Məhkəmə qərarları › İş №3(007)-2298/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2298/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2298/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən fiziki şəxs Şəxs ünvan 2 ünvanında yerləşən mənzilini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2024-cü ilin mart ayının 03-dən 2025-ci ilin mart ayının 03-dək olan müddətdə Zərərçəkmiş şəxs aylıq 250 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verib ümumilikdə 3000 manat ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 bildirmişdir ki, fiziki şəxs Şəxs ünvan 2 ünvanında yerləşən mənzilini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 2024-cü ilin mart ayının 03-dən 2025-ci ilin mart ayının 03-dək olan müddətdə Zərərçəkmiş şəxs aylıq 250 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verib ümumilikdə 3000 manat ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, övladı hazırda yataq xəstəsidir, o, bununla əlaqədar olaraq 3 aydan bir və ya 6 aydan bir Türkiyə Respublikasında olur. Zərərçəkmiş şəxs şikayətində mənzildə bəzi yerlərdə 1 il, bəzi yerlərdə 3 il, bəzilərində isə 5 il yaşamasını qeyd etmişdir. Bu məsələ o, Türkiyədə olduğu zaman olmuşdur. Zərərçəkmiş şəxs mənzili kommunal xərcləri ödəmək şərtilə atası vermişdir. Həmin xanımla tanış olmuş, atasının dediyi kimi həmin xanımdan kommunal xidmətləri ödəməsini xahiş etmişdir. Mütəmadi olaraq Türkiyədə olduğu üçün xanımla əlaqəsinin olması, onunla görüşməsi mümkün olmamışdır. Müəyyən vaxtdan sonra həmin xanım kommunal ödənişləri ödəməkdən imtina etmişdir. Artıq mütəmadi olaraq dövlət orqanlarından kommunal ödənişlərin ödənilməsi ilə bağlı ona zənglər gəlməyə başlamışdır. O da məcbur qalıb ödənişləri öz cibindən ödəmişdir. Müəyyən vaxtdan sonra bu ödənişləri edə bilmədiyi üçün həmin xanımın evdən çıxmasını tələb etmişdir. Xanım əvvəlcə ödəniş edəcəyini bildirmiş, lakin sonradan bunu etməmiş, telefonda ona qarşı nalayiq sözlər işlətmişdir. O, dövlət orqanları vasitəsi ilə haqqını tələb etməyə başlamış, dəfələrlə yazılı və şifahi etiraz ərizələri yazmışdır. Daha sonra binanın sökülməsi ilə bağlı məsələ qalxdıqda həmin qadın ona bildirmişdir ki, mənzilə görə verilən pulu onunla yarı bölməlidir. Həmin müddətdə heç bir telefon əlaqəsi saxlamamış, şəxsi konflikt yaratmamışdır. Qarşısını kəsərək ondan pul tələb etməyə başladığı üçün məcbur qalıb yaxın qohumlarından 1500 manat borc pul alıb Zərərçəkmiş şəxs vermişdir və hələ də o borcu qaytara bilməmişdir. Onun həmin pulu ödəməyə imkanı çatmır. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati icraat açılması üçün Nizami rayon prokurorluğuna göndərilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin normanın tələbindən göründüyü kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 99.1-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Məcəllənin 99.3, 99.3.3-cü maddələrinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən əmlakın icarəyə verilməsindən gəlir aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 06 avqust 2002ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin müddəalarının tətbiqi zamanı vergi qanunvericiliyinin pozulması ilə əlaqədar eyni əmələ (hərəkətə və ya hərəkətsizliyə) görə yalnız bir dəfə Vergi Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətinə cəlb olunmasına yol verilir. Vergi Məcəlləsinin 49.6-cı maddəsinin müddəaları Vergi Məcəlləsində vergi pozuntularına görə məsuliyyət nəzərdə tutulmadığı hallarda tətbiq olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs ünvan 2 ünvanında yerləşən mənzilini Zərərçəkmiş şəxs kommunal xərcləri ödəmək şərtilə yaşamaq üçün vermişdir. Məhkəmə iclasında Şəxs ünvan 2 ünvanında yerləşən mənzilini Zərərçəkmiş şəxs aylıq 250 manat müqabilində aralarında olan şifahi razılığa əsasən kirayə müqaviləsi bağlamadan kirayəyə verməsi subuta yetirilmədi. Məhkəmə həmçinin qeyd edir ki, əmlakın kirayəyə və icarəyə verilməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar