Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2290/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X2, zərərçəkmiş hüquqi şəxs-Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhəri, 1 May küçəsi, ev 38A-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, ev 10, mənzil 49-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 10 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 01 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Oba” marketdən müxtəlif vaxtlarda “Westgold” kərə yağları 7 ədəd oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, anası ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Rəhmətə gedən əmisinin yasında iştirak etmək üçün rayona getmək lazım olmuş, lakin pulu olmamışdır. 31 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Oba” marketə daxil olmuş, marketdəki soyuducudan 01 ədəd “Westgold” kərə yağı paçkasını götürmüş, gizlincə marketdən çıxaraq oradan getmiş, yağ paçkasını 10 manata satmışdır. Həmin marketdən o, başqa oğurluq etməmişdir, protokolda qeyd olunan digər yağ paçkalarını o, oğurlamamışdır. Marketdən 01 ədəd yağ paçkasını oğurladığına görə əməlindən səmimi peşmandır, həmin maddi ziyanı ödəmək istəyir. Qərar qəbul edərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs ünvan 1 ünvanında yerləşən “Oba” marketdən “Westgold” kərə yağları oğurlamışdır. O, marketdən yağ paçkalarını müxtəlif vaxtlarda oğurlamışdır. Bir görüntüdə həmin şəxs qeydə alınmışdır, müəyyən olunur ki, o, yağ paçkasını gizlədib aparır. Ümumiyyətlə, Şəxs “Oba”nın digər marketlərindən də oğurluq etmişdir. Marketdə bir müşahidə kamerası olur. Oğurluğa gələn şəxslərdən biri nəzarət edən şəxsin başını qatır, digəri isə bundan istifadə edərək talayır. Ona görə də videogörüntülər tam aydın qeydə alına bilmir. Şəxs marketə vurduğu maddi ziyanı ödəməmişdir, ödəsə belə, barışmaq fikirləri yoxdur, onun inzibati qaydada tənbeh və islah olunmasını istəyirlər. Şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Oba” marketdə işləyir. 01 sentyabr 2021-ci il tarixdə marketin müşahidə kameralarına baxış zamanı bir nəfər şəxsin 31 avqust 2021-ci il tarixdə marketdən “Westgold” kərə yağı paçkasını oğurlayıb apardığını müşahidə etmişlər. Marketdən daha əvvəl müxtəlif vaxtlarda həmin markalı 06 ədəd yağ paçkası oğurlandığından, belə qənaətə gəlmişlər ki, həmin oğurluqlar da sonuncu oğurluğu edən şəxs tərəfindən edilmişdir. Polis şöbəsində araşdırma zamanı oğurluq edən şəxsin Şəxs İbrahim oğlu olması müəyyən edilmişdir. Oğurluq zamanı marketə 112,70 manat maddi zuyan dəymişdir, lakin ziyanın əvəzi ödənilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞ-nə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İlk növbədə qeyd edilməlidir ki, Şəxs inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələbinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Lakin tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti düzgün göstərilməmiş, Şəxs oğurluğu “Oba merket”dən həm “01 sentyabr 2021-ci il tarixdə”, həm də “müxtəlif vaxtlarda” etdiyi qeyd edilmiş, müxtəlif vaxtlar dedikdə isə, bunun hansı zamanı əhatə etdiyi göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidin izahatı ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən marketdən oğurluq edilməsi 01 sentyabr 2021-ci il tarixdə müşahidə kameralarına baxış zamanı müəyyən edilmişdir və oğurluq 31 avqust 2021-ci il tarixdə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxsdən oğurluq 31 avqust 2021-ci il tarixdə edilmişdir və bu zaman yalnız 01 ədəd paçka yağ oğurlanmışdır. Buna dair kamera görüntüləri olsa da, sübut qismində götürülərək işə əlavə olunmamış, baxış keçirilərək protokol tərtib edilməmiş, məhkəməyə təqdim edilməmişdir. Digər 06 ədəd yağ paçkasının oğurlandığına və məhz Şəxs tərəfindən oğurlandığına dair sübutlar isə, mövcud deyildir. Marketin işçisi olan şahidin izahatında qeyd etdiyi kimi, marketdən daha əvvəl müxtəlif vaxtlarda eyni markalı 06 ədəd yağ paçkası oğurlandığından, belə qənaətə gəlmişlər ki, həmin oğurluqlar da sonuncu oğurluğu edən şəxs, yəni Şəxs tərəfindən edilmişdir. Bundan başqa, oğurlandığı qeyd edilən markada və çəkidə yağın qiyməti, talama zamanı hüquqi şəxs olan MMC-yə hansı məbləğdə maddi ziyan vurulması barədə rəsmi sənəd materiala əlavə edilməmiş, inzibati araşdırma zamanı hüquqi şəxs olan Zərərçəkmiş şəxs MMC hüquqi şəxs qismində iş üzrə zərərçəkmiş şəxs qismində cəlb edilməmiş, inzibati araşdırma hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılmamışdır. Oğurluq barədə müraciət edən və inzibati araşdırmada iştirak edən X5 isə belə səlahiyyətə malik olan şəxs olmamış, əməl nəticəsində ona maddi zərər vurulmamışdır. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xırda talama əməlini törətməkdə təqsirli olması sübuta yetirilməmiş, inzibati icraat zamanı çoxsaylı pozuntulara yol verilmişdir, ona görə də inzibati xəta hadisəsinin törədilməsini, inzibati xəta törətmiş şəxsi və inzibati xəta törətməkdə şəxsin təqsirini məhkəmə baxışında dəqiq müəyyən etmək mümkün olmamışdır. Protokol və digər sənədlər düzgün tərtib olunmamışdır, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, qeyd olunan məsələlər üzrə yenidən araşdırma aparılması üçün material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd olunan əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək yenidən araşdırma aparılmalı olduğunu, işin faktiki hallarını və İXM-nin 89-cu maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, 09 sentyabr 2021-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuş Şəxs tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılaraq əmələ hüquqi qiymət verilməsi məqsədilə material inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə göndərilsin. 09 sentyabr 2021-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuş Şəxs tutmadan azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2290/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2290/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver