Məhkəmə qərarları › İş №3(007)-2294/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2294/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2294/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Səmirə Tofiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-dən daxil olmuş 06 sentyabr 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini 21 iyul 2021-ci il tarixdə saat 21:5-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu 20 avqust 2021-ci il tarixdən 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin baş direktoru tərəfindən protokola dair yazılı izahat verilmiş, izahat onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal RPİ-nin DYP şöbəsində 06.09.2021-ci il tarixdə Şəxs MMC barəsində AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yasamal DYP-nin inzibati xəta haqqında protokolunu aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, Yasamal DYP şöbəsi 06.09.2021-ci il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu, inzibati xəta hadisəsi olmadığı halda tərtib etmişdir. Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri kimi müəyyən edilsə də, həmin iş üzrə Yasamal DYP-nin 06.09.2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunda bu vəzifələrə də əməl olunmamışdır. İşin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmək lazımdır. Belə ki, Şirkətin məsul şəxsi X3 mobil telefon nömrəsinə 03.09.2021-ci il tarixində saat 14:40-da Yasamal DYP-dən +994 70 *** ** ** nömrəsi vasitəsilə məlumat verilmişdir ki, Şirkətin mülkiyyətində olan H024729 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı nəqliyyat vasitəsilə 27.07.2021-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospekti 89 ünvanda Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan xəta törədilmişdir. Bildirirlər ki, inzibati xəta ilə əlaqədar Şirkətə və ya onun hər hansı məsul şəxsinə yuxarıda qeyd edilmiş tarixədək məlumat verilməmişdir. Məlumat daxil olan günü (03.09.2021-ci il) X6 Yasamal DYP-nə gedərək bütün tələb olunan məlumat (Şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında tam məlumat) Yasamal DYP-nin nümayəndəsi şifahi formada, 06.09.2021ci il tarixdə isə yazılı surətdə təqdim edilmişdir. Buna cavab olaraq, X4 əvvəl 03.09.2021-ci il tarixdə, daha sonra isə yazılı qaydada sorğuya cavab təqdim edilən zaman Yasamal DYP-nin həmin nümayəndəsi tərəfindən şifahi formada bildirilmişdir ki, Şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) verilməməsinə görə, Şirkət cərimələnəcəkdir və bununla bağlı artıq məhkəməyə müraciət edilmişdir. X6 isə həmin vəzifəli şəxsə bildirmişdir ki, məsələ ilə bağlı Şirkətə məlumat daxil olmamışdır və bu səbəbdən Şirkətin cərimələnməsi düzgün deyildir. Bakı şəhəri Nizami və Yasamal Rayon Məhkəmələrinin dəftərxanalarında 03.09.2021-ci il tarixli şifahi sorğularına cavab olaraq bildirilmişdir ki, həmin məhkəmələrdə Şirkətlə bağlı nəinki inzibati xəta ilə bağlı, ümumiyyətlə məhkəmə işi mövcud deyildir. Təəcüblüsü budur ki, Yasamal DYP-nin şifahi sorğusuna Şirkət tərəfindən yazılı cavab verildiyi gün, yəni 06.09.2021-ci il tarixdə Şirkətə AsanPay tərəfindən İXM-nin 346.1.-ci 347.-ci maddəsinə əsasən iki qərarsız statusla protokol barədə məlumat daxil olmuşdur. Hesab edirlər ki, İXM-nin 347.-ci maddəsinə əsasən tərtib edilmiş protokol Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tərtib edilmədiyinə görə qeyri-qanunidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, inzibati xəta haqqında sorğu onlara şifahi qaydada 03.09.2021-ci ildə daxil olmuşdur və Şirkət buna dərhal münasibət bildirərək, sorğuya lazımi qaydada tam şəkildə qanuna uyğun formada 06.09.2021-ci il tarixdə (sorğusu daxil olduğu vaxtdan 3 təqvim günü müddətində!) cavablandırılmışdır. Göründüyü kimi, nə Şirkətin, nə də ki onun vəzifəli şəxslərinin əməllərində inzibati xəta tərkibi mövcud deyil və bu səbəbdən hesab edirlər ki, Şirkət barəsində İXM-nin 347.-ci maddəsinə əsasən inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə olan halda inzibati xətanın törədilməsini və Şirkətin təqsirinin nə ilə sübuta yetirildiyi aydın deyildir. Eyni zamanda Şirkət tərəfindən Yasamal DYP-nə Şirkətin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə edən şəxslər haqqında məlumatın verilməsi barədə SFV 161/21 nömrəli 10.02.2021-ci il tarixli məktub göndərilmişdir. Həmin məktubda Şirkətə məxsus nəqliyyat vasitələrini idarə edən şəxslər (avtomobillərin təhkim edildiyi şəxslər) barədə əlaqə saxlamaq üçün məsul şəxs (X6) barədə və eyni zamanda, Şirkətin hazırkı poçt ünvanına (Azərbaycan Respublikası, ünvan 2air tam məlumat qeyd edilmişdir. Belə olan halda, inzibati xətanı törədən şəxs barədə protokolun tərtib edilməsində və qərarın qəbul edilməsində, həmçinin, Yasamal DYP-dən məlumatların çatdırılmasında hər hansı bir maneə olmamalıdır. Apellyasiya baxışı zamanı Şirkətin nümayəndəsi Şirkətdə işləyən işçilərin siyahısını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, Şirkətin X8 adında işçisi vardır, lakin poçt bildirişində olan imzası ona aid deyildir. Həmin şəxs gecə növbəsində çalışır. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən, Yasamal DYP nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatların təqdim edilməsi barədə sorğunu Şirkətə göndərilməsini poçt bildirişində 20 avqust 2021-ci il tarixində “Məmmədov E.” soyadlı şəxs tərəfindən imzalanması ilə əsaslandırır. Lakin, apellyasiya instansiyasında təqdim edilmiş sübutlarla Şirkət nümayəndəsi poçt bildirişinə imza etmiş “Məmmədov E.” soyadlı şəxsin Şirkətdə işləməməsini, onun Şirkətlə hər hansı hüquqi bağlılığının olmamasını sübut etmişdir. Belə ki, Şirkətin nümayəndəsi Şirkətdə işləyən işçilərin siyahısını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, Şirkətin X8 adında işçisi vardır, lakin poçt bildirişində olan imzası ona aid deyildir. Həmin adı çəkilən şəxsin gecə növbəsində çalışmasına dair əlavə sübutlar da təqdim edilmişdir. Şirkətə aid olmayan, onun işçisinin məsuliyyətinə səbəb olacaq cüzi cərimə məbləğinin (20 manat) ödənilməsindən boyun qaçırmaq məqsədilə Şirkət tərəfindən sorğunun cavablandırmaması haqqında iddia tam əsassızdır. Aydındır ki, buna zərurət yoxdur və Şirkət heç bir halda buna getməz, inzibati xəta törətmiş işçisini məsuliyyətdən boyun qaçırmasına şərait yaratmaz. Əksinə, yuxarıda qeyd edildiyi kimi, Şirkətə məlumat daxil olan kimi, Yasamal DYP-ya həmən anda nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat dərhal (06.09.2021-ci il tarixdə) verilmişdir. Əslində, yuxarıda qeyd edildiyi kimi, Yasamal DYP-da həmin nəqliyyat vasitəsini idarə edən şəxs barədə tam məlumat 10.02.2021-ci il tarixli məktubla daxil olmuşdur və müvafiq qaydada protokolun rəsmiləşdirilməsi rahat şəkildə həyata keçirilə bilərdi. Belə olan halda, həm Yasamal DYP, həmçinin Nizami Rayon Məhkəməsi sorğunun cavablandınlmamasını Şirkətin məsuliyyətsizliyində deyil, əksinə Yasamal DYP-ya daxil olan məktubların və həmçinin, Yasamal DYP tərəfindən ünvanlanan məktubların/sorğuların izlənilməməsində görmək lazımdır, çünki, ədalət naminə, şəxsin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı protokollar və qərarlar qəbul edilmədən öncə məktubları/sorğuları göndərdikdən sonra onların ünvan sahibinə çatıb-çatdırılmaması mütləq şəkildə müəyyən olunmalıdır. Bu səbəbdən bir daha tam məsuliyyətlə bəyan edirlər ki, Şirkətə Yasamal DYP-dən sorğu və bildirişlər daxil olmamışdır. Bakı şəhəri Yasamal RPİ-nin DYP şöbəsi tərəfindən 06.09.2021-ci il tarixdə Şəxs MMC-nin barəsində AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 yazılı izahatda göstərilənlərə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus “Chevrolet Cruze minik” markalı H024729 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 21 iyul 2021-ci il tarixdə saat 21:59-da Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, sözügedən sorğu 20.08.2021-ci il tarixdə "xxxx" tərəfindən alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, həmin sorğunun səlahiyyətli şəxs tərəfindən alınması, MMC-yə daxil olması öz təsdiqini tapmır. Poçt xəbərnaməsində qeyd edilən "xxxx" soyadlı şəxsin şəxsiyyəti və MMC-yə münasibətdə kimliyi və vəzifəsi araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC-də X8 ad-soyadlı şəxs işləsə də, o, MMC-də gözətçi işləməklə gecə növbəsində çalışır, xəbərnamədə olan imza isə ona məxsus deyildir. Ümumiyyətlə isə, belə naməlum şəxs İXM-nin 57.2-ci maddəsində nəzərdə tutulan hüquqi şəxsin müvafiq vəzifəli şəxsi hesab oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, poçt xəbərnaməsində göstərilən, kimliyi və vəzifəsi məlum olmayan "xxxx" soyadlı şəxs qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, Şəxs MMC 10 fevral 2021-ci il tarixli SFV 161/21 nömrəli məktubla Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə müraciət edərək MMCnin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri (o cümlədən “Chevrolet Cruze minik” markalı H024729 dövlət qeydiyyat nişanlı) və onların sürücüləri barədə məlumat verməklə, qeyd olunan nəqliyyat vasitələrinin iştirakı ilə gələcəkdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət nəzərdə tutan hər hansı inzibati xəta törədildikdə müvafiq şəxslər barəsində inzibati xəta haqqında icraat aparıldıqda həmin məlumatdan istifadə edilməsi xahiş edilmiş, digər zəruri məlumatlar, əlaqələr və məsul şəxs barədə göstərilmişdir. Lakin hazırkı iş üzrə mübahisələndirilən sorğunun verilməsi zamanı həmin hal, MMC-nin əvvəlcədən verdiyi rəsmi məlumat nəzərə alınmamış, zərurət olmadan sorğu verilmişdir ki, nəticədə yuxarıda qeyd edilən qaydada pozuntulara yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar