Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-2299/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X5 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş 22 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" MMC tərəfindən X3 istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməməsi ilə bağlı X6 Xidmətinin 07 fevral 2025-ci il tarixli, 3- 17-5/2-11525/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, X6 Xidməti tərəfindən aparılan tədbirlər zamanı əldə edilmiş məlumatlar əsasında Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanan bir sıra işçilərin qanunla müəyyən edilmiş qaydada istehsalatda bədbəxt hadisələr nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi müəyyən edilmişdir. Bu hüquqpozmaların aradan qaldırılması məqsədilə xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə icrası məcburi olan göstəriş göndərilmişdir. Lakin göstərişdə nəzərdə tutulmuş müddət ərzində hüquqpozma aradan qaldırılmamışdır. Bu səbəbdən də "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Şəxs MMC-nin nümayəndəsi X7 məhkəməyə etiraz ərizəsi göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən iş mövcuddur. Belə ki, barələrində tərtib olunan həmin protokolla qəti surətdə razı deyillər. Bununla əlaqədar təqdim etdikləri etiraz ərizələrində aşağıda sadalanan faktiki halları sübutlarla birlikdə məhkəmənin diqqətinə çatdırırlar. MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan hal cəmiyyət tərəfindən törədilməmişdir və baş verən halda Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsinə əsasən nə inzibati xəta hadisəsi, nə də hər hansı bir inzibati xəta tərkibi mövcuddur. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan X8 adlı əməkdaşlarının məlumatları İSB sistemində inteqrasiya olunmadığından, onun adı icbari sığorta üçün nəzərdə tutulmuş siyahıda əks olunmamış və bu səbəbdən də icbari sığorta prosesinin həyata keçirilməsi mümkün olmamışdır. Sözügedən bu texniki uyğunsuzluq həm cəmiyyətin, həm də "xxxx" ASC-nin iradəsindən kənar səbəblərlə baş vermişdir. Bu hüquqi faktı sübut edən "xxxx" ASC-nin cəmiyyətə ünvanladığı xx.xx.2025-ci il tarixli, O-H-2025-0264 saylı müraciət məktubu da hazırki etiraz ərizəsinə qoşma kimi əlavə olunmuşdur. Bundan əlavə baş verən halın inzibati xəta hadisəsi deyil, məhz texniki uyğunsuzluq olmasını sübut edən digər bir mötəbər sübut da hazırki etiraz ərizəsinə qoşma kimi əlavə olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən mövcud hal ilə bağlı vəzifəli şəxs barədə qəbul edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarıdır ki, həmin qərar da müvafiq dövlət qurumu tərəfindən cəmiyyətə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-44457/2025 saylı müşayiət məktubu ilə ünvanlanmışdır. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən cəmiyyətin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin təsir dairəsinə düşən hər hansı bir inzibati xəta hadisəsinin olması faktının öz hüquqi təsdiqini tapmaması bir daha ona dəlalət edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinin tələbi üzrə məhkəmə tərəfindən həmin məcəllənin 105.1-ci maddəsi rəhbər tutularaq Şəxs MMC barəsində aparılan inzibati xətaya dair icraata mütləq qaydada xitam verilməlidir. Məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən “X1” MMC barəsində qəbul edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7 etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - 07 fevral 2025-ci il tarixli, 3-17-5/2-11525/2025 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, “Əmək və məşğulluq altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması hallarının aşkar edildiyi qeyd edilmiş və 20 gün ərzində işçilərin icbari sığortalanmasının təmin edilməsi barədə göstəriş verilmişdir - "xxxx" ASC tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X8 adlı əməkdaşın məlumatları İSB sisteminə inteqrasiya olunmadığından onun adı icbari sığorta üçün nəzərdə tutulmuş siyahıda əks olunmamış və bu səbəbdən icbari sığorta prosesinin həyata keçirilməsi mümkün olmamışdır. Sözügedən texniki uyğunsuzluq "xxxx" MMC və Atəşgah sığorta ASC-nin iradəsindən kənar səbəblərlə baş vermişdir. Qeyd olunan bütün texniki uyğunsuzluqlar aradan qaldırılmışdır. Qeyd olunan hal texniki səbəblərdən baş verdiyindən nə Şəxs MMC-nin, nə də "xxxx" ASC-nin hər hansı bir səhlənkarlıq və ya məsuliyyəti olmamışdır. - inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin baş direktoru X4 tərəfindən X3 istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X6 Xidmətinin 07 fevral 2025-ci il tarixli, 3-17- 5/2-11525/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməməsinə görə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1., 8.1-1, 8.1-2 və 8.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8 adlı işçinin məlumatları İcbari Sığorta Bürosu sistemində inteqrasiya olunmadığından, onun adı icbari sığorta üçün nəzərdə tutulmuş siyahıda əks olunmamış və bu səbəbdən də icbari sığorta prosesinin həyata keçirilməsi mümkün olmamışdır. Sözügedən bu texniki uyğunsuzluq Şəxs MMC-nin təqsiri səbəbindən baş verməmiş, MMC-nin iradəsindən kənar səbəblərlə baş vermişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən mövcud hal ilə bağlı vəzifəli şəxs barədə qəbul edilən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-2299/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-2299/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver