkdaşları restorana daxil olub, onlara karantin rejiminin tələblərinin pozulduğunu bildirərək onu və digər iki restoran işçisini polis şöbəsinə dəvət etmişlər. Restoranın həyəti geniş olmuşdur, o, həm də belə başa düşmüşdür ki, karantin rejimi ilə bağlı qadağa yalnız qapalı məkanlara aiddir. Həm də toy məclisi zamanı hər hansı yoluxma qeydə alınmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq çəkir, bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində 8 və 14 yaşlı iki uşağı vardır, onunla yaşayan atası xəstədir, həyat yoldaşı işləmir, ailədə yeganə işləyən şəxs özüdür. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: - 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, 09 iyul 2021-ci il tarixdə Nizami rayonu, Çobanzadə küçəsi, 2 ünvanda yerləşən “Xan bağı” restoranında epidemiya əleyhinə rejimin, sanitar gigiyena və karantin rejimin qaydalarının pozularaq 164 nəfər qonağın iştirakı ilə toy şənliyinin keçirilməsi ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - 08 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət qanunvericiliyinə görə, konkret şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin dispozisiyasında göstərilən əməllərin törədilməsi yalnız onun yeni növ koronavirus (Covid- 19 PCR) infeksiyasının daşıyıcısı olduğu halda, həmçinin, sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri həmin xəstəliyə yoluxdura biləcəyi halda mümkündür. Cinayət işinin istintaqı zamanı Nizami rayonu, Çobanzadə küçəində yerləşən “Xan Bağı” restoranında 09 iyul 2021-ci il tarixdə təşkil edilmiş toy məclisində aktiv korona xəstəsi müəyyən edilmədiyindən və Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan edilməli olan şəxs müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsində cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinə xitam edilməsinin (cinayət təqibinin başlanmasının rədd edilməsinin) prosessual əsaslarını özündə əks etdirmişdir. Belə olan halda, cinayət hadisəsi olmadığına görə ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 22 iyun tarixli 177 nömrəli Qərarının 2.5-3-cü bəndinə əsasən 2021-ci il 1 iyul tarixindən müvafiq tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Qərarın 2.5-3.1-ci bəndinə əsasən şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar