Məhkəmə qərarları › İş №3(007)-2299/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2299/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2299/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 38, mənzil 29-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 05 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan aliment tutulması barədə qətnamə qanuni qüvvəyə minənədək 02 aprel 2020-ci il təvəllüdlü Nazlı adlı uşağın saxlanılması üçün 28 fevral 2022-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində müvəqqəti alimentin Məmmədova (Əliyeva) Günel İkram qızının xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(007)-1240/2022 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 1329 manat borcu tələbkara ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar və bildiriş poçt vasitəsi ilə borclunun ünvanına göndərilmişdir, lakin çatdırılma barədə məlumat yoxdur. Borclunun özü izahatında göstərmişdir ki, məhkəmə qərarından və icra sənədinin icraatda olmasından xəbəri olmamışdır. Borclu axtarışla tapılaraq hazırda icra şöbəsinə gətirilmişdir, hazırkı vaxta 1329 manat borcu vardır. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, qeydiyyatda olduğu ünvanda yaşayır, hər hansı poçt göndərişi gəldiyi halda alırlar. Lakin icra məmurunun icra sənədi üzrə icraata başlama qərarı və bildirişi ünvanlarına daxil olmamışdır. Hazırda ona bu barədə məlumdur, 10 gün müddət lazımdır ki, ilk olaraq 500 manat ödəsin, qalan borcunu da qısa müddətdə ödəyəcəkdir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Şəxs ona hazırda 1329 manat aliment borcu vardır, borclunun bu barədə məhkəmə qərarından xəbəri olmuşdur və ünvanlarına bildiriş getsə də, qəbul etməmişlər. Lakin borclu ödəniş etməyə söz verdiyinə görə ona 10 gün vaxt verilməsinə, işin icraatına xitam verilməsinə etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında verilən izahatlar və məhkəmə araşdırması zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, 20 aprel 2022-ci il tarixli 2(007)-1240/2022 nömrəli icra sənədi 27 aprel 2022-ci il tarixdə verilmiş, 29 aprel 2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icra tədbirləri zamanı borclu Şəxs yeri müəyyən edilmədiyindən 25 may 2022-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul olunaraq icra olunması üçün Nizami rayon polis idarəsinə göndərilmiş, 05 oktyabr 2022-ci il tarixdə onun yeri müəyyən edilərək icra şöbəsinə gətirilmiş, icraata başlama haqqında qərar və bildiriş həmin vaxt rəsmi qaydada borcluya təqdim olunmuş, icra sənədinə dair izahatı alınmış və dərhal da protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilmişdir. Buradan da görünür ki, borclunun 29 aprel 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək olan müddətdə icra sənədinin mövcudluğundan məlumatı olmamış, onun icra sənədinə münasibəti ilə bağlı izahatı alınmamış, icra sənədinin icrası təmin edilmədiyi halda məsuliyyəti barədə xəbərdar edilməmiş və bu kimi digər icra hərəkətləri həyata keçirilməmişdir. Eyni zamanda nəzərə alınmamışdır ki, borclu ona 10 gün müddət verildiyi halda ilkin olaraq 500 manat ödəyəcəyini bildirmişdir, hansı ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və bildirişi aldığı andan etibarən icra sənədini könüllü icra etmək üçün ona belə müddətin verilməsi zəruri idi. Lakin, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı halda, onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə olan halda, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir, o cümlədən borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, bunda qərəzli olması ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törətmiş şəxs müdafiəçidən imtina etdiyinə görə müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsi müzakirə edilmir, digər xərclər isə yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar