Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2294/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokuror köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1962-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 07 may 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) ünvan 2 ünvanında yerləşən mənzilini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2024-cü ilin may ayının 01-dən 2025-ci ilin may ayının 01-dək olan müddətdə X5 aylıq 90 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verib ümumilikdə 1080 manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs, X3 izahatları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron portalından çıxarış sənədləri ilə sübut olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, yaşadığı ünvan əvvəl rəsmi olaraq ünvan 38 olmuş, hazırda isə ünvan rəsmi olaraq ünvan 5. 2021-ci ilin iyul ayından X6 onun yaşadığı evin həyətində inşa etdiyi tikilidə aylıq 80 manat müqabilində kirayə qalır. Araşdırma zamanı izahatı alınmış X1 Anayət Nəbi qızı ilə oxşar məzmunlu izahat verərək 2021-ci ilin iyul ayından aylıq 90 manat kirayə haqqı ödəməklə Nizami rayonu, Şamlıq küçəsi, ev 56 ünvanında kirayədə qaldığını bildirmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron portalından çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçməmiş, vergi uçotuna alınmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb İXM-nin 99.1.1-ci maddəsinə əsasən araşdırma zamanı inzibati xəta hadisəsinin mövcudluğunu göstərən halın müstəntiq tərəfindən bilavasitə aşkar olunmasıdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını rədd edən halların olmamasıdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Material üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunu təmsil edən prokuror köməkçisi X7 qərarın dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, prokurorluqda araşdırma zamanı Şəxs onlara hər hansı sənəd təqdim etməmiş, hostel söhbəti olmamışdır. Vergi orqanının elektron saytından əldə edilmiş məlumata əsasən həmin şəxs vergi ödəyicisi kimi qeydə alınmamışdır. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, yaşadığı evin həyətində olan tikilidən hostel kimi istifadə etmiş, həmin tikilini də qanuni formada kirayəyə vermişdir. Onun VÖEN-i var və dövlətə vergi verir. Buna dair qəbzləri də vardır. Hazırda isə bu fəaliyyət növünü dayandırmışdır. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, 2021-ci ilin may ayından Şəxs məxsus olan Nizami rayonu, Şamlıq küçəsi, ev 56 ünvanında kirayədə qalmış, qaldığı günlərdə günü 2-3 manat arası ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun 07 may 2025-ci il tarixli qərarına görə, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas, fiziki şəxs Şəxs ünvan 2 ünvanında yerləşən mənzilini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2024-cü ilin may ayının 01-dən 2025-ci ilin may ayının 01-dək olan müddətdə X5 aylıq 90 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verib ümumilikdə 1080 manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsi, bununla da, Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını rədd edən halların olmaması olmuşdur. Halbuki, Şəxs məhkəməyə təqdim etdiyi vəsiqənin surəti ilə müəyyən olunmuşdur ki, o, Bakı şəhər Vergilər Departamentində vergi ödəyicilərinin dövlət reyestrində 20 oktyabr 2014-cü il tarixdə vergi uçotuna (********** nömrəli VÖEN) alınmışdır. Eyni zamanda, məhkəmənin sorğusuna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 13 iyun 2025-ci il tarixli, 3-21-2-1/2-9149/2025 nömrəli məktubla müəyyən edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində Şəxs (VÖEN **********) 20 oktyabr 2014-cü il tarixdə vergi uçotuna alınması və vəziyyətinin aktiv olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd”inə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Lakin Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs olaraq vəzifəli şəxs hesab edildiyi halda, o, fiziki şəxs kimi inzibati məsuliyyətə cəlb edilmiş, bununla yanaşı VÖEN əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və fəaliyyət sahəsi üzrə vergi borclarını ödədiyi halda o, əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İstinad olunan maddənin tələbinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, Şəxs münasibətdə belə hal müəyyən edilməmişdir, onun həmin inzibati xətanın törədilməsinə aidiyyəti olmamaqla təqsirliliyi sübuta yetirilməmişdir, Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, o, İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab edilə bilməz. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, onun həmin inzibati xəta törədilməsinə aidiyyəti olmamaqla təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-2294/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2294/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver